Azərbaycan Dövlət Aqrar Universitetində "Gəncənin Səsi" qəzetinin 90 illik yubileyi keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti Aparatının rəsmiləri, qəzetin kollektivi, jurnalistlər iştirak edib.
Qeyd olunub ki, ölkə mətbuatında öz dəsti-xətti olan "Gəncənin Səsi" qəzeti böyük tarixi yol keçib. 1920-ci ildən işıq üzü görən qəzet siyasi oyunların getdiyi çətin bir dövrdə fəaliyətə başlayıb. "Qırmızı Gəncə" adı ilə nəşr olunan qəzet ilk dövrlər rus imperyasının təzyiqlərinə 6 ay davam gətirə bilib. Bu müddət ərzində mətbu orqanın 30-a yaxın nömrəsi çıxsada imperya havadarları qəzetin ilk redaktorunu ölüm hökmü ilə cəzalandırıblar.
Ümumiyyətlə, "Gəncənin Səsi" qəzetinin adı 7 dəfə dəyişdirilib. Mətbu orqan 90 il ərzində Azərbaycan jurnalistikasına bir sıra tanınmış simalar bəxş edib. Bu gündə qəzet keçmiş ənənəsini yaşadaraq inkişaf edir.
Tədbirdə, həmçinin vurğulanıb ki, qədim şeir, sənət ocağı Gəncənin ilk mətbu orqanı olan "Gəncənin Səsi" qəzeti hər zaman olduğu kimi yenədə dövlətçilik prinsiplərinin qorunmasında öz işini davam etdirəcək.