Abel Məhərrəmov: “Doktoranturaya qəbul imtahanlarının gecikməsi elmin gələcək inkişafına hardasa öz mənfi təsirlərini göstərəcək” - MÜNASİBƏT

15 Dekabr 2010 02:39 (UTC+04:00)
"Hər zəncirdə bir halqanın qırılması həmin zəncirə deformasiya verir. Bu da zəncirin həm keyfiyyətinə, həm formasına, həm də məzmununa xələl gətirir". Bu barədə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov doktoranturaya qəbul imtahanlarının gecikdirilməsinin elmin gələcək inkişafına nə dərəcədə təsir edəcəyinə münasibət bildirərkən deyib. O bildirib ki, bu elmin gələcək inkişafına hardasa öz mənfi təsirlərini göstərəcək: "Mən hesab edirəm ki, qısa müddətdə bu məsələ həll olunmalıdır ki, gələcəkdə yarana biləcək problemlərin qarşısı indidən alınsın və ikinci belə bir şey olmasın. Artıq 1 il əzində biz bu istiqamətdə çətinliklərlə üzləşmişik. İndi isə elə etməliyik ki, bunlar gələn il olmasın. İmtahanların keçirilmədiyi iki il ərzində boş qalan yerlərin sonrakı imtahanlarda nəzərə alınıb alınmamasına isə Nazirlər Kabineti qərar verəcək".