Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Fransız Liseyində Beynəlxalq Müəllimlər günü münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə musiqişünas Nərgiz Kərimova açıb.
O, hər bir insanın həyatında müəllimin rolunu xüsusi vurğulayıb, bu müqəddəs peşə sahiblərinin vəzifə və məqsədlərindən danışıb. Tədbirdə hər iki təhsil ocağı müəllimlərinin fəaliyyətini əks etdirən foto-slayd və maraqlı süjetlər nümayiş etdirilib.
Daha sonra şagirdlər rəngarəng konsert proqramı ilə çıxış ediblər. Əməkdaşlıq çərçivəsində həyata keçirilən bu tədbirdə “Alov”, “Səbinə”, “Dəcəl qızlar” rəqs kollektivinin çıxışı və şagirdlərin ifasında səslənən nömrələr dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bakı Fransız Liseyinin tələbələri öz növbələrində fransız dilində hazırladıqları musiqi hədiyyəsi ilə müəllimləri təbrik ediblər.