Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun Ekspertlər İclası keçirilib

9 Dekabr 2010 23:41 (UTC+04:00)
MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun (bundan sonra – İFESCCO) Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil olunan Ekspertlər İclası keçirilib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İclasda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli və Turizm şöbəsinin Daxili turizm sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədov iştirak edib.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Özbəkistan, Rusiya, Tacikistan və Ukrayna nümayəndə heyətləri ilə, həmçinin MDB və İFESCCO təmsil olunub. İclas zamanı növbəti ilin Müstəqil Dövlətlər Birliyində Tarixi-Mədəni İrs İli elan olunmasının nəzərə alınması şərti ilə İFESCCO-nun 2011-ci il üçün Tədbirlər (layihələr) Planı müzakirə edilib.

Eyni zamanda, 2011-ci ilin MDB-də Tarixi-Mədəni İrs İli olduğunu nəzərə alaraq, 2011-ci ilin ikinci yarısında həyata keçirilməsi planlaşdırılan maddi və qeyri-maddi mədəni irsə dair layihələr üçün müsabiqənin açıq qalmasına dair razılıq əldə olunub.