Bu günlərdə Tbilisi şəhərində Gürcüstanın Elm və Təhsil Nazirliyi tərəfindən "Milli kurikulum və qiymətləndirmə fəaliyyəti–2010" mövzusunda beynəlxalq konfrans keçirilib.
Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin konfrans iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb.
Gürcüstan Milli Kurikulum və Qiymətləndirmə Mərkəzinin direktoru Natiya Cokadze rəhbərlik etdiyi təşkilatın strukturu və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib. O, qeyd edib ki, Milli Kurikulum və Qiymətləndirmə Mərkəzinin fəaliyyət dairəsinə kirikulumların hazırlanması, sınaqdan keçirilməsi və tətbiqi, eləcə də ümumtəhsil məktəblərində tədris-təlimin qiymətləndirilməsi sisteminin yaradılması, milli və digər səviyyələrdə qiymətləndirmələrin həyata keçirilməsi daxildir.
Natiya Cokadze "Milli kurikulumun hazırlanması, sınaqdan keçirilməsi, tətbiqinin dəstəklənməsi və fasiləsiz inkişaf" mövzusunda ətraflı danışıb, orta ümumi təhsil pilləsində tədris edilən fənlər, onlara ayrılmış saatlar, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün görülmüş işlər barədə fikirlərini bildirib.
Milli Kurikulum və Qiymətləndirmə Mərkəzinin direktor müavini Zea Paiçadze "Milli Kurikulum və Qiymətləndirmə Mərkəzində layihələr və proqramlar" mövzusunda, Riyaziyyat, elm və texnologiyalar şöbəsinin müdiri Yekaterina Slavinskaya "Riyaziyyat, təbiət fənləri və İKT-nin məzmununda dəyişikliklər" mövzusunda, Humanitar və ictimai elmlər şöbəsinin müdiri Tamar Cakeli "Çoxdilli təhsil" mövzusunda fikirlərini bildiriblər.
Niderlandın Təhsilin qiymətləndirilməsi üzrə CİTO Beynəlxalq Qiymətləndirmə İnstitutunun rəhbəri Henk Moelands, CİTO Beynəlxalq Qiymətləndirmə İnstitutunun əməkdaşı Frans Kleyntces təqdimat-məruzələrində qiymətləndirmə nəticələrinin tədqiq edilməsinin nəzəri əsasları və qiymətləndirmənin həyata keçirilməsində Psixometrik nəzəriyyənin əhəmiyyəti məsələlərindən bəhs ediblər.
Konfransda iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanova yerli televiziyaya müsahibə verib, gürcüstanlı həmkarlarının kurikulum islahatı sahəsində əldə etdikləri təcrübəni yüksək dəyərləndirib, tədbiri müxtəlif ölkələrdən kurikulum və qiymətləndirmə üzrə mütəxəssislərinin təcrübə mübadiləsi üçün uğurlu bir fürsət kimi səciyyələndirib.