"Ermənistanda baş verən hadisələr Azərbaycanın xeyrinədir" ÖZƏL-MÖVQE

16 Oktyabr 2018 14:40 (UTC+04:00)

“Ermənistan baş naziri Nikol Paşinyan əgər istefa verərsə, onun hakimiyyətdə qalması və onun tərəfdarlarının parlament seçkilərində çoxluq qazanması şübhə altındadır. Çünki qısa müddətdə də olsa o nəsə bir yenilik etməli idi və dəyişiklik olmalı idi. Amma heç bir dəyişiklik olmadı. Sosial problemlər qalmaqda davam edir və xalqın güzəranı gündən-günə pisləşir”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətdə qalmaq istəsə gərək istefa verməsin və digər sələfləri kimi zor gücünə hakimiyyətdə qalsın: “Amma bütün hallarda onu istefası və dekabrda Ermənistanda keçiriləcək parlament seçkiləri birmənalı qarşılanmır. Artıq Rusiyaya qarşı da bir sıra addımlar atılmaqdadır. Hansı ki, Ermənistanın Rusiyanın forpostu olan ölkədir.

Məsələn, Rus dram teatrının bağlanması məsələsi qoyulub ki, bu da birbaşa rəsmi Moskvaya qarşı atılan addımdır. Ona görə də Rusiyanın sakit davranmağına baxmayaraq Paşinyan rejiminin qərblə əlaqələrinin olması, hətta Avropa Birliyinin ona 260 milyon yevro (euro) verəcəyini vəd etməsi və bunların da onların diqtəsi ilə işləməyə məcbur olması və s. onu göstərir ki, Rusiya üçün Paşinyan rejimi arzuolunan deyil. Ona görə də Paşinyanın istefasından sonra Rusiya çalışacaq ki, orada özünəuyğun adamları hakimiyyətə gətirsin. Bütün hallarda düşmən ölkədə baş verən bu cür hadisələr Azərbaycanın xeyrinədir. Rusiya artıq sürüşkən bir dövlətin, xalqın arxasında dayanmağı lazım bilməyə də bilər. Düşünürəm ki, dekabr seçkilərindən sonra kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq Ermənistan sürətlə zəifləyəcək. Çünki bu xalq artıq küçələrə öyrəşib”.