Binədəki qəzada yaralananların vəziyyəti barədə Səhiyyə Nazirliyinin Məlumatı

2 Oktyabr 2018 10:50 (UTC+04:00)

Səhiyyə Nazirliyi Bakının Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanlarla bağlı son durumu açıqlayıb. SİA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında 12 nəfər müalicəsini davam etdirir. Onların 5-i reanimasiya şöbəsində yerləşdirilib ki, həmin şəxslərin də 2-sinin vəziyyəti ağırdır. Xəstəxananın travmatologiya şöbəsində 2-si uşaq olmaqla 7 nəfər müalicəsini davam etdirir.

Nazirlik rəsmisinin sözlərinə görə, indiyədək xəstəxanada 3 xəstə üzərində cərrahiyyə əməliyyatı həyata keçirilib.

S.Əhmədova qeyd edib ki, qəza zamanı yaralanan şəxslərdən 6-sı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilmişdi. Onlardan 2-si artıq ambulator yardım alaraq evə buraxılıb. Hazırda KTM-də müalicə edilən 4 xəstədən birinin vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta ağırdır.