“Bu, Azərbaycanın və şəxsən cənab Prezidentimizin uğurudur” ÖZƏL-AÇIQLAMA

17 Oktyabr 2018 15:53 (UTC+04:00)

“Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın bir il ərzində 35-ci yerdən 31-ci yerə yüksəlməsi ölkəmizin böyük bir uğurudur. Adətən bu siyahıda bir pillə irəliləməyin özü böyük bir inkişaf göstəricisi sayılır. Amma Azərbaycanda düşünülmüş daxili və xarici siyasət nəticəsində ölkəmiz bu mötəbər siyahıda artıq 31-ci yerə çıxıb. Bu onu göstərir ki, Azərbaycan təbii sərvətlərindən çox səmərəli istifadə edir, qeyri-neft sektorunun inkişafına böyük diqqət edir, eləcə də aqrar sektorun müasir inkişafı üçün ciddi səylər göstərilir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, bu gün inkişafın bir Azərbaycan modeli yaranıb: “Bu cənab Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu bir nəticəsidir. Azərbaycan diqqəti cəlb edən, bu gün öz təcrübəsini dünyaya yaymağa layiq olan bir ölkə səviyyəsinə gəlib çatıb. Azərbaycanın modernləşməsi üzərində böyük işlər aparılır. İqtisadi sahədəki bu uğur təkcə iqtisadi siyasətin deyil, ümumilikdə dövlətçilik siyasətinin bariz nümunəsidir. Baxmayaraq ki, bizim torpaqlarımızın bir hissəsi Ermənistan tərəfindən işğaldadır, biz orduya və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsinə böyük vəsait ayırmalıyıq ancaq bununla belə bu nəticə göstərir ki, dövlət öz strateji xəttini düzgün qurduqda, öz potensialını düzgün payladıqda, ən əsası isə daxili və xarici siyasəti müstəqil apardıqda belə böyük uğurlar qazana bilir. Bu Azərbaycanın və şəxsən cənab Prezidentimizin uğurudur”.