“Azərkimya” işə qəbulla bağlı imtahan keçirib

15 Dekabr 2010 19:06 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin kimya müəssisələrində mühəndis-texnoloq ixtisası üzrə çalışmaq istəyən gənc kadrların işə qəbulu ilə bağlı müsabiqə keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahandan əvvəl "Azərikimya" İstehsalat Birliyi icraçı direktorunun kadr məsələləri və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayev Birliyin müəssisələrində çalışmaq istəyində olanları salamlayaraq, Sumqayıtın kimya kompleksinin sabahının zərəriz, tullantısız texnologiyalar üzrə işləməsi nəzərdə tutulan yeni, müasir texnoloji qurğuların bugünkü gənc mütəxəssislərə etibar ediləcəyini, ona görə də hər bir kimyaçının öz ixtisasını dərindən, mükəmməl bilməsinin vacibliyini vurğulayıb.

Daha sonra iddiaçılar – respublikanın texniki universitetlərinin kimya və kimya-texnologiya fakültələrini bitirən məzunlar, həmçinin vaxtilə kimya istehsalatında işləyən və yenidən öz ixtisası üzrə bu sahədə çalışmaq istəyənlər 20 suala cavab veribər. Kimya istehsalatında texnoloji fəaliyyət yüksək nəzəri bilik, praktik təcrübə və məsuliyət tələb etdiyi üçün test müsabiqəsində Birliyin təcrübəli mühəndis-texnoloqları tərəfindən hazırlanan suallar bu sahədə çalışmaq arzusunda olan mütəxəssislərin hazırlıq səviyyəsini kifayət qədər düzgün və obyektiv qiymətləndirməyə imkan verib. Gənc namizədlər bilavasitə "Azərikimya"nın mövcud istehsalat sahələri, həmçinin təhlükəsizlik texnikasından istifadə olunması ilə bağlı suallara çətinlik çəkmədən cavab verə biliblər. İşə qəbul üçün keçirilən imtahan obyektiv və şəffaflıq şəraitində keçib, əsas meyar olaraq bilik və kimya istehsalatı ilə tanışlıq götürülüb. Mexanika və energetika sahəsində olduğu kimi gənc texnoloqların sınaq müsabiqəsi də "Azərikimya" İB-nin təcrübəli mütəxəssislərindən təşkil olunan xüsusi komissiya tərəfindən aparılıb. Müsabiqədə iştirak edən 25 mütəxəssisin nəticələri komissiya üzvləri tərəfindən cavab kartları diqqətlə yoxlanıldıqdan və iddiaçıların hər biri ilə aparılacaq fərdi söhbətlərdən sonra məlum olacaq.