Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin yeni uğuru FOTOLAR

15 Oktyabr 2018 16:46 (UTC+04:00)

Litva Respublikasının Vilnüs şəhərində gənclər arasında növbəti "World Harmony" beynəlxalq müsabiqəsi keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, nazirliyin müvafiq əmri ilə təsdiq edilmiş “Uşaq musiqi və incəsənət məktəblərində simli nəfəsli və zərb alətləri üzrə tədrisin inkişaf etdirilməsinə dair Proqram (2016-2020-ci illər)”ın müddəalarına uyğun olaraq xarici ölkələrdə keçirilən müsabiqələrdə istedadlı uşaq və gənclərin iştiraklarının təmin edilməsi məqsədilə sözügedən müsabiqədə ölkəmizi nazirliyin maliyyə və təşkilatı dəstəyi ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Zakir Allahverdili (qoboy) və Nuray Seyid (violin) təmsil edib.

Müsabiqənin təntənəli açılışı mərasimində Azərbaycan Respublikasının Litva Respublikasindaki səfirliyinin əməkdaşı Samir Musayev çıxış edərək gənclərimizə uğurlar arzulamış və onlara dəstək olduqlarını bildirib.

Müsabiqənin beynəlxalq münsiflər heyətində Əməkdar artist Əziz Qarayusifli və Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının professoru Hökümə Əliyeva da təmsil olunub.

Azərbaycan, Çin, Gürcüstan, Latviya, Litva respublikasından 46 iştirakçı müsabiqədə fortepiano, vokal, simli və nəfəs alətləri nominasiyalarında mübarizə aparıb. Zakir Allahverdili münsiflər heyətinin yekdil qərarı ilə nəfəsli alətlər nominasiyasında Qran Pri mükafatına, Nuray Seyid isə simli alətlər nominasiyasında birinci dərəcəli diploma layiq görülüb, bundan başqa "World Harmony" müsabiqəsinin təşkilat komitəsi tərəfindən Qran Pri mükafatçısı Z. Allahverdilinin 2019-cu ildə Antalya şəhərində keçiriləcək beynəlxalq musiqi müsabiqəsində iştirakı üçün qrant ayrılıb.