Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 122 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 70 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 12 m3/s təşkil edərək ongünlük normanın 13 faizinə bərabər olub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 323 sm (2017-ci il sentyabrın 14-də 320 sm), Şirvanda 193 sm (2017-ci il sentyabrın 14-də 181 sm), Salyanda 151 sm (2017-ci il sentyabrın 14-də 135 sm), Bankədə 186 sm (2017-ci il sentyabrın 14-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 30 sm (2017-ci il sentyabrın 14-də 58 sm) təşkil edir.