Yol nişanları, siqnallar və nişanlanma xətləri dəyişdiriləcək
11 Dekabr 2010 19:07 (UTC+04:00)
Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclası açan İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bütün həmkarlarını 2010-cu ilin parlament seçkilərində uğur qazanmaları və yeni sessiyanın başlanması münasibəti ilə təbrik edib, komitənin yeni tərkibdə gələcək fəaliyyətinə toxunub. O, komitə tərəfindən gələn ilin yaz sessiyasında bir sıra sanballı qanun layihələrinin - o cümlədən Gömrük, Bank və Rəqabət Məcəllələrinin müzakirəyə çıxarılacağını bildirib.
Sonra deputatlar gündəlikdəki məsələlərin müzakirəsinə başlayıbar. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunun tətbiqi ilə əlaqədar Əmək Məcəlləsinə və "Sığorta fəaliyyəti haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi barədə" sənəd haqqında Ziyad Səmədzadə məlumat verib. Qeyd edilib ki, Əmək Məcəlləsinə təklif olunan variantda işəgötürən qanunvericiliklə müəyyən edilən qaydada, hər bir işçinin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirməsi hallarında icbari sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində isə işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi zəruridir.
Sonra "Təhsil haqqında" qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə sənəd müzakirə edilib. Deputatlar iqtisadi sahəni əhatə edən bəzi sənədlərdə edilən dəyişiklikləri razılıqla qarşılayıblar.
İclasda müzakirəyə çıxarlan "Yol nişanları və siqnalları haqqında" Konvensiyanın, "Yol nişanları və siqnalları haqqında" 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin və "Yol nişanları və siqnalları haqqında" 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin "Yolların nişanlanması barədə" Protokolunun təsdiq edilməsi haqqında qanun layihələrini parlament Aparatının müvafiq şöbəsinin əməkdaşı Sarvan Sadıqov şərh edib. Bildirilib ki, son illərdə ölkəmizdə yol standartları keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, yeni yollar, körpülər salınıb, yük və nəqliyyat daşımaları artıb. Buna görə mövcud yol nişanları, siqnalları və nişanlanma xətlərinin beynəlxalq aləmdəki standartlarla eyniliyinin təmin edilməsi, eləcə də yollarda hərəkət təhlükəsizliyinin artırılması məqsədi ilə sənədlərin təsdiqi zəruridir.
Ətraflı müzakirələrdən sonra deputatlar qanun layihələrinin parlamentin plenar iclasının müzakirəsinə çıxarılmasını məqsədəuyğun hesab ediblər.