Xalqımız, bütün ölkə və ictimaiyyəti üçün 15 sentyabr həqiqətən də qürurverici, həm də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır. Bu il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunması diqqət mərkəzindədir. Keçirilən parad Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri çərçivəsində, Bakının 1918-cı il sentyabrın 15-də blşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyi münasibətilədir.
Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların müvafiq strukturlarının şəxsi heyətinin və minik vasitələrinin cəlb edildiyi, iştirakçıların Azadlıq Meydanı və Dənizkənarı Bulvar ərazisindən hərbi geyimlərdə, süvari və piyada ordu şəklində keçidi, ümumiyyətlə paradın hazırlıq məşqlərini paytaxt sakinləri maraqla izləyiblər. Hazırlıq mərhələləri turistlərin də marağına səbəb olub. Geyimləri belə Azərbaycan və Osmanlı ordusunun 100 il əvvələ aid hərbi geyimlərinə uyğunlaşdırılan parad iştirakçılarının sentyabrın 15-də Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə Bakının küçələrindən keçmələrinə isə marağın sözsüz ki, daha böyük olacağı gözlənilir.
Ermənilərin Azərbaycanda müsəlmanlara qarşı soyqırımları Osmanlı dövlətini bir an gecikmədən hərbi yardıma keçməyə sövq edir
Qafqaz İslam Ordusunun fəaliyyət hərəkatı Azərbaycanın istiqlal tarixində və bunun kimi də milli müqəddəratının həllində mühüm rolu olan bir hadisədir. Bir tərəfdən I Dünya müharibəsinin başlanması, həmçinin Rusiyadakı hakimiyyət çevrilişlərinin Qafqazda, о cümlədən Azərbaycanda öz dərin təsirini göstərməsi, digər tərəfdən Osmanlı - Rusiya qoşunlarının üz-üzə dayandıqları Qafqaz cəbhəsinin çox yaxında olması Azərbaycandan istər Osmanlı türk cəbhəsi komandanlığına, istərsə də dövlətə müraciətləri labüd edirdi. Ermənilərin müsəlmanlara qarşı, Azərbaycanın paytaxtı Bakıda, ardınca digər bölgələrdə başladığı soyqırımlar Osmanlı dövlətini nəhayət qardaş xalqlara bir an gecikmədən hərbi yardıma keçməyə sövq edir.
Məlumdur ki, 1918-ci il sentyabr ayının 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib. Azərbaycan əsgər və zabitləri türklərlə birlikdə Bakının düşməndən təmizlənməsində şərəflə döyüşüb. Azərbaycan, eyni zamanda türk əsgər və zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı əsasən ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olunub. Məhz bu şərəfli tarixin 100 illik ildönümünün keçirilməsinin, Türkiyə-Azərbaycan qardaşlığının tərənnüm edilməsinin əhəmiyyəti böyükdür.
Bolşevik-daşnak qüvvələrinin törətdikləri türkün qan yaddaşından silinən deyil
Leninin direktiv göstərişlərini həyata keçirən Stepan Şaumyanın 1918-ci ilin mart-iyul aylarında Bakı Sovetinə tabe olan daşnak silahlı dəstələrindən və bolşevik hərbi birliklərindən istifadə edərək Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında qırğınlar törətməsi, yüzlərlə yaşayış məskənini dağıdıb, dinc insanları amansızcasına qətlə yetirməsi artıq dünya ictimaiyyəti üçün sirr deyil. Bakı Sovetinin ixtiyarında olan, mütləq əksəriyyəti ermənilərdən ibarət hərbi birləşmələrin iyunun Azərbaycan ərazilərini işğal etməsi, kütləvi qırğınlar törətməsi, qanlı döyüşlər bizim qan yaddaşımızdan silinməzdir. Bu soyqırım siyasəti, erməni xislətindən doğan vandallıq hadisələri, vəhşilik və amansızlıqla müşaiyət olunan türk milli mənsubiyyətinə malik olanların kütləvi qətlləri ümumilikdə türkün qan yaddaşından silinən deyil və düşmən üzərində qələbə tariximizin ən şanlı səhifələrindəndir.
