Dünya ölkələrində yazılı mətbuat nə vaxt yoxa çıxacaq?

11 Dekabr 2010 21:01 (UTC+04:00)

Mərkəzi İngiltərədə yerləşən Gələcək Ünsiyyət Araşdırmaları təşkilatı gələcəkdə yazılı mətbuatın taleyi ilə bağlı araşdırmalar aparıb. SİA-nın məlumatına görə, yazılı mətbuatın 2040-cı ilə qədər təxminən 51 ölkədə ortadan qalxacağı bildirilir.

 

Təşkilatın rəhbəri Ross Davson yazılı mətbuatın hansı ölkələrdə, hansı tarixlərdə yox olacağı ilə bağlı dünya xəritəsini tərtib edib. Xəritədə rənglər nə qədər tünddürsə, həmin ölkənin yazılı mətbuatı o qədər tez öləcək. R.Davson qəzetlərin nəslinin tükənməsinə gətirib çıxaracaq başlıca səbəbləri isə bu cür sıralayıb: Mobil telefonlar və internet oxucularının artan imkanları, yazılı mətbuatın artan xərcləri, reklam trendleri, iqtisadi inkişaf, media qanunvericiliyinin səviyyəsi və hökumətlərin elektron mediaya dəstəyi.

 

Proqnozlara görə, ABŞ-da yazılı mətbuat 2017, İngiltərədə 2019, Almaniyada 2030, Türkiyə və Rusiyada isə 2036-cı ildə aradan çıxacaq. Davson bildirib ki, inkişaf etməkdə olan ölkələrdə yazılı media sürətlə inkişaf edir, ancaq eyni zamanda dünyada digital xəbərçiliyin yazılı mətbuatın yerini alması prosesi baş verir.