Yasamal rayonunda aparılan qazlaşdırılma işləri davam edir

15 Dekabr 2010 19:27 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi "2009-2013-cü illər Regionların Sosial-iqtisadi İnkişaf Dövlət Proqramı" çərçivəsində respublikanın hər yerində qaz təchizatının yaxşılaşdırılması, əhalinin "mavi yanacaq"la itkisiz, fasiləsiz və keyfiyyətli təminatı məqsədi ilə mühüm işlər görür, yeni qaz kəmərlərinin çəkilişi, istismara yarasız qaz xətlərinin dəyişdirilməsi, eləcə də qaz kəmərlərinin və qaz sayğaclarının fərdi həyətlərdən kənara çıxarılması istiqamətində fəaliyyətini genişləndirir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, birliyin bu istiqamətdə həyata keçirdiyi proqrama əsasən ölkənin qaz təchizatı sistemində mövcud olan problemlər həllini tapmaqdadır. Bu tədbirlər Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə xüsusilə sürətlənib. Paytaxtın Yasamal rayonunun 1-ci Alatava qəsəbəsində yerləşən daşıyıcı qaz kəmərlərinin və küçə qaz xəttlərinin yenidən qurulması ilə əlaqədar 3777 metr uzunluğunda müxtəlif diametrli yeni aşağı təzyiqli küçə xətləri çəkilib, həyətlərdən qaz sayğacları küçəyə çıxarılıb. Bu istiqamətdə işlər davam etdirilir.

2-ci Alatava qəsəbəsində yerləşən magistral daşıyıcı qaz kəmərlərinin və küçə qaz xətlərinin təmiri ilə bağlı müxtəlif diametrli 2109 metr uzunluğunda yeni aşağı təzyiqli qaz xətləri çəkilib, müasir tipli 1 ədəd qaztənzimləyici şkaf və 4 ədəd siyirtmə quraşdırılıb. Rayonun Şərifzadə küçəsindəki həyət evlərində qaz itkisinin qarşısını almaq məqsədi ilə 7 min metrdən artıq müxtəlif diametrli yeni qaz xəttləri çəkilib, 7 ədəd siyirtmə quraşdırılıb. Qanlı gölün cənub-qərbində məskunlaşan Cəbrayıl rayonundan olan məcburi köçkünlərinin fərdi qaz sayğacları ilə təmin edilməsi üçün Birliyin Təmir Tikinti İdarəsi tərəfindən müxtəlif diametrli 1274 metr uzunluğunda yeni qaz kəməri çəkilib. Xarici Dairəvi yolun alt hissəsində yerləşən Qanlı gölün şərq hissəsində isə abonentlərin qaz təchizatının yaxşılaşdırlıması və fərdi qaz sayğacları ilə təmin edilməsi məqsədi ilə ümumi uzunluğu 3760 metr olan qaz xətləri inşa olunub və istifadəyə verilib. Eyni zamanda, rayonun Z. Əhmədbəyov küçəsində aparılan rekonstruksiya işlərilə bağlı qaz təsərrüfatında da müvafiq tədbirlər görülüb.

Burada yerin altı ilə 722 metr uzunluğunda orta təzyiqli, 543 metr uzunluğunda aşağı təzyiqli qaz kəmərləri çəkilərək abonentlərin istifadəsinə verilib. Z.Kərimov, D.Bünyadzadə, Şahbazi, Qədirli və N.Hikmət küçələrinin də qaz təchizatının yaxşılaşdırılması üçün müxtəlif diametrli və müxtəli ölçülü qaz kəmərləri çəkilib, yeni siyirmə və qaztənzimləyici şkaflar quraşdırılıb.