Xalidə Hasilovanın anadan olmasının 90 illiyi qeyd ediləcək

14 Dekabr 2010 02:50 (UTC+04:00)

Dekabrın 16-da M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında yazıçı-dramaturq Xalidə Hasilovanın anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən görə, Nazirliyin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində Milli Kitabxananın Konfrans zalında X.Hasilovanın yaradıcılığına həsr olunmuş sərgi nümayiş olunacaq.

Yubiley tədbirində görkəmli ədiblər, jurnalistlər, yazıçını tanıyan mədəniyyət nümayəndələri çıxış edərək, uzun müddət "Azərbaycan qadını" jurnalının baş redaktoru olmuş X.Hasilovanın yaradıcılığından, tərcüməçi və jurnalist kimi fəaliyyətindən söz açacaqlar.

Tədbirin aparıcısı tanınmış jurnalist Flora Xəlilzadədir.

Görkəmli nasir, dramaturq Xalidə Məmməd qızı Hasilova 1920-ci il aprel ayının 19-da Zaqatalada anadan olub. Pedaqoji texnikumu bitirdikdən sonra Zaqatala rayonundakı Qımır kəndində müəllimlik edib. 1939-1941-ci illərdə Leninqrad Universitetinin Filologiya fakültəsində təhsil almış, Bakıya qayıtdıqdan sonra təhsilini ADU-nin Filologiya fakültəsində davam etdirib.

X.Hasilova uzun müddət bədii yaradıcılıqla məşğul olmuş, həm uşaqlar, həm də böyüklər üçün bir sıra gözəl əsərlər yazmışdır. Yazıçı həmçinin tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuş, türk və rus dillərindən V.Q. Korelenko, N.Tixonov, İ.P. Soto, Ə.Nesin və başqalarından tərcümələri vardır.

Xarici ölkələrdə dostluq cəmiyyəti nümayəndə heyətinin tərkibində Macarıstan, AFR, İsveçrə, İran və Yaponiya ölkələrində səfərdə olub.

Xalidə Hasilova bir təcrübəli jurnalist kimi həmişə gənc jurnalistlərə arxa duraraq, öz köməyini onlardan əsirgəmirdi. Çünki X. Hasilova gözəl yazıçı olmaqla bərabər, həm də peşəkar jurnalist, bacarıqlı rəhbər idi. O "Göyərçin" və "Azərbaycan qadını" jurnallarnın baş redaktoru işləyib. Yazıçının "Həsrət", "Həyat özü bir nəğmədir", "Bir sahilin adamları", "Hamı doğmadır mənə", "Nəğməli könül" pyesləri müxtəlif teatrların səhnəsində tamaşaya qoyulmuş, əsərləri rus və türk dillərinə tərcümə olunub.

O, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi adını almış, "Şərəf nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilmişdir. Azərbaycanın görkəmli yazıçısı Xalidə Hasilova 1996 cı ilin dekabrın 5-də Bakıda vəfat edib.