Zaqatalada küçə ticarəti baş alıb gedir

16 Dekabr 2010 20:52 (UTC+04:00)

Zaqatala Azərbaycanın dilbər guşələrindəndir. Turizm üçün əlverişli rayon olduğu üçün bu sahədə də bir sıra tədbirlər görülüb. Son illər aparılan tikinti-quruculuq və abadlıq işlərində süstləşmə nəzərə çarpsada, buna baxmayaraq Zaqatala öz gözəlliyi ilə həmişə turistləri cəlb edib. Lakin turistlərin həmişə ziyarət etdiyi şəhərdə xöşagəlməyən hallar da az deyil. Bunlardan ən qabarıq görsənəni şəhərin küçələrindəki mağazaların qarşısındakı səliqəsizlik, özbaşınalıqdır.

Belə ki, mağazaların qarşısından keçən, piyadalar üçün nəzərdə tutulan yola hər hansı bir ərzaq və ya qeyri-ərzaq məhsullarının dözülməsi hərəkəti çətinləşdirməklə yanaşı, həm də gigiyena qaydalarına ziddir. Şəhərə gələn hər bir əcnəbi bunu görür və çox güman ki, qayda-qanunun, səliqə-səhmanın yalnız paytaxt üçün keçərli olduğunu düşünür.

Mağaza sahiblərinin sözlərinə görə, əgər malları çölə, yəni mağazanın qarşısına, küçənin ortasına, "ayaqaltına" qoymursansa müştərini özünə cəlb edə bilmirsən. Bəzi sahibkarlar mağazanın qarşısına, küçəyə mal yığmanın tərəfdarı olmadığını söyləyirlər: "Tək bizimlə iş bitmir, qanun hamı üçün bir olmalıdır. İcra Hakimiyyəti lazım olanda tapşırıq verir və heç kim küçəyə məhsul düzmür, ancaq nədənsə bu istək bir həftəlik olur".