Həmin dövrdə düşmən qüvvələrin qarşısının alınması üçün Azərbaycan nümayəndələrinin öz hərbi gücünü artırmaq niyyəti, kömək məqsədi ilə Türkiyə, o zamankı Osmanlı dövlətinə müraciət etmələri, bu müraciətə müsbət cavab olaraq qardaş Türkiyə dövlətinin yeni yaradılmış Qafqaz İslam Ordusunu 1918-ci ilin may ayında Azərbaycan ərazisinə köməyə göndərməsi də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir. General Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu ilə birləşən, Nuru Paşanın rəhbərlik etdiyi həmin ordunun 1918-ci il iyunun əvvəllərində artıq 15 min əsgər və zabiti vardı və bu ordu qardaşlıq müstəvisində ümumi düşmənin darmadağın edilməsinə xidmət edirdi.
Qafqaz-İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi hadisələrin gedişini dəyişdi və bolşevik-daşnak işğalından qurtarmaq üçün ilk zəmin yaratdı
Daşnak-bolşevik qüvvələrinin Azərbaycan ərazilərinin bir hissəsini işğal edərək artıq Göyçaya qədər gəlib çatması çox böyük bir həyəcan təbili çalırdı. Azərbaycanın işğala məruz qaldığı bir məqamda Qafqaz İslam Ordusu hissələri Azərbaycana yetişir. Qafqaz-İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi isə hadisələrin gedişini tamamilə milli hökumətin xeyrinə dəyişdi, Azərbaycanın şərq hissəsi, o cümlədən Bakının bolşevik-daşnak işğalından azad edilməsi üçün ilk zəmin yaratdı. Bolşevik-daşnak birləşmələrini darmadağın edən Qafqaz İslam Ordusunun Bakı istiqamətində başlatdığı azadlıq yürüşündə növbəti şanlı qələbə iyul ayının 20-də mühüm strateji məntəqə olan Şamaxı şəhərinin azad edilməsi oldu.
Qafqaz İslam Ordusu qüvvələrinin Bakı ətrafında ciddi müqavimətə rast gəlməməsi və milli qüvvələrin Bakıya sürətlə yaxınlaşması şəhərin tezliklə süqut edəcəyinə bir inam yaradırdı. Döyüşlərdə yersiz itkilərə yol verməmək üçün iyulun 31-də Qafqaz İslam Ordusu adından Bakıya göndərilən nümayəndə heyəti şəhər təslim ediləcəyi təqdirdə ermənilərin oradan istədikləri yerə çıxıb getmələri üçün şərait yaradacaqlarına təminat verirdi. Ancaq Bakıdakı ermənilər və onların ətrafında toplaşanlar bütün ümidlərini ingilis qoşunlarının Bakıya gəlişinə bağlayır və vəziyyətin onların xeyrinə tamamilə dəyişəcəyinə ümid edirdilər deyə bununla razılaşmadılar və nəticə bunu deməyə əsas verir ki, bu dəfəki qırğınların da baiskarı özləri hesab olunur.
Bakının azad edilməsini Türkiyə də Azərbaycan qədər səbirsizliklə gözləyirdi
Türkiyə-Azərbaycan qardaşlığını, dini, mənəvi və tarixi bağlılığa təsdiq edən təkcə döyüş səhnələri deyil. O zaman Qafqaz İslam Ordusu döyüşçüləri arasında yayılmış, Türk əsgərinə ünvanlanmış bir müraciətnamənin məzmunu da bu bağlılığa layiqli sübutdur. Müraciətnamədə deyilirdi: “Türk ordusuna! Əgər siz bu sərvət və altun şəhərini zəbt etməsəniz, sevgili vətənimizə ən qiymətli bir hədiyyə etmək fürsətini qaçırmış olacaqsınız. Əgər siz yaşıl dənizin bu məşhur şəhərini zəbt etməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının qəlbinə saplanmış olacaq zəhri-xəncərin üzərinə: “Eyvah ki, türk bizə imdada gəlmədi” cümləsi yazılmış olacaqdır. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaqdır… Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr müsafirsiz qalacaq, sənin üçün tikilən əlbisəni düşmən geyəcəkdir. Sənin ayağına kəsiləcək qurbanlar düşmənə qalacaqdır. Əgər sən bu şəhəri almasan, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, mübarək İslam qanı qırmızı şərab kimi axacaqdır. Sənin zəfərin üçün duaya qalxan əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu sarı işıqlı altun şəhəri almasan, qadınlar saçlarını yolacaq, ağıllarını itirəcəklər. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq. Fəqət sən, ey türk əsgəri, ingilislərin gücünü kəndi zorunla Çanaqqalada qırdın. Ən böyük hərb gəmilərinin böyük güllələrinə aylarca doğuş gərdin. Kutulamaredə 14 minini əsir aldın. Türk adını böyüdən Çanaqqala, Kutulamare, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını! Vətəninə bir altun ərməğan apar!”.
Bakını əldə saxlamaq üçün müxtəlif qüvvələrdən kömək uman daşnak və bolşeviklər buna nail ola bilmədilər. Qafqaz İslam Ordusunun avqustun 5-dən Bakı üzərinə intensiv hücumları qarşısında dayana bilməyən Bolşevik-daşnak birləşmələri geri çəkilirdi. 1918-ci ilin sentyabrında yaranmış beynəlxalq vəziyyət Bakının tezliklə azad olunmasını zəruri edirdi. Bakının nəyin bahasına olursa-olsun azad olunması üçün ardıcıl iş aparılırdı. Güclü müqavimətə baxmayaraq, Qafqaz İslam Ordusu sentyabrın 15-də dörd mindən artıq əsgər və zabit şəhid vermək bahasına da olsa, Bakını düşmənlərdən azad etdi.
Azərbaycan xalqı Bakının azad edilməsini və bu şəhərin müstəqil Azərbaycan dövlətinin paytaxtına çevrilməsini səbirsizliklə gözləyirdi. Bakının azad edilməsi Azərbaycan xalqının ölüm-dirim məsələsi idi. İstanbulda olan M.Ə.Rəsulzadə xarici işlər naziri M.Hacınskiyə göndərdiyi məktubunda yazırdı: “Hansı yolla, nəyin bahasına olursa-olsun, Bakı tezliklə tutulmalıdır. Əks təqdirdə, baş vermiş fakt qarşısında çətin vəziyyətdə qalarıq. Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan!”.
Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun Bakını erməni-bolşevik işğalından azad etməsindən 100 il ötür və həmin gün Azərbaycan xalqının tarixində böyük dəyərə malik səhifə kimi əbədiləşib və daim xatırlanır. Bu şərəfli tarixi günü qeyd etdiyimiz zaman hər birimizin qəlbində Azərbaycan əsgərinin eyni sevinci, eyni fərəhi bizə yaşatması, Qarabağı erməni işğalından azad etməsi arzusu baş qaldırır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yaradılmış güclü ordumuzun buna nail olacağına da inanırıq. Müasir Azərbaycan ordusunun düşmən işğalındakı ərazilərimizi azad edəcəyinə, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə zərrə qədər şübhə ola bilməz. Ordumuz buna qadirdir və hər an düşməni məğlub etmək əzmindədir. İstər 2016-cı ilin aprel döyüşləri, istərsə də Naxçıvanda əldə edilən qələbələr Ordumuzun gücünü və döyüş əzmini göstərir və düşmən üzərində qələbəyə zərrə qədər şübhə yeri qoymur.