Erməni KİV-ləri xam xəyallara dalaraq, erməni xalqına “təskinlik” verirlər
Azərbaycanın siyasi, iqtisadi, hərbi və s. istiqamətlərdə sürətlə irəliləməsi, o cümlədən, bir sıra dünya miqyaslı layihələrdə təşəbbüskar və iştirakçı rolunu alması get-gedə erməni siyasi-ictimai rəyini ciddi şəkildə narahat etməkdədir. Artıq işğalçı ölkənin müxtəlif dairələrində çıxış yolları axtarılır, qarşılarında olan gücdən necə yayınmaq üzərində “başlar sındırılır”. Hətta vəziyyət o həddə qədər gedib-çıxıb ki, utopik və xam xəyallara söykənən “ideyalar” səsləndirilir. SİA xəbər verir ki, “Armenian report” saytının analitik bölməsində gedən müəllif yazısında Ermənistanın “İsrailə çevirlmək” məsələsi qabardılıb.
Ermənilər rəsmi Bakının uğurlu diplomatiya siyasətini etiraf edirər: “...Və burada bir amilə diqqət yetirmək lazımdır ki, rəsmi Bakı siyasi müstəvidə dünyanın müxtəlif dövlətləri ilə necə fəal iş aparır”
“Bizə yeni İsrail olmaq lazımdır”, başlıqlı yazıda bildirilir ki, yalnız bu halda ölkənin xilası mümkün ola bilər və ayrı yol da yoxdur. SİTAT: “Müharibəni heç kim, heç vaxt anidən başlamır. Bu və ya digər ölkəyə hücum müəyyən zondaj nəticələrlə müşahidə edilir ki, mövcud addımdan sonra sənə müharibənin əvvəlində kimlərin dəstək verdiyi məlum olur”.
Beləliklə, beynəlxalq aləmin məhz Azərbaycanın ərazi bütövlüyünü tanımasına işarə edən erməni müəllifə görə, artıq onlara (erməni tərəfinə-R.R.) açıq-aydın bəllidir ki, Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etmək üçün müharibəyə başlaya bilər. Bu mənada, rəsmi Bakının son illər apardığı uğurlu diplomatiyaya da eyham vuran müəllif yazır: “Və burada bir amilə diqqət yetirmək lazımdır ki, rəsmi Bakı siyasi müstəvidə dünyanın müxtəlif dövlətləri ilə necə fəal iş aparır”.
“Təəssüf ki, ABŞ və Avropada, eləcə də Çində və Rusiyada Ermənistan və “Artsaxla” silah gücü ilə danışan ölkə ilə münasibətlərin inkişafı vacibliyi barədə fikirlər vurğulanır”
Həmçinin güclü Orduya malik olan ölkəmiz nəzərdə tutular və bildirilir ki, beynəlxalq aləm bütün sahələrdə tərəqqi edən Azərbaycanla əməkdaşlığa can atır. “Təəssüf ki, ABŞ və Avropada, eləcə də Çində və Rusiyada Ermənistan və “Artsaxla” silah gücü ilə danışan ölkə ilə münasibətlərin inkişafı vacibliyi barədə fikirlər vurğulanır”, “Armenian report”un siyasi bölməsində qeyd olunur, eləcə də Yerevanla Moskva arasındakı soyuq münasibətlərə toxunulur: “Bütün bunlar təəssüf ki, bütövlükdə Yerevanla Moskva arasındakı soyuq münasibətləri sübut edir, həmçinin Qərbin Bakını hərbi ritorikadan yayındırmaq cəhdinə marağının olmadığını göstərir”.
“ADEX-2018” sərgisindən doğan gerçəklik: “Biz artıq Azərbaycandan qaçılmaz yeni müharibə barədə fikirlər eşidirik”
Erməni müəllif Azərbaycan Prezidenti İlham Əliyevin zaman-zaman işğalçı rejim rəhbərliyinə qarşı verdiyi sərt və qətiyyətli bəyanatlara işarə edərək yazır: “Nəticədə biz, artıq Azərbaycandan qaçılmaz yeni müharibə barədə fikirlər eşidirik. Üstəgəl, orada (Azərbaycanda-R.R.) hər yerdə hərbi təlimlər keçirilir və aydındır ki, bunu təlim xətrinə deyil, bizimlə (işğalçılarla – R.R.) yeni müharibəyə başlamaq üçün edirlər. Lakin bu da son deyil. Kifayət qədər ölkələr var ki, bizimlə müharibədə Azərbaycana kömək etməyə hazırdırlar və bu heç də sakit siyasi dəstək olmayacaq”.
Qeyd edilən fikirləri sübut etmək üçün analitik müəllif Bakıda keçiriləcək “ADEX-2018” sərgisinə toxunub.
Erməni analitik Rusiyanın “bostanına” da “daş” atmağı unutmayıb: “Rusiya KİV-ləri Ermənistanı işğalçı ölkə olaraq göstərir”
“Sən demə, Bakıda, Ekspo Mərkəzdə keçiriləcək “ADEX-2018” sərgisində müxtəlif ölkələrdən 200 şirkətin iştirakı gözlənilir. “ADEX-2018”də Azərbaycandan, Türkiyədən, Fransadan, Rusiyadan, İsraildən, Belarusdan, Pakistandan, Serbiyadan, Ukraynadan və s. ölkələrdən milli qruplar iştirak edəcək.
İştirakçı ölkələrin müdafiə komplekslərinin şirkətləri arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland və başqa dünya ölkələri də var. Onlar bzim üçün kimlərdirlər? Düzdür - Azərbaycanı sözdə deyil, əməldə yeni müharibədə dəstəkləyəcək dövlətlər”.
Beləliklə, daxillərindəki qorxunu açıq-aşkar biruzə edən işğalçı ölkənin mediası və ictimai rəyi iddia edir ki, həmin dövlətlərə böyük pullar əldə etmək lazımdır və erməni əsgərlərinin öldürülməsi onları qətiyyən maraqlandırmır. Müəllif bu dəfə də anti-Rusiya xarakterli çıxışa yol verərək, rəsmi Kremlin “bostanına daş atır” və yazır ki, bu məsələdə xüsusilə Rusiya daha fəal görünür: “Onlar (Rusiya-R.R.) Azərbaycanı silahla təmin etməyə davam edirlər və bunu bizim müttəfiqimiz ola-ola reallaşdırırlar. Eləcə də, Rusiya mətbuatı artıq Azərbaycanın tərəfində olduğunu açıq-aşkar yazır. Ermənistan isə həmin KİV-lərdə mümkün hücuma məruz qalan ölkə kimi deyil, işğalçı kimi göstərilir...”
Türkiyə faktorundan doğan qorxu: “Ərdoğanın bu yaxınlarda verdiyi bəyanat təsdiq edir ki, Ankara baş verə biləcək yeni müharibədə həmin istiqamətdəki hərəkətlərini davam etdirmək fikrindədir”
Digər ilginc nüans Türkiyə ilə bağlıdır. “Türkiyə haqqında danışmağın mənası da yoxdur”, qeyd edən erməni müəllif yazır ki, bu ölkə hər zaman və bütün məsələlərdə Azərbaycanı dəstəkləyib. Buna misal olaraq, Türkiyənin prezienti Rəcəb Tayyib Ərdoğanın bəyanatı göstərilir: “Ərdoğanın bu yaxınlarda verdiyi bəyanat təsdiq edir ki, Ankara baş verə biləcək yeni müharibədə həmin istiqamətdəki hərəkətlərini davam etdirmək fikrindədir”.
Erməni müəllif qorxusunu daha da izafiləşdirərək, hətta iddia edib ki, guya bu məsələdə türk əsgərləri də iştirak edə bilərlər. “Bəs NATO necə olacaq? Belə ki, Türkiyə görünür buna görə bəyan edir ki, Alyansdan çıxmağa hazırdır”, erməni analitik yazarı bildirir.
İsrail reallığı: “İsrailin müdafiə naziri Liberman bir neçə gün Bakıda olub və ölkə rəhbərliyinə çoxsaylı komplimentlər edib, həmçinin belə bir fikir irəli sürüb ki, ölkələr arasındakı əməkdaşlığı inkişaf etdirmək vacibdir”
Ancaq sözügedən məsələnin daha bir tərəfinə toxunan erməni müəllif bu dəfə İsrail faktoruna toxunub. “Axı İsrail də var”, yazan analitik xatırladıb ki, bu dövlətin hərbi şirkəti olan “Israel Military” Bakıda keçiriləcək “ADEX-2018” sərgisində istehsal etdiyi silahları, hərbi sursatları, eləcə də raket və zirehli texnikaları ilə yanaşı, Rampage adlandırılan səsdən sürətli raketini də təqdim edəcək: “Buna qədər xatırlatmaq istərdim ki, İsrailin müdafiə naziri Liberman bir neçə gün Bakıda olub və ölkə rəhbərliyinə çoxsaylı komplimentlər edib, həmçinin belə bir fikir irəli sürüb ki, ölkələr arasındakı əməkdaşlığı inkişaf etdirmək vacibdir. Bundan əlavə, Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edib...”
“Armenian report”: “Vəziyyət çox kədərlidir...”
Bu vasitə ilə İsrailin də Ermənistana mesaj verdiyini iddia edən erməni müəllif vəziyyətin ermənilər üçün kədərli olduğunu yazıb və nə qədər maraqlı görünsə də Ermənistanın “İsrailə çevrilməli vacibliyi” barədə sərsəm xəyallara dalıb: “Göründüyü kimi mövcud vəziyyət çox kədərlidir. Situasiyanın təhlükəli olduğunu nəzərə alaraq, qarşımızda yeni imkanlar açılır və yardımımıza İsrail nümunəsi gələ bilər. Bu dövlət onilliklər boyu düşmən əhatəsində olmasına baxmayaraq, regionun ən qüdrətli ölkəsinə çevrilib. İsrail artıq Rusiyanın hərbi təyyarələrini vurmaqdan çəkinmir, bunun yerinə isə Rusiyanın narazılığına qarşı müəyyən təəssüfedici fikirlər səsləndirməklə kifayətlənir”.
“Bizə “yeni İsrail olmaq lazımdır”, deyə utopik düşüncələrə dalan ac və böhranlar içində çabalayan işğalçı Ermənistanın KİV nümayəndəsi xilaslarının məhz bu yolla reallaşacağını xəyal edir və başqa yollarının olmadığını da bildirir.
Göründüyü kimi, Ermənistanın aparıcı KİV-lərindən olan “Armenian report”un siyasət yazarı da anlayır ki, artıq onun ölkəsi çıxılmaz durumdadır və yeni hökumət, hətta onu əvəzləyəcək digər hakimiyyətlər də işğalçı ölkəni düşdüyü ağır və sarsıdıcı vəziyyətdən qurtara bilməyəcək. Yəqin, ermənilərin indi də bu stildə özlərinə təskinlik verməkdən başqa əlacları qalmayıb.
Rövşən RƏSULOV