Mәhərrəm ayının dərs və ibrətləri TƏHLİL

10 Sentyabr 2018 17:50 (UTC+04:00)

Nə Allah, nə də onun Rəsulunun buyurmadığı, Quranda əsası olmayan adətlərə və ayinlərə son qoyulmalıdır

Lüğəti mənası “haram”, “qadağan edilən” olan Məhərrəm bir ay kimi bərəkət, bolluq, yaxşılıq, xeyir, fayda, əminamanlıq, barışıq və əhdləşmə simvoludur. Bu ayın ilk günləri təzə ilin başlanğıcı olduğundan, müsəlmanlar yeni ilin xeyirli və bərəkətli olması üçün dua edər, görüləcək yaxşı işlər niyyət edilib planlaşdırılar.
Hicri təqviminin ilk ayı olan Mәhәrrәm ayı dörd haram (müqәddәs) aylardan biridir. Qurani Kərimin Tövbə sürəsinin 36-cı ayəsində Allah təala buyurur ki, “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin”.

Mәhərrəm ayı, Peyğəmbərimizin Məkkədən Mədinəyə hicrət etməsi hadisəsindəki bir çox dərs və ibrətləri xatırladır. Bütün bunlar bizlərə Hicri təqviminin başlıca əhəmiyyətini anlamağa yardım edir. Həmçinin hicrət hadisәsinin, İslamın inkişafında mühüm bir addım olmasını yada salmaqda da fayda vardır. Tarix boyunca İslam, hicrətdәn faydalanıb və bir çox qitәlәrdә İslamın mövcud olması və inkişaf etmәsi, oraya hicrət edənlərin səyləri və Allah yolunda çalışanların səyləri sayəsində olub.

Allahı xatırlamaq üçün, onun göndərdiyi peyğəmbərlər vә keçmiş ümmətlərə dair müqəddəs Quranda olan hekayətlərindən ibrət almaq lazımdır. Peyğəmbərimizin vəfatından illər sonra Aşura gününə təsadüf edən faciədən, Kərbəla epizodundan qəhrəmanlıq dərslərini, səbr və mətanət nümayiş etdirməyi öyrənməliyik. Quranda əsası olmayan ağlaşma, zəncir vurmaq kimi bəzi adət-ənənələri davam etdirməkdən çәkinmәliyik. Çünki bunu nə Allah, nə də onun Rəsulu buyurmayıb.

Məhərrəm ayındakı hadisəni ya ifrat, ya da təfritə varanlar, onun dini və dünyəvi əhəmiyyətini zədələyir

Əzalara vurmaq, qan çıxarmaq, özünə zülm etmək və buna bәnzәr digәr hallar, nә peyğәmbәrimiz, nә onun әhli-beyti, nә dә digәr sәhabәlәr tәrәfindәn edilmәyib vә edilmәsi dә tövsiyyә olunmayıb. Biz müsәlmanlara düşәn, aşura gününün xeyir vә fәzilәtindәn faydalanmaq vә peyğәmbәrimizin keçirdiyi kimi bu günü faydalı şәkildә keçirmәyә çalışmaq olmalıdır. Bununla yanaşı, Peyğәmbәrimizin әziz nәvәsi Hüseynin zalımlar tәrәfindәn şәhid edilmәsi hadisәsinin dә bu mübarәk günә tәsadüf etmәsini xatırlamalı vә Allah yolunda canlarını fәda etmiş öndәrlәri xeyirlә anmalı, lakin dindә әsası olmayan, xurafat әmәl vә inanclardan da, pis adətlərdən, uydurma ayinlərdən də uzaq olmalıyıq.

Məhərrəm ayının Aşura günü Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseynin iman və İslam dininin saflığı uğrunda şəhid olduğu, babasının və atasının ucaltdığı etiqadı qoruduğu gündür. Bəziləri bu hadisəni ya ifrat, ya da təfritə vararaq, onun dini və dünyəvi əhəmiyyətini zədələyir. Hadisəni sırf matəmə çevirənlər unudurlar ki, İslam mövhumat deyil, elm və saleh əməl vəhdətidir. Bu vəhdətin qayəsini rəbbin bəyəndiyi əməllər uğrunda biganəlik yox, mübarizə təşkil edir. Təfritə varanlar isə, bu fəlsəfəni cılızlaşdıraraq, onun mahiyyətinə xələl gətirdiklərini belə dərk edə bilmirlər.

Məhərrəm ayının mərasimləri və ayinlərin tarixi

İslam uğrunda mücadilə niyyəti ilə 72 nəfərlik kiçik bir dəstə ilə Kufəyə yollanan İmam Hüseyn dəstəsi ilə birlikdə 680-ci il oktyabr ayında Mərəya düzündən, yəni indiki Kərbəladan keçəndə Yezidin göndərdiyi 4 min nəfərlik qoşun onları mühasirəyə alır. Məhərrəmlik ayının 10-cu günündə, məhz həmin yerdə məşhur Kərbəla hadisəsi baş verir. Kərbəla sözü belə sonradan bu hadisə ilə əlaqədar olaraq yaranır. Mənası isə “Kərb” yəni hüzn və “bəla” sözlərindən ibarətdir. Aşurada məhz bu hadisəyə, yəni imam Hüseynin öldürülməsinə yas saxlayırlar. Bu günü yas saxlayanlar bununla əlaqdar olaraq bəzi ayinlər icra edir və hətta yuyunmaq, sabundan istifadə etmək kimi qadağaların vacib olduğunu hesab edirlər. Bəs, bu qadağalar, bu adətlər haradan gəlir, hardan qaynaqlanır? Dinin tələbidir, yoxsa cahillikdir? İslam dini şəhidlərə yas saxlamağa, onlar üçün özünə zəncir vurmağa icazə verirmi?

Matəm mərasimləri, hətta Aşura günü ayin keçirmək belə heç də faciədən dərhal sonra yayılmayıb. Məhərrəm ayında matəm mərasimi ilk dəfə İraqda, Buveyhüllə oğulları tərəfindən saxlanılıb. Aşurə isə ilk dəfə rəsmən 963-cü ildə İranda keçirilib. Sonradan Şah Abbas dövründə (1571-1629) bu ənənə kifayət qədər geniş yayılıb. Səfəvilər vaxtında Məhərrəm ayının yas ovqatında keçirilməsi adət halını alıb. Aşuranın mərsiyələrlə keçirilməsi isə, XVIII əsrdən başlayıb. Belə ki, həmin əsrdə İranda Kərimxan Zəndin yanına bir avropalı gəlib, ona faciə janrından söhbət açıb. Bu söhbətdən təsirlənən Kərimxan əmr edib ki, Kərbəla faciəsi də mərsiyələrlə keçirilsin.

Ayinlər və adətlər İslamdan çox uzaq bir məfkurədir

Göründüyü kimi, bu ayinlər, bu adətlər İslamdan çox uzaq bir məfkurədir. Bu adətlərin dinimizin tələbi ilə bir sözlə heç bir əlaqəsi yoxdur. Əgər qadağalar həqiqətən də dinin tələbinə uyğundursa və Quranda öz əksini tapırsa, həmin qadağalara təkcə Məhərrəm ayında deyil hər zaman riayət etmək tələb olunur və yalnız bu ayda qadağaların tətbiqi dinə saxtakar baxışın göstəricisidir. Şəhidlərin xatirəsi İslamda əziz sayılır, onlar uca tutulur, amma zəncir vurmaq, qan çıxarmaq kimi adətlər İslam fəlsəfəsinə yaddır. Özünə zəncir vurmağın, əzaları incitməyin, qan çıxarmağın nə İmam Hüseyn üçün faydası var, nə də İmam Hüseyn kimi peyğəmbər tərbiyəsi görmüş şəxsiyyət heç vaxt belə bir addımı rəva görməzdi. Peyğəmbər tərbiyəsi görmüş adam özündən sonrakı insanların özlərinə belə ziyan vurmağını istəməzdi. Görünür, İrandan köçürülmə islam anlayışı indiyə qədər cəmiyyətə ancaq cəhalət və nadanlıq yayılması üçün əsas alatə çevrilib.

Məsələ burasındadır ki, bəzən Allah necə tələb edirsə deyil, insanlar necə istəyirsə elə də edirlər. Əzalara xəsarət yetirmək, vurmaq, saç yonmaq, qan çıxarmaq xoşlanmaz. Zülm etmək, qan tökmək İslam əxlaqına ziddir. İfrata varmaq belə müsəlman əqidəsinə uyğun deyil. Səbr etmək isə dinimizin ən vacib tövsiyyələrindəndir. Həzrət Cəbrayıl Peyğəmbərimizə nəvələri Həsən və Hüseyn barədə xəbər də vermişdi. Bütün İslam aləmi üçün nümunə olan Məhəmməd Peyğəmbər ilahi təqdirinə hansı münasibətdə idi? Belə olan halda insanların şəhidləri andıqları zaman ifrata varmasına, öz əzalarına xəsarət yetirməsina, zülm verməsinə, saç yonmasına, qan çıxarmasına nə ad qoymaq olar? Bu əməllərə dini don geyindirmək mümkünmüdür? Əksinə, bu ayinlərin, bu adətlərin dinin tələblərinə zidd olduğunu nəzərə