Azərbaycanda bioloji müxtəlifliyin qorunması üçün bir sıra xüsusi tədbirlər həyata keçirilir. Ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi istiqamətində vacib tədbirlər görülür. Bu fikirləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə söyləyib.
O deyib ki, Azərbaycanda hazırda 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 yasaqlıq fəaliyyət göstərir. 2018-ci ilin sonuna qədər isə 10-cu milli park yaradılacaq. Artıq sənədləşmə işləri yekunlaşıb və hökumət qərarı gözlənilir. Yeni milli park Azərbaycanın cənubunda yerləşən Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq. Bu, çox vacib ekosistemdir və 100 min hektar sahəni əhatə etməklə Azərbaycanın ən böyük dənizkənarı milli parkı olacaq. Ərazisinin böyüklüyünə görə, bu, Azərbaycanda ikinci ən böyük milli park olacaq. Birinci yerdə isə Şahdağ Milli Parkıdır - 130 min hektar.
Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, Azərbaycanda ilk biosfer qoruğunun Zaqatala-Balakən zonasında yaradılması işləri də aparılır. Bu işlərdə Almaniya İnkişaf Bankı Azərbaycana maliyyə dəstəyi göstərəcək. Sənədləşmə işləri bitib, layihənin icrasına başlanılacaq və 4 ilə bitəcək. Hazırda ölkənin 10,3 faizi xüsusi mühafizə olunan təbiət ərazisidir. Bu işlər başa çatandan sonra xüsusi mühafizə olunan təbiət əraziləri ümumi ölkə ərazisinin13 faizə qədərini təşkil edəcək ki, bu da Avropa göstəricilərindən yüksəkdir.