Beynəlxalq tədbirdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasəti ifşa olunub

8 Dekabr 2010 18:32 (UTC+04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Hüquqi maarifləndirmə sektorunun əməkdaşı Rəşid Rumzadə İtaliyanın Sanremo şəhərində Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən təşkil olunmuş "Hərbi münaqişələr, sülhməramlılıq missiyası, münaqişə obyektlərində iş" mövzusunda ixtisaslaşmış treninqdə iştirak edib. Ombudsman Aparatınını mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, beynəlxalq humanitar hüquqla bağlı seçilmiş mövzular əsasında keçirilmiş treninqdə həm hərbi, həm də mülki sahələri əhatə etməklə insan hüquqlarının müxtəlif aspektləri, həmçinin miqrasiya, qaçqınların hüquqlarına dair məsələlər müzakirə olunub.

Beynəlxalq treninqə müxtəlif ölkələrdən tanınmış hüquqşünas alimlər, nüfuzlu ali tədris müəssisələrinin, Durham, Frankfurt Viadrina, Tel-Əviv Universitetlərinin professor-müəllim heyəti, beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının təmsilçiləri qatılıblar. İxtisaslaşmış treninqdə seçilmiş mövzular üzrə qruplarda müzakirələr də keçirilib. Müzakirələrin yekunu olaraq ümumi şəkildə davam etdirilən təqdimatlarda R.Rumzadə çıxış edərək iştirakçıların diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzünə beynəlxalq hüquq normalarına zidd olan, insan hüquqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə müşayiət olunan erməni terroruna yönəldib. Qarabağ müharibəsinin dəhşətlərindən bəhs edən disklər əsasında təqdimatla çıxış edən aparatın əməkdaşı insan hüquqlarının, sülh və dözümlülük mədəniyyətinin geniş təbliğini nəzərdə tutan milli normativ-hüquqi aktlar, habelə səmərəli fəaliyyət göstərən, ölkəmizdə yeganə sülh təşkilatı olan Azərbaycan Sülh və İnkişaf Alyansı haqqında ətraflı məlumat verib.

O, Azərbaycan ombudsmanının sülh təşəbbüslərini və sülhməramlı mövqeyini qeyd edib, E.Süleymanovanın liderlərin, ekspertlərin, beynəlxalq təşkilatların təmsilçilərinin diqqətini daim münaqişələrin aradan qaldırılmasına, sülhün bərqərar olunması məsələlərinə yönəltdiyini, minilliyin əsas məqsədlərindən biri kimi, insan hüquqlarının təmin olunması üçün təşəbbüslər göstərilməsini, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarının, həmçinin BMT-nin müxtəlif qurumları tərəfindən verilmiş bəyanatların həyata keçirilməsini, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımızın azad olunması, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün dünya ictimaiyyəti tərəfindən dəstək verilməsini müvəkkilin tövsiyə etdiyini vurğulayıb.

Treninqdə beynəlxalq münaqişə zolaqlarında olan insanların, qaçqın və məcburi köçkünlərin, miqrantların hüquqlarının müdafiəsi, sülh danışıqlarının formaları, sülhməramlılıq missiyası, eləcə də beynəlxalq dəniz və hava hüququ ilə bağlı faydalı məlumatlar və biliklər əldə olunub. R.Rumzadə treninq müddətində beynəlxalq təşkilatların təmsilçiləri, o cümlədən beynəlxalq ekspertlərlə görüşmüş, həmin görüşlərdə insan hüquqlarının, sülh və dözümlülük mədəniyyətinin təbliği məsələləri ilə bağlı müzakirələr aparılıb. İxtisaslaşmış beynəlxalq treninq-kursun sonunda iştirakçılara imtahan xarakterli tapşırıqlar verilib və bu tapşırıqların öhdəsindən uğurla gəlmiş iştirakçılara sertifikatlar təqdim olunub.