Dövlət sahibkarlara dəstəyini davam etdirir ARAŞDIRMA

10 Oktyabr 2018 13:25 (UTC+04:00)

Daha böyük uğurlara, daha yüksək nəticələrə ümid etməyə dəyər

Neft ixracatçısı olan Azərbaycanda dövlət büdcəsinin və iqtisadiyyatın neftdən asılılığını minimuma endirmək, məhsull bolluğu yaratmaq, idxal olunan qida məhsullarının xüsusi çəkisini azaltmaq, hətta tədarük olunan məhsulların ixracını daha da artırmaq üçün qeyri-neft sektoruna xüsusi diqqət yetirilir. Sənayenin, kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir. Xüsusilə də kənd təsərrüfatı məhsullarının istehsalına, tədarükünə olan qayğı, tətbiq olunan güzəştlər, göstərilən köməkliklər və edilən yardımlar bu diqqətin bariz nümunəsidir.
Ölkəmizdə ələlxüsus kənd təsərrüfatının inkişafına xüsusi önəm verilir və bu sahənin inkişafı üçün lazımi tədbirlər görülür, sahibkarlar üçün daha əlverişli şərait yaradılır. Belə ki, kənd təsəttürafı istehsalçısı olan sahibkarlar üçün xüsusi güzəştlər tətbiq olunur, maddi yardımlar ayrılır və müxtəlif sahələrdə maddi həvəsləndirmə tədbirləri həyata keçirilir. Məqsəd isə təbii ki, sahibkarlıq sübyektlərinin həvəsləndirilməsi, sahibkarlığa marağın gücləndirilməsi, sahibkarların sayının durmadan artırılması, nəticədə tədarük olunan məhsulun həcminin əhəmiyyətli dərəcədə artırılması və məhsul bolluğuna nail olmaq, ölkə iqtisadiyyatını daha da inkişaf etdirmək, əhalinin məhsullara olan tələbatını və maddi rifah halının yaxşılaşdırılmasını təmin etməkdir.

Vergi və gömrük güzəştləri kimi imtiyazlarla yanaşı, sahibkarlar dövlət vəsaiti hesabına verilən subsidiyalar və güzəştli kreditlərdən faydalanırlar

Hazırda Azərbaycan vətəndaşının sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün ölkə başçısı, Prezident İlham Əliyevin rəhbərliyi, hətta xüsusi tapşırıqları ilə yaradılan çox münbit, həm də əlverişli şərait müxtəlif istiqamətlərdə tətbiq olunur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər vergi və gömrük güzəştləri ilə yanaşı, dövlət büdcəsindən ayrılmış yardımlar, maddi köməkliklər hesabına əkinçilik, heyvandarlıq sahələrində xüsusi imtiyazlar əldə edirlər. Məsələn, əkinçilik sahələrinin becərilməsi üçün istehsalçılara mineral gübrələrin, zərərvericilərlə mübarizə məqsədi ilə dərman preparatlarının güzəştli satışı tətbiq olunur. Eyni zamanda, kənd təsərrüfatı məhsulu istehsal edən istehsalçılara, sahibkarlara yanacaq və motor yağlarının alınması üçün dövlət büdcəsi hesabına maddi yardımlar da verilir. Toxumçuluq və tinglik təsərrüfatlara, şəkər çuğunduru, pambıq, tütün və barama istehsalçılarına dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalar ayrılır. Taxılçılıq təsərrüfatlarında sahibkarlara hər hektara görə buğda əkini üçün 100 manat, arpa əkini üçün isə 90 manat pul vəsaiti ödənilir.
Təkcə əkinçilik deyil, heyvandarlıq sahəsində çalışan sahibkarlar də dövlət dəstəyindən məhrum deyillər və onlara da müvafiq güzəştlər, maddi yardımlar, köməkliklər olunur. Məsələn, damazlıq heyvanların güzəştli şərtlərlə lizinqi məhz heyvandarlıq sahəsində çalışan sahibkarlar üçün nəzərdə tutulub. Sahibkarlar həmçinin süni mayalanma yolu ilə alınan hır buzova görə subsidiyalar əldə etmək imkanına da malikdirlər.
Sahibkarlara dövlət tərəfindən eyni zamanda güzəştli kreditlərdən də istifadə etmək, yararlanmaq imkanları da verilir. Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların Dövlət Xidmətinin vəsaitləri hesabına maliyyələşdirilməsi müxtəlif istiqamətlərdə həyata keçirilir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, suvarılan torpaqların meliorasiyasının, onların meliorasiya və irriqasiya avadanlığı ilə təchizatının yaxşılaşdırılması, yeyinti məhsulları sektorunun modernləşdirilməsi və inkişafı, kənd təsərrüfatı texnikasının və kimyəvi maddələrin alınması, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Pilot Layihələri, özəl damazlıq təsərrüfatlarının yaradılması və inkişafı, heyvandarlıqda süni mayalanma tədbirlərinin həyata keçirilməsi və aqrar sektorun digər sahələri sahəsində məhz həmin layihələr və proqlarmar reallaşdırılır. Sahibkarlara 1000 manatadək mikrokreditlər, 1000 manatdan 20 min manatadək kiçik həcmli kreditlər, 20 min manatdan 50 min manatadək ortahəcmli kreditlər, 50 min manatdan 200 min manatadək irihəcmli kreditlər təklif olunur. Dövlət Xidməti cəlb etdiyi vəsaitləri müvəkkil kredit təşkilatlarına verir ki, həmin kredit təşkilatlarında Dövlət Xidmətinin kredit vəsaitlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi 7 faizdən artıq deyil və hətta bu faiz dərəcələri günü-gündən azaldılır da. Mikrokreditlər, kiçik və ortahəcmli kreditlər və böyükhəcmli kreditlər üçün kredit vəsaitlərinin istifadə müddəti müvafiq olaraq 2 ilədək, 3 ilədək və 5 ilədək nəzərdə tutulub. Hətta həmin kreditlər üçün güzəşt müddətləri də müvafiq olaraq, 12 ayadək, 18 ayadək və 24 ayadək nəzərə alınır.

Sahibkarlığı Kömək Milli Fondunun vəsaitləri hesabına cari il, 2018-ci ilin birinci yarımili ərzində müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahısində 30 sayda layihəyə 28 milyon 859 min manat, kənd təsərrüfatı məhsullarının emalı sahəsində 13 layihəyə 3 milyon 20 min manat, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 557 layihəyə 57 milyon 174 min 400 manat məbləğində vəsait ayrılıb. Bütün bu sadələşdirilmiş və aşağı faiz dərəcəsi ilə təklif edilən kreditlər sahibkarlara kömək məqsədi ilə nəzərdə tutulub və sahibkarlığın inkişafına hesablanıb. Eyni zamanda sahibkarlığın inkişafı yoxsulluq səviyyəsinin tamamilə aşağı salınması, məşğulluq səviyyəsinin artırılması üçün əlverişli zəmin yaradır. Nəzərə almaq lazımdır ki, sahibkarlıq subyektlərinin yaranması və günü-gündən sayının artması yeni iş yerlərinin armasına səbəb olur ki, bu da işsizliyin aradan qaldırılmasına təkzibedilməz tövhədir.

Sahibkarlığa dövlət dəstəyi geniş bir layihədir və strateji hədəflərə istiqamətlənmiş bu layihənin bütün tərəflərini və istiqamətlərini sadalamaqla bitməz. Maraqlıdır, ölkəmizin müxtəlif şəhər və rayonlarında çalışan, sənaye və kənd təsərrüfatı məhsulları istehsal edən, yaxud emal edən sahibkarlar bu barədə məlumatlıdırlarmı? Yaxud, istehsalçıların hamısı dövlətin onlar üçün yaratdığı bu imkanlardan istiadə edirlərmi? Əgər istifadə etməyənlər varsa, onlar məlumatsızdırlar, yoxsa bu işdə çətinliklərlə qarşılaşırlar? Sözsüz ki, əhalinin maarifləndirilməsi, məlumatlandırılmasına ehtiyac hər zaman var və indi sahibkarlıq subyektləri də dövlətimizin bu dəstəyindən xəbərdar olmalıdırlar. Yox əgər istehsalçılar dövlət dəstəyini əldə edə bilmirlərsə, ya da onlara maneçiliklər törədilirsə bu faktların araşdırılmasına və aradan qaldırılmasına böyük ehtiyac duyulur. Çünki, nəticə etibarı ilə bütün bunlar iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşdırılmasını əngəlləyir.

Məhsul istehsalının öncədən planlanması öz aktuallığını qoruyur və istehsalçılar məhsula olan tələbatı bilməkdə maraqlıdırlar

Digər məsələ də, yəni hansı məhsulu və hansı həcmdə istehsal etməyin özü də aktual bir məsələdir. Yəni istehsalçıların hansı məhsulu istehsal etmək, emal etmək barədə doğru, düzgün bir qərara gəlməsi çox vacibdir. Çünki, istehsalçılar istehsal etdikləri məhsulların realizə edilməsində daha çox maraqlıdırlar. Daha çox maraqlıdırlar ki, hansı məhsul istehlakçıları hansı miqdarda maraqlandırır və nəticədə istehsal olunan məhsullar realizə oluna biləcək yoxsa yox. Yaxud məhsul öz maya dəyərindən əlavə mənfəət qazandıra biləcəkmi? Bəzən ötən ilki istehlakçı tələbləri cari illə üst-üstə düşmür və nəzərə alaq ki, tələb və təklifdən asılı olan realizə qiymət amilinə öz təsirini əhəmiyyətli dərəcədə göstərir. Beləki, təklifin yuxarı olduğu bazarda məhsulun qiyməti aşağı düşür, tələbin səviyyəsinin yüksək olduğu bazarda isə məhsulun qiyməti bahalaşır. Təcrübə də təsdiq edir ki, ötən illə cari il arasında kəskin fərqlərin olması da mümkündür. Məsələn, ötən il 8, hətta 9 manata satılan sarımsaq bu il 80-90 qəpik həddindədir və bu da onu deməyə əsas verir ki, keçən ilki qiymətlərə baxıb bu il daha çox sarımsaq istehsal edilib. İstehlakçıların tələbindən daha çox bazara çıxarılan məhsulun isə dəyərini 10 dəfədən artıq aşağı düşüb. Əksinə, ötən ilki bolluğu nəzərə alaraq bu il qarpız əkini ixtisarla həyata keçirildiyindən mövsüm boyu qarpız istehlakçılara dəfələrlə baha təklif edilirdi. Bir sözlə planlaşdırılmayan məhsul istehsalı sahibkarların, yaxud istehlakçıların büdcəsinə ciddi şəkildə ziyan vura bilər.
Sahibkarların və istehlakçıların həmçinin maraqlarının təmin edilməsi, qayğısına qalınması məqsədi ilə satın alınması nəzərdə tutulan ərzaq məhsullarına tələbat portalı, tedaruk.az da fəaliyyət göstərir. İstehsalçı əvvəlcədən həmin portal vasitəsilə satın alınacaq məhsullar barədə də məlumat toplaya bilər. Təbii ki, bu resurslar barədə istehsalçılar məlumatsız ola da bilərlər və məhz maarifləndirmə dedikdə bütün bunlar nəzərdə tutulur.

Sahibkarlığın daha da inkişaf etməsi yönündə hazırda sahibkarların dövlət dəstəyindən nə dərəcədə istifadə etməsi, eyni zamanda məhsul istehsalının əvvəlcədən planlaşdırılması öz aktuallığını qoruyur və ciddi araşdırmalar tələb edir. Hətta yaradılan subsidiya və kredit imkanlarından sui istifadə hallarına da rast gəlinə bilər və bu mənimsəmə halları istisna deyil. Şəffaflığın təmin edilməsinə ehtiyac olduğu da inkar edilə bilməz. Sahibkarlara çatacaq subsidiyaların öz ünvanına çatmaması və mənimsənilməsi yolverilməzdir. Subsidiyaların və güzəştli kreditlərin verilməsi barədə, eyni zamanda sui istifadə hallarının olub-olmaması, mənimsənilmə halları barədə, həmçinin məhsul istehsalında planlama məsələləri ilə əlaqədar bu məqsədlə həm iqtisadi ekspertlərin, həm kənd təsərrüfatı nazirliyinin müvafiq strukturlarının, həm də fermerlərin fikirlərini öyrənməyə çalışdıq. Çalışdıq ki, bu məsələləri araşdırıb aydınlıq gətirək. İlk öncə iqtisadi məsələlər üzrə ekspert Vüqar Bayramova müraiciət edərək subsidiyaların, güzəştli kreditlərin və ümumiyyətlə dövlət dəstəyinin mahiyyəti barədə, həmçinin qeyd etdiyimiz sui istifadə halları, mənimsəmə faktları haqda fikirlərini bizimlə bölüşməsini xahiş etdik.

Vüqar Bayramov: “Subsidiya hektara görə deyil, istehsal edilən məhsulun həcminə görə verilsin”

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov dövlətin sahibkarlar üçün həm güzəştli kreditlər, həm subsidiyalar ayırdığını bildirdi: “Sahibkarlar birbaşa dövlətdən maliyyə dəstəyi almaq imkanına malikdirlər. Bunlar həm subsidiya formasında, eyni zamanda güzəştli kredit, xüsusilə vergi güzəştlərinin tətbiq edilməsi ilə bağlıdır. İndiyə qədər sahibkarlara Sahibkarlığa Kömək Milli Fondu tərəfindəm 2,2 milyard manatlıq güzəştli kreditlər təklif olunub. Bu il əlavə olaraq 170 milyon manat güzəştli kredit formasında sahibkarlara təqdim olunacaq”.

İqtisadçının sözlərinə gösə, bu həftədən etibarən sahibkara verilən kredit faizlərində də endirimlər tətbiq olunacaq: “Çünki, əgər əvvəlki illərdə güzəştli kreditlər üzrə faiz 7 faiz idisə, sonra 6 faizə qədər azaldıldı və artıq yeni qaydalara əsasən həmin faiz 5 faizə enib. Sahibkar 5 faiz ödəməklə kreditə sahib ola biləcək və bu ödəmənin 4 faizi banka, 1 faizi də dövlətə çatacaq. Beləliklə də sahibkar daha aşağı faiz ödəməklə kreditə sahib ola biləcək”.

V. Bayramov kreditləmə prosesi ilə bağlı təkliflərinin də olduğunu bildirdi: “Güzəştli kreditlərlə yanaşı həm də yeni bir kredit mexanizmi tətbiq olunsun və xüsusən də girov təqdim etmək imkanı olmayan, və ya yeni fəaliyyətə başlayan sahibkarlar girov təqdim etmədən həmin kreditlərdən yararlana bilsinlər. İnkişaf etmiş ölkələrin hamısında məhz belə bir təcrübə var ki, Sahibkarlar öz aktivlərini təqdim etməklə kredit almaq imkanı əldə edirlər. ahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması üçün kreditlərin verilmə mexanizminin təkmilləşdirilməsinə və yeni meyarların tətbiq olunmasına ehtiyac var ki, bunumla dasahibkarların kreditlərə çıxış imkanları genişlənsin”.

“Güzəştli kreditlərin ayrılmasından sui-istifadə halları, mənimsəmə faktları müşahidə edilirmi” sulına cavab olaraq iqtisadçı bildirdi ki, əvvəlki dövrlərdə belə faktlar daha çox idi və hətta Maliyyə Nazirliyinin apardığı monitorinqlər göstərirdi ki, bəzi hallarda subsidiya üçün rəqəmlərin şişirdilməsi, bəzi hallarda əkin olmayan sahələrə subsidiyanın yazılması halları olub. Etiraf etmək lazımdır ki, bu halların sayı kəskin şəkildə azalıb. Amma təbii ki, belə halların, çatışmamazlıqların yenə də olması istisna deyildir. Çünki, bütün hallarda nəzarət mexanizminin təkmilləşdirilməsinə hər zaman ehtiyac var. Xüsusən də bu prosedurun elektronlaşması, həm də elektron torpaq reyesrinin başa çatdırılmasına ehtiyac var ki, nəticə etibarı ilə bunlada vəziyyətə tam nəzarəti həyata keçirmək mümkün olsun. Biz subsidiyaların verilməsi ilə bağlı müxanizminin təkmilləşdirilməsini də təklif edirik. Artıq bəzi məhsullarda da bu tətbiq olunur. Əvvəllki illərdə də təklif edilirdi ki, subsidiya hektara görə deyil, istehsal edilən məhsulun həcminə görə verilsin. Yəni fermer nə qədər çox məhsul istehsal edərsə o qədər də çox subsidiya əldə edə bilsin, hansı ki, bu model Amerika Birləşmiş Ştatlarının modelidir. Bu model fermeri stimullaşdırır ki, həm daha çox məhsul istehsal etsin, həm də subsidiya məhsulun həcminə görə verildiyindən sui-istifadə kimi halların qarşısı alına bilir. İstehsal edilən məhsulun qeydiyyatı daha asandır, nəinki əkilmiş torpaq sahələrinin əkilib əkilmədiyini müəyyənləşdirmək. Ona görə də subsidiyalar məhsulun həcminə görə müəyyənləşərsə, nəticədə nöqsanların aradan qaldırılmasına tam şəkildə nail olmaq olar, fermerlərin subsidiyalara çıxış imkanlarını artırmaq və subsidiyaların daha effektli şəkildə təqdim edilməsinə və istehsalın stimullaşdırılmasına nail olmaq olar”.

Həsən Quliyev: "Subsidiyaların ayrılması hesabına buğda istehsalında çox ciddi artım olub"

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Həsən Quliyev də bizimlə söhbətində bu istiqamətdə nazirlik tərəfindən geniş iş aparıldığını, tədbirlər gördüyünü bildirdi: “Artıq kənd təsərrüfatında yanaşma ciddi şəkildə dəyişilib. Sahibkarlar mövcud qanunvericiliyə uyğun tələbləri qarşıladıqları zaman heç bir əngəllə qarşılaşmadan verilən kreditlərdən, subsidiyalardan rahatlıqla faydalana bilirlər. Subsidiyalar istehsalçıların maliyyələrinin çox cüzi bir hissəsini təşkil edir. Subsidiyaların ayrılması hesabına buğda istehsalında çox ciddi artım olub. Pambıq istehasına görə, subsidiyaların verilməsi ilə bu il az da olsa artım olub. Köklü şəkildə kreditləşmə dəstəyi əsasən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilir. Sahibkarlığa Kömək Milli Fondu da İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən qurumdur. Biz də həmin sualları İqtisadi İnkişaf Nazirliyinə ünvanlamışdıq ki, bu verilən kreditlərin nə qədərində problem yaranıb, nə qədəri batıb, nə qədəri bu müəssisələrin bağlanıb? Amma İqtisadi İnkişaf Nazirliyi bu tipli detallı məlumatların bankların portfellərində öz əksini tapdığını bizə bildirmişdir".

H.Quliyev onu da bildirib ki, əvvəllər ayrılan subsidiyaların əkin əraziləri ilə uyğunsuzluğu halları olsa da, bu gün həmin halların baş vermə etimalı demək olar ki, sıfıra bərabərdir: "Əgər kimlərsə iddia edirlərsə ki, bu qədər buğda əkmişik və biz bu qədər subsidiya almalıyıq. Biz bunları kənd təsərrüfatında peykdən çəkilmiş şəkillərlə qarşılaşdırır və hektarı belə tam görə bilirik. Bu günki texnologiya və ölkəmizin də peykləri buna imkan verir ki, bu məlumatları bir-biri ilə qarşılaşdıraq və bunun doğruluğunu, yanlışlığını təyin edək. Əlbəttə, müəyyən kənarlaşma ola da bilər və bu 1, yaxud 2 faiz təşkil edə bilər. Hər bir sahədə kənarlaşmanın olması mümkündür".

"Sahibkarlar hansı məhsulu istehsal edəcəyi, hansı məhsula tələbatın nə dərəcədə olduğu barədə məlumatı hardan əldə edə bilərlər və bu sahədə hansı işlər görülür" sualına cavab olaraq H.Quliyev bildirdi ki, kənd təsərrüfatının planlanması ən önəmli məsələlərdən biridir: "Bizim hal-hazırda elektron kənd təsərrüfatı layihəsi var. Elektron kənd təsərrüfatı layihəsində hər bir fermerin öz kabineti olacaq və oraya daxil olub, qeydiyyatdan keçəcək. Təbii ki, qeydiyyatdan keçdikdən sonra bu haqda məlumat alacaqlar. Orda görünəcək ki, məsələn, gələn ilə bu qədər buğda əkini planlanır. Bu zaman fermerlər məlumatlandırılır ki, məsələn sarımsağa ölkənin tələbatı bu qədərdir və bu qədər də artıq planlanıb. Bu zaman tövsiyyə olunur ki, fermer bundan artıq əkməsin və burda boşluq var. Əks halda bunun əks təsiri özünü göstərəcək. Bu tipli birbaşa məlumatlandırma zaman həm də, tövsiyyə olunacaq ki, məsələn, həmin fermer bu il sarımsaq deyil, deyək ki, qarpız, yaxud digər bir bostan bitgisi əkə bilər. Bəli, bu məqsədlə Aqrar Tədqiqatlar Mərkəzi özünün saytını yaradıb. Bu sayta daxil olan fermerlər həmin məlumatları görəcək və məlumatlandırılacaqlar".

Dövlətin qayğısından sahibkarın razı qaldığı da diqqəti cəlb edir və fermerlər bu dəstəyi yüksək dəyərləndirirlər

Sahibkarlarla söhbət etdiyimiz zaman isə ayrı-ayrılıqda hər bir sahibkar dövlət dəstəyindən razı qaldıqlarını bildirdilər. Xüsusən də ayrılan subsidiyaların, eyni zamanda güzəştli kreditlərin onların fəaliyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir etdiyini, sahibkarlığın inkişafında mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdilər. Hər bir sahibkarın xüsusilə dövlətin qayğısından razı qaldığı da diqqəti cəlb etməyə bilməzdi və inkar etmək olmaz ki, fermerlər bu dəstəyi yüksək dəyərləndirirlər. Fermerlər məhsuldarlığın artırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilmsi üçün güzəştli kreditlərdən istifadə etdiklərini də etiraf edirlər. Sahibkarlar xüsusilə qeyd edirlər ki, həmin güzəştli kreditlər, subsidiyalar sahibkarlıq subyektlərinin daha da genişlənməsini təmin etməklə yanaşı, yeni iş yerlərinin açılmasına da öz tövhəsini verir. İstehsalçıların məhsul istehsalının planlanmasına marağını da müşahidə edirik və göründüyü kimi hər bir sahibkar üçün hansı məhsulu əkəcəyini qabaqcadan bilməsi də çox maraqlıdır. Məhz bu baxımdan Kənd Təsərrüfatı Nazirliyi Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin hazırladığı layihəyə də fermerlərin diqqətini cəlb edir və bunu çox yüksək dəyərləndirirlər.
Göründüyü kimi, sənaye istehsalı və kənd təsərrüfatı gələcək inkişafın prioritet istiqamətlərini təşkil edir və daha böyük uğurlara, daha yüksək nəticələrə ümid etməyə dəyər. Çünki, dövlət investisiya proqramında nəzərdə tutulan xərclər həm də ölkədə sənaye potensialının inkişafına, xüsusilə aqrar sənayenin genişləndirilməsi ilə bağlı iri layihələrin icrasına, bu sektorda fəaliyyət göstərən orta və kiçik sahibkarlığın dəstəklənməsinə yönəldilir. Bütün bunlar əhalinin kənd təsərrüfatı məhsullarına tələbatının tam şəkildə ödənilməsinə, ciddi ixrac potensialı yaratmaqla Azərbaycanın xarici bazarlara çıxışının təmin olunmasına yönəldilmiş strarteji hədəflərdir.