Azərbaycan Konstitusiya Məhkəməsinin növbəti plenum iclası keçirilib

10 Dekabr 2010 18:37 (UTC+04:00)

Azərbaycan Konstitusiya Məhkəməsinin növbəti plenum iclası keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Konstitusiya Məhkəməsinin plenumunda İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsman) sorğusuna baxılıb. Ombudsmanın sorğusu "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə bağlı olub. Sorğuda qanunun 8.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25, 38, 71 və 147-ci maddələrinə, 149-cu maddəsinin I və III hissələrinə, 8.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğunluğunun yoxlanılması istənilib. Plenumda iş üzrə hakim S. Salmanovanın məruzəsi, sorğu verən və cavabverən orqanların nümayəndələrinin, mütəxəssislərin çıxışları, ekspertin rəyini dinləyib.

 

Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, hüquq bərabərliyi prinsipi baxımından sosial təminat hüquq münasibətlərinin subyektləri tərəfindən pensiya hüquqlarının səmərəli həyata keçirilməsi, xüsusilə də "Əmək pensiyaları haqqında" Qanunda beş və daha çox uşaq övladlığa götürmüş qadınların, ögey anaların, beş və daha çox uşaq böyüdən qəyyum qadınların güzəştli şərtlərlə pensiya hüququnun əldəetməsinin eyni qaydada təxirə salınmadan tənzimlənməsini tələb edir. Plenum qərara alıb ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I və III hissələrinə uyğun hesab edilsin. Konstitusiyanın 25-ci maddəsinin II və III hissələrinin, 149-cu maddəsinin I və III hissələrinin tələblərinə müvafiq olaraq beş və daha çox uşağı övladlığa götürüb səkkiz yaşınadək böyüdən anaların, beş və daha çox uşağı səkkiz yaşınadək tərbiyə etmiş ögey anaların yaşa görə pensiya hüququ "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə; beş və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum qadınların yaşa görə pensiya hüququ "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə bu Qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla uyğunlaşdırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.