“Ermənistan davamlı inqilablar bataqlığından çıxa bilməyəcək” ERMƏNİ ANALİTİK

6 Oktyabr 2018 11:46 (UTC+04:00)

Erməni KİV-ləri investorların öz fikirlərindən döndüklərini yazırlar

Ermənistanda dava edən böhranlı siyasət faktoru artıq yeni hakimiyyəti müdafiə edən erməni KİV-lərində də tənqid olunmaqdadır. Xüsusilə, “inqilabi dəyərlərin” məhvolma təhlükəsi barədə yazan siyasi təhlilçilər bir sıra aspektlərdən çıxışlar edərək, ölkədəki vəziyyətin davamlı hal alacağı proqnozları ilə çıxış edir, baş verənləri Ukrayna inqilabının fəsadları ilə eyniləşdirirlər. Xüsusilə, çökmüş erməni iqtisadiyyatının yenidən dirçəldilməsi üçün investorların hələ də tərəddüddə qalmalarının günahları da Nikol Paşinyan hakimiyyətinin üzərinə qoyulur. Belə ki, yeni hökumət rəsmilərinin bir-birinin ardınca köhnə sistemlə bağlı təhdid xarakterli bəyanatları əsas gətirilir və iddia olunur ki, investorlar bu səbəbdən, Ermənistanda xaotik vəziyyətin yaranmasından ehtiyat edərək, öz fikirlərindən geri dönməyə başlayırlar.

“Ermənistanın gərginlik potensialı Ukrayna ssenarisinə daha da yaxınlaşmaqdadır”

“Erməni inqilabının liderləri Ermənistanı daha sakit, çalxalanmayan yol ilə apara bilərdilər, hətta gürcülərin reformaçı inqilabından da sakit”. SİA xəbər verir ki, bu barədə Ermənistanın 1in.am saytının siyasi təhlil bölməsində analitik yazar Sarqis Artsruni yazııb. Bildirilir ki, bütün bunlara rəğmən, Ermənistanda davamlı şəkildə düşmən axtarışına çıxılması ölkəni gərginlik potensialı olan Ukrayna ssenarisinə daha da yaxınlaşdırmaqdadır.

““Vətəndaş sazişi partiyasından olan deputat Alen Simonyan Respublika partiyasının deputatlarının perspektivlərini “Sanitek” zibil urnalarında (bu, eyni zamanda erməni inqilabının gilyotini də adlandırılır-red.) gördüyünü deyib”, qeyd edilən təhlil yazıda o da bildirilir ki, əslində, bu kimi təhdid köhnə hakimiyyət sistemindən qalan deputatlara qarşı deyil, məhz Ermənistanın inkişafı perspektivinə qarşıdır, halbuki, xarici investorlar daha öncə də köhnə sistemi dəstəkləyənlərə qarşı səslənmiş “asfalta yaxacağıq” təhdidindən sonra, hələ indi-indi özlərinə gəlməyə başlayıblar: “İndi də onlar zibil konteynerləri barədə eşidirlər və Ermənistan dərhal xaotik Ukrayna ilə assosiasiya olunur. Hansı ki, orada şəxsi mülkiyyət hüququ mühafizə olunmur və bu dəfə inqilab melodiyaları altında yeni korrupsiya sistemi formalaşdırılır”.

“Yeni bütlər sabah mənfur avtoritarlara çevriləcəklər”

Beləliklə, erməni müəllif iddia edir ki, əgər qarşıdan gələn parlament seçkiləri inqilab nailiyyətlərinin kapitallaşdırılması deyil, monopoliyalaşdırılması məsələsini həll edəcəksə, onda Ermənistan həqiqətən də davamlı inqilablar bataqlığından çıxa bilməyəcək: “Ermənistanda siyasi məhsul əmələ gəlməyəcək, bu isə belə deməyə əsas verir ki, inqilab amili düşüncələrimizin dərinliklərinə daxil olmadan, yalnız mitinq və şüarlarla məhdudlaşdırılacaq. Bizim düşüncəmizdə əks-inqilab oturub, əks halda, Robert Koçaryan və Serj Sarkisyan mövzusu çoxdan bağlanmalı idi”.

Müəllif sonda qeyd edib: “İnqilabdan sonra biz yeni dəyərləri təbliğ etmirik, yeni bütlər isə sabah mənfur avtoritarlara çevriləcəklər”.

Rövşən NURƏDDİNOĞLU