Misir Mərdanov: “Azərbaycanın hər bir vətəndaşı hicab məsələsinə qanunda olduğu kimi münasibət bildirməlidir” - MÜNASİBƏT
10 Dekabr 2010 22:16 (UTC+04:00)
Təhsil Naziri Misir Mərdanov bu gün hicablı şagirdlərin və valideynlərin nazirlik qarşısında aksiya keçirməsinə münasibət bildirib. SİA-nın məlumatına görə, bu barədə jurnalsitlərə açıqlama verən Misir Mərdənov bildirib ki, məktəblərdə hicablara qadağa qoyulması ilə bağlı məsələ mənim məsələm deyil: "Bu barədə Azərbaycan Parlamentində qanun qəbul edilib".
Onun sözlərinə görə, hər bir vətəndaşın borcudur ki, bu qanuna əməl etsin. "Biz də bu qanuna əməl edirik. Ona görə də Azərbaycanın hər bir vətəndaşı bu məsələyə qanunda olduğu kimi münasibət bildirməlidir. Qanunun 14.10 maddəsində yazılıb ki, Azərbaycanın təhsil müəssisələrində təhsil alanların geyimi həmin müəssisələrin nizamnaməsi əsasında müəyyənləşdirilir. Ona görə də bu məsələ ilə bağlı başqa bir fikir deyə bilmərəm",- deyə nazir əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycan Təhsil Nazirliyinin binası qarşısında "Hicaba azadlıq!" şüarı ilə aksiyaya cəhd göstərilib.