Yeni Azərbaycan Partiyası rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

10 Dekabr 2010 21:58 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ümummilli lider Heydər Əliyevin vəfatının 7-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət edib. SİA-nın məlumatına görə, ziyarətçilər arasında YAP-ın sədr müavini Əli Əhmədov, partiyanın icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov və Bahar Muradova, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, eləcə də partiyanın digər fəalları olub.

Jurnalistlərə açıqlamasında YAP-ın sədr müavini Ə.Əhmədov ulu öndərin xatirəsinin Azərbaycan xalqı tərəfindən hər zaman əziz tutulacağını bildirib. O, paytaxtdan əlavə regionlarda da ümummillim liderin anım tədbirlərinin keçiriləcəyini qeyd edib.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyev 2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend klinikasında 80 yaşında vəfat edib. 2003-cü ilin dekabrından etibarən hər il dekabrın 12-də Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım günü keçirilir. Həmin gün Azərbaycan vətəndaşları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edirlər. Bakıda və Azərbaycanın bölgələrində anım tədbirləri keçirilir.