Azərbaycanlı səfir: “Ölkəmizin dünya birliyində özünə layiqli yer tutması, davamlı iqtisadi inkişafın möhkəm özüllərinin atılması Heydər Əliyevin liderliyi sayəsində mümkün olub”
11 Dekabr 2010 19:16 (UTC+04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində anma mərasimi keçirilib. Bu barədə SİA-ya səfiriliyin mətbuat xidmətindən məlumat daxil olub. Anma mərasimində Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatları, o cümlədən Azərbaycan Beynəlxalq Bankı, Dövlət Neft Şirkəti, Azərbaycan Hava Yolları şirkətinin Londondakı nümayəndələri, eləcə də Azərbaycan Evi və Avropa-Azərbaycan Cəmiyyətinin rəhbərliyi və nümayəndələri iştirak edib.
İlk öncə Heydər Əliyevin səfirliyin binasında yerləşən büstü önünə əklil qoyulub, ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən səfir Fəxrəddin Qurbanov ümummilli liderin həyat yoluna və siyasi fəaliyyətinə nəzər yetirib, onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən söhbət açıb. Səfir ötən əsrin 90-cı illərində dövlətçiliyimizin qorunub saxlanması, ölkəmizin dünya birliyində özünə layiqli yer tutması, eləcə də davamlı iqtisadi inkişafın möhkəm özüllərinin atılmasının məhz onun liderliyi sayəsində mümkün olduğunu nəzərə çatdırıb.
Bu siyasi kursun bu gün də uğurla davam etdirildiyi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün istiqamətlərdə öz mövqelərini günü-gündən gücləndirdiyi vurğulanıb. Daha sonra çıxış edən Londonda fəaliyyət göstərən Azərbaycan Evinin idarə heyətinin sədri Əli Təkin Atalar ümummilli liderin Azərbaycan xalqı qarşısında xidmətlərinin əvəzedilməz olduğunu bildirib və onunla bağlı şəxsi xatirələrini bölüşüb. O, xarici ölkələrdəki Azərbaycan diasporasının güclənməsi və milli maraqların beynəlxalq səviyyədə müdafiəsinin H.Əliyevin hər zaman diqqət mərkəzində saxlandığını və onun xatirəsinin daim Azərbaycan xalqının qəlbində yaşayacağını ifadə edib.
Mərasimdə ümummilli liderin həyat və siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.