Azərbaycanın dövlət və hökumət təmsilçilərindən ibarət nümayəndə heyəti Parisdə və Londonda bir sıra görüşlər keçiriblər
8 Dekabr 2010 18:31 (UTC+04:00)
Azərbaycanın dövlət və hökumət təmsilçilərindən ibarət nümayəndə heyəti Fransa və Böyük Britaniyada səfərdədir. "İrəli" İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, nümayəndə heyətində gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov, təhsil nazirinin müavini Elmar Qasımov, millət vəkili Ceyhun Osmanlı, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsində sektor müdiri Həsən Məmmədzadə, "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu"nun (ASAIF) sədri Orxan Əkbərov təmsil olunurlar.
Artıq Parisdə öz işini uğurla başa vuran heyət Londonda Royal Garden Hoteldə növbəti görüşünü keçirib. Görüşdə həmçinin Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov da iştirak edib. Gənclərin böyük marağına səbəb olmuş görüşlər uğurlu keçib. Görüşlər zamanı ASAIF-ın sədri Orxan Əkbərov təşkilatın təqdimatını da edib. Rəsmilər tələbələri düşündürən bütün sualları cavablandırıb, müasir Azərbaycanda insan kapitalının formlaşmasında tələbələrin rolu və dövlətin bu sahəyə sistemli, ardıcıl və artan qayğısından bəhs ediblər.