AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən Fəxri adlar və "Tərəqqi" medalına layiq görülmüş muzeyin əməkdaşlarının təltif olunması və muzeyə daxil olan yeni eksponatların təqdimat mərasimi keçirilib.
SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə muzeyin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov açaraq muzeyin yaranma tarixi haqda ətraflı məlumat verdi. O, muzeyin 70 illik yubileyinin ölkə səviyyəsində yüksək təntənə ilə qeyd olunduğunu, ölkə Prezidentinin imzaladığı 26 noyabr 2010-cu il tarixli sərəncamlara əsasən muzeyin bir sıra əməkdaşlarının Fəxri adlar və "Tərəqqi" medalı ilə təltif olunduğunu, yubileylə bağlı bir sıra konfransların keçirildiyini bildirdi.
R.Hüseynov Azərbaycan xalqının ədəbi-mədəni irsinin qorunması, tədqiqi və təbliği işində xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmiş muzeyin əməkdaşları İlqar Hacıyev, Səmayə Mövlayeva və Kübra Şamilova, "Əməkdar Rəssam" adına layiq görülmüş Şatikov Stanislav Afanasyeviç və "Əməkdar Mədəniyyət İşçisi" adına layiq görülmüş Tomris Babanlı, Sədaqət Hüseynova və İradə Mahmudovanı təbrik etdi. Sonra o, yubileylərinə görə AMEA RH-ın Fəxri Fərmanı ilə təltif edilmiş filologiya elmləri doktoru Kamil Allahyarov, filologiya elmləri doktoru Xatirə Bəşirli, Gülzar Məmmədova, Kəmalə Zeynalova, Sara Hüseynova, Aygün Şəfiyeva, Rasimə Məlikova, Kübra Mahmudova və Şölə İsmayılovanı təbrik etdi.
Təltif olunmuş mükafatların AMEA RH-ın toplantısında təqdim ediləcəyini söyləyən R.Hüseynov muzeyin 70 illik yubileyi ilə əlaqədar bir sıra əməkdaşları isə muzeyin Fəxri Fərmanı ilə təltif etdi.
R.Hüseynov muzeyin kollektivi tərəfindən ölkə Prezidenti İlham Əliyevə göstərdiyi böyük diqqət və qayğıya görə ünvanlanmış minnətdarlıq məktubunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Tədbirin sonunda muzeyin direktoru 2011-ci ilin yaz aylarında muzeydə "Azərbaycan xalq oyunları mədəniyyəti: klassiklik və müasirlik" mövzusunda keçiriləcək beynəlxalq konfrans haqda məlumat verdi.