Ermənistan total cinayətkarlıq və korrupsiya içində - ANALİZ

11 Dekabr 2010 03:20 (UTC+04:00)

Ermənistanın sosial-iqtisadi sferada üzləşdiyi problemlərin əsas səbəblərindən biri- ölkədəki mövcud hakimiyyətin korrupsioner və kriminal xarakterli olmasıdır. Xatırladaq ki, vətəndaşlarının hüquq və azadlıqlarını kobudcasına pozan, xalqı öz maraqları naminə dəfələrlə zərbə altına qoyan Sarkisyan rejiminin bu və ya digər cinayətkar əməlləri haqqında, nəinki, Ermənistan əhalisi, hətta, dünya ictimaiyyəti artıq xəbər tutub. Həmin materialların maraqlı olduğunu nəzərə alaraq, bu faktları dəyərli oxucularımızın diqqətinə çatdırırıq.

Son 3 ildə Ermənistanda korrupsiyanın səviyyəsi xeyli artıb

Erməni xəbər portalı news.am saytına istinadən verdiyi məlumata görə, bunu "Transparency İnternational" təşkilatının icraçı direktoru Varujan Oktanyan bildirib. "Aparılan sorğular göstərir ki, son illər bu ölkədə korrupsiyanın həcmi xeyli artıb. Rəyi soruşulanların yarısı belə düşünür. Əks meyli müşahidə edənlər cəmi 15%-dir. Ermənistanda daha çox korrupsiyalaşmış sahələr kimi təhsil, polis və məhkəmə sistemləri göstərilir", - deyə o, qeyd edib. Oktanyanın sözlərinə görə, sorğunun aparıldığı 85 ölkənin heç birində təhsil sahəsi belə "fəxri yer"də olmayıb. Ermənistanda total korrupsiya sistemi yaradılıb və bu şəbəkəsinin başında dövlətin rəhbərləri dayanır. Ölkənin Rusiyanın nəzarətində olan əmlakından başqa yerdə qalan hər şey oliqarx məmurların əlinə keçib.

İşğalçı ölkədə iqtisadi sferada maliyyə-fırıldaq piramidasının prinsipləri ilə fəaliyyət göstərən kriminal-güc konstruksiyası formalaşıb. Problem ondadır ki, bütün ölkə kriminal anlayışın ən pis ənənələri ilə fəaliyyət göstərən bir neçə insanın mülkiyyətinə çevrilib. Ən pisi hakimiyyət qruplaşmalarının Ermənistanda olan müəssisələrinə valyuta vasitələrini xarici banklarda və offşor zonalarda yerləşdirmək üçün bir alət olaraq yanaşmalarıdır.

Prezident Administrasiyasının baş mühasibi rüşvət alırmış

Ermənistan Prezident Administrasiyasının baş mühasibi Anait Zakaryan işdən çıxarılıb. Bu barədə məlumat "Jamanak" qəzetində dərc edilib. Məlumata görə, baş mühasiblə birlikdə Prezident Aparatanın daha 4 əməkdaşı da işdən qovulub.

Bildirilir ki, hələ Robert Koçaryanın hakimiyyəti dövründən baş mühasib işləyən Anait Zakaryan külli miqdarda vəsaiti mənimsəyib. O, mənimsədiyi pullar hesabına beş qızına toy edib, onlara ev alıb, özü isə İrəvanın Nork rayonunda villa sahibi olub. Prezident Administrasiysının mühasibatlığı Nəzarət Palatası, Maliyyə Nazirliyinin nəzarət xidməti tərəfindən heç vaxt yoxlanılmadığından, Anait Zakaryan qulluq mövqeyindən sui-istifadə edərək, rahatlıqla pul mənimsəyə bilib.

Dünən erməni medaisında yayımlanan başqa bir məlumata görə, Ermənistanın komitə sədri 15 milyon dollarlıq ev alıb. Ermənistanın Dövlət Xərcləri Komitəsinin sədri Qaqik Xaçatryan isə özünə "BMW X6M" markalı avtomobil alıb. "Jamanak" qəzeti xəbər verir ki, o, bu maşina nə az, nə çox-düz 200 000 dollar ödəyib.

Məlumata görə, Xaçatryan bununla kifayətlənməyərək, özünə Parisdə ev də alıb. Onun Parisdəki qonşusu isə "təsadüfən" Ermənistanın Gömrük Xidmətinin sabiq rəhbəri Armen Avetisyandır. Qəzet Xaçatryanın bu evə ən azı 15 milyon dollar xərclədiyini yazır.

Ümumiyyətlə, Ermənistanın dövlət sistemi idarəçiliyində bu və ya digər məmur asan qazanc əldə etmək məqsədilə vəzifə səlahiyyətindən sui-istifadə etməyi adi hala çevirib, bununla bağlı məmurların fəaliyyət dairəsi daim genişlənməkdədir.

Ermənistanda bütün sahələrdə bahalaşma başlayıb

Yeni il ərəfəsində Ermənistan biznesmenləri qiymətləri bahalaşdırmaqla, daha çox qazanmağa çalışır. Milli.Az xəbər portalının Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bunu dünən keçirdiyi mətbuat konfransında Milli İstehlakçılar Assambleyasının rəhbəri Melita Akopyan bildirib. Onun sözlərinə görə, hazırda ölkədə tikinti və elektrotexnika istisna olmaqla, bütün sahələrdə bahalaşma qeydə alınır. "Yeni il bəzəkləri də bahalaşır",- deyə o, qeyd edib: "Yeni il ərəfəsində bütün dünyada qiymətlər ucuzlaşır, Ermənistanda isə əksinə. Hər kəs Avropadakı qiymətlərdən danışır, amma Avropadakı əməkhaqqı haqda danışan yoxdur. Ermənistan bazarının 85%-ni təşkil edən idxalçılar qiymətləri qaldırır, xalq isə çıxılmaz durumda qalır".

Yanacaqdoldurma məntəqələrində benzinin 1 litrinin qiyməti 10 dram artıb. Ölkəyə benzin idxalı ilə məşğul olan "Fleş" şirkətinin direktoru Muşeq Elçyan bildirir ki, bunun bir neçə səbəbi var. "Qışda iqlim şəraiti ilə əlaqədar olaraq neft məhsullarının qiyməti artır. Proqnozlara görə, bu qış Avropada çox sərt keçəcək. Odur ki, benzinin qiymətində artım davam edir. Amerikada qeydə alının iqtisadi inkişaf da qiymət artımına səbəb olur", - deyə Elçyan iddia edib.

Onun fikrincə, belə davam edərsə, benzinin qiymətində növbəti artımlar da olacaq. Elçyan artımın nə qədər olacağını söyləməkdə çətinlik çəkib.

İşağlçı ölkənin batan iqtisadiyyatı

Ötən ilin yekunlarına əsasən, Ermənistan MDB dövlətləri arasında ümumi daxili məhsulun azalması baxımından 14,4 faizlik göstərici ilə birinci yerə çıxıb. Ekspertlər belə hesab edirlər ki, həmin nəticə tamamilə qanunauyğun və gözlənilən olub. Çünki Ermənistanın iqtisadi cəhətdən sürətlə çökməsinin əsas səbəblərindən biri də hədsiz miqdarda varidata sahib olan yüksək çinli məmurların gündən-günə artan korrupsiyanın, hakimiyyət sıralarına kriminal ünsürlərin daxil olmasının qarşısını ala bilməməsidir.

Belə durumda Ermənistana verilən beynəlxalq kreditlər də məmurların öz şirkətləri arasında bölüşdürülür. Həmin kreditlər sadə vətəndaşların sosial müdaifəsinin güclənməsində heç bir rol oynamır, əksinə, ölkənin xarici borclarını təhlükəli templərlə artırır. Həmçinin real və yeni iş yerlərinin yaradılması müşahidə olunmur.

Belə vəziyyət həm də ona gətirib çıxarıb ki, Ermənistanda əsas iş adamları kimi yalnız yüksək çinli məmurlar çıxış edir və sözügedən ölkənin mövcud reallığı kontekstində hakimiyyət və biznesin tam qovuşmasını görmək mümkündür. Bu sistemdə biznesmenlər yalnız yüksək vəzifəli şəxslər olur. Dövlət sifarişindən və biznesdən erməni reallığı çərçivəsində danışmaq mümkün deyil.

Beləliklə, Ermənistanın cinayətkar hakimiyyətinin iç üzü faktlarla ifşa olunur. Çox təəssüf ki, Azərbaycanda kiçik problemləri böyüdüb fəlakətə çevirən Qərb dövlətləri və bəzi beynəlxalq təşkilatlar Ermənistanda baş verənləri görmürlər. Əslində, görmək istəmirlər desək, daha doğru ifadə olar. İkili standartların tətbiqi üzrə ən yaxşı nümunələrdən biri də budur.