Erməni sevdalı korrupsionerlər “siyasi cərrah” obrazında TƏHLİL

4 Oktyabr 2018 16:22 (UTC+04:00)

Avropa Parlamentinin mandatı imtiyaz deyil, məsuliyyətdir

Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı əməllərə haqq qazandırıb, işğalçılığı "azadlıq mübarizəsi” adlandıranlar "erməni sevdalıları” kimi tanınır və belə şəxslərin erməni lobbisi tərəfindən maliyyələşdirildiyi də sirr deyil. İndi ermənidən betər "erməni” olanları təkcə Azərbaycan cəmiyyəti deyil, bütün dünya ictimaiyyəti çox yaxşı tanıyır.

Ermənilərin separatçılıq və etnik təmizləmə siyasətini dəstəkləyən, Azərbaycana düşmən kəsilən, eləcə də ədalətə, həqiqətə, qanunlara, insanlığa düşmən olanlardan biri də Avropa Parlamentinin üzvü Eleni Teoxarusdur. O həmin Teoxarusdur ki, bütün fəaliyyəti Avropa Parlamentinin, eyni zamanda Avropa İttifaqının da siyasətinə, həmçinin mövqeyinə belə ziddir. Xanım parlamentari Avropa institutlarına və Avropa dəyərlərinə zidd mövqeyi ilə xüsusilə seçilir. Təsadüfi deyil ki, Avropa Parlamentinin Kipr Respublikasından olan bu üzvü işğal edilmiş ərazilərimizə dəfələrlə qanunsuz səfərlər etməsi səbəbindən Azərbaycana "girişi arzu olunmayan şəxslər siyahısı”na daxil edilib. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə barəsində cinayət işi açılan Teoxarusun kimliyi barədə araşdırma apardıqda tükürpədici məqamlar diqqəti cəlb edir.

Eleni Teoxarusun siyasi baxışları, eləcə də fəaliyyəti onun Ermənistanla və erməni diasporu ilə olan əlaqələrini təsdiq edir

Radikal millətçi baxışları ilə seçilən bu deputat “Kipr Respublikasını xilas edək” şüarı altında fəaliyyət göstərir və əsas hədəfi məhz anti-Türkiyə istiqamətində fəaliyyətdir. Parlament üzvlərinin Avropa Komissiyasına yazılı suallarla müraciət etmək prosedurundan, imkanlarından sui istifadə edən Teoxarusun Komissiyaya ünvanladığı sualların belə əksəriyyəti Türkiyə əleyhinə olub. Ermənilərin Türkiyəyə, eləcə də məskunlaşmasından və hansısa ölkənin vətəndaşlığını daşımasından asılı olmayaraq bütün türklərə olan barışmaz, düşmənçilik mövqeyini müdafiə edən bu Avropa Parlamenti üzvünün siyasi baxışları onun Ermənistan və erməni diasporu ilə olan əlaqələrini təsdiq edir.
Hələ ötən əsrin 90-cı illərindən Ermənistanın və erməni lobbisinin alətinə çevrilən deputat ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində həkimlik fəaliyyəti çərçivəsində “humanitar missiya” fəaliyyəti altında cərrahiyyə əməliyyatları həyata keçirib və bu xidmətlərinə görə hətta “Dağlıq Qarabağın şərəf qızıl medalına” layiq görülüb də. Maraqlıdır, xidmətləri dövründə erməni silahlı qüvvələrinin işğalı sayəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında yüz minlərlə insanın üzləşdiyi etnik təmizləməyə, 1992-ci ilin 26 fevral tarixində isə Xocalı şəhərində yalnız bir gecədə 600-dən çox mülki Azərbaycanlının qətliamına göz yuman həkimin, Hippokrat andı içib bu anda xəyanət etməsində şərəf deyilən bir məqam olmadığı halda şərəf qızıl medalına layiq görülməsi nə dərəcədə ədalətlidir? Yaxud, “humanitar missiya” dedikdə parlamentari bunun yalnız ermənilərə aid olduğunumu düşünür? Hər halda dünya ictimaiyyəti onun həmin dövrdə yüzlərlə yaralı azərbaycanlı əsirlərlə bağlı "humanist və peşəkar cərrah” mövqeyini müşahidə etməyib. Əksinə, ictimaiyyət E.Teoxarusun Azərbaycan torpaqlarının separatçı ermənilər tərəfindən işğalı nəticəsində yaradılmış qondarma separatçı rejimin beynəlxalq müstəvidə, xüsusilə də Avropa Parlamenti çərçivəsində təşviq etməsini müşahidə edib.

Separatçılıq və etnik təmizləməni təşviq edən parlamentarilərin fəaliyyətindən korrupsiya qoxusu gəlir

Qanlı separatçılıq və etnik təmizləməni təşviq edən Eleni Teoxarus kimi Avropa Parlamentinin nümayəndələri qanunun aliliyinə hörmət etmir və həmçinin təmsil etdiyi qurumun mövqeyindən də çıxış etmir. Əksinə, erməni lobbisinin, diasporunun siyasətini həyata keçirirlər. Parlamentarilərdən Avropa Parlamentinin üzvü mandatından sui-istifadə etməklə həyata keçirilən səfərlər və onların maliyyələşməsi barədə AP-yə müvafiq açıqlama verilməsi tələb olunmalıdır. Söhbət Avropa dəyərlərinin, qanunun aliliyinin və insan hüquqlarının əsas keşikçisi olan Avropa Parlamentinin tam hüquqlu üzvündən gedirsə, hər birinin fəaliyyəti yoxlanılmalı, lazım olan “qiymət” verilməlidir. Hətta Avropa Parlamentinə də sirr deyil və zərrə qədər də şübhə yoxdur ki, bu məsələlərdən bir korrupsiya qoxusu gəlir.
Bir vaxtlar Qarabağdakı cinayətkar rejimin keçirdiyi qondarma “referendum”dan sonra qanunsuz olaraq ərazimizə gələn bir qrup şəxslə, Avropa Parlamentinin 3 deputatı ilə bağlı rəsmi Bakının açdığı cinayət işi hamıya bəllidir. Eləcə də bu barədə İnterpola göndərilən sorğu barədə də ictimaiyyət məlumatlıdır. Avropa Parlamentinin bu üç deputatı arasında xanım parlamentari də var. Daha dəqiq desək, Yaromir Ştetina (Çexiya) və Frank Engel (Lüksemburq) olan bir siyahıda Eleni Teoxarus (Yunan Kipri) da yer alır. Məsələ burasındadır ki, bu siyahıya daxil olanların heç biri Qarabağa səfərinin Ermənistan tərəfindən maliyyələşdirildiyini etiraf etməkdən belə çəkinmirlər. Bu fakt isə özü-özlüyündə Avropa Parlamenti üzvünün etik davranış qaydasını kobud şəkildə pozması və maraqların toqquşmasına yol verməsi deməkdir. Barəsində cinayət işi açılandan sonra Ştetina ona ayrıca qonarar da verildiyini etiraf edirsə, deməli, “demokratiya” adı altında Azərbaycana qarşı aparılan təbliğatın və qondarma rejimi təşviq etmənın arxasında sırf maddi maraq və korrupsiya elementləri durur. Görünür, bu parlamentarilərə xatırladılmayıb ki, onlara mandat qanunsuzluq, lobbizm və dezinformasiya ilə məşğul olmaq üçün verilməyib. Xatırladılmayıb ki, Avropa Parlamentinin mandatı imtiyaz deyil, məsuliyyətdir.
Bakı şəhərindən balaca, Azərbaycanın hakim partiyası olan YAP-ın üzvlərinin sayından az, yəni cəmisi 500 min əhalisi olan Lüksemburq təmsilçisi Frank Engel də bu üçlüyə daxildir və ona da sual oluna bilər ki, Avropa qurumlarında Azərbaycan əleyhinə təşkil edilən tədbirlərə, erməni lobbisinin müxtəlif aksiyalarına hansı vəsaitlərlə qatılır? Eləcə də Eleni Teoxarusun illərdir ki, qondarma “erməni soyqırımı”nın tanınması üçün əldən-ayaqdan getməsi “konyak diplomatiyası”nın, yaxud korrupsiyanın təzahürü deyilmi?

Avropa dəyərlərinin, qanunun aliliyinin və insan hüquqlarının əsas keşikçisi olan Avropa Parlamenti kimi bir təşkilatın nüfuzu təhlükə altındadır

Maddi marağın və tamahın müqabilində Avropa Parlamenti kimi qurumu manipulyasiya və lobbizm obyektinə çevirməyə nə ad vermək olar? Bu manipulyasiya ilk növbədə avropalı seçicilərə və Avropa strukturlarına qarşı hörmətsizlik, qanunun aliliyinə etinasızlıq deyilmi? Avropa Parlamentinin etik komitəsi bu “erməni sevdasını”, türk millətinə mənsub olanlara qarşı radikal mövqeyi ilə seçilənləri, ölkəmizin həqiqətlərini ört basdır edənləri, anti-Avropa siyasətinin köklərini, anti-Azərbaycan siyasətinin isə motivlərini dərhal və dərindən araşdırmalıdır.
Avropa Parlamentində erməni diasporunun yaratdığı korrupsiyanın ciddi şəkildə araşdırılmasının, ümumilikdə korrupsiya fəaliyyətinə hüquqi qiymət verilməsinin çoxdan artıq vaxtı çatıb və bu araşdırmaya böyük bir ehtiyac var. Özü də ilk növbədə AP kimi bir qurumun özü üçün. Çünki, bütün bunlar Avropa İttifaqının siyasətinə zidd olmaqla yanaşı quruma hörmətsizlik deməkdir. Bu isə nəticə etibarı ilə Avropa dəyərlərinin, qanunun aliliyinin və insan hüquqlarının əsas keşikçisi olan Avropa Parlamenti kimi bir təşkilatın nüfuzunu təhlükə altında qoyur. Bir dövlətin BMT tərəfindən tanınmış sərhəddini pozmaq konkret cinayətdir və yaxşı olardı ki, Avropa Parlamenti Eleni Teoxarus kimi parlamentarilərlə bağlı ölçü götürsün və öz üzərindəki “erməni konyakı” ləkəsini təmizləsin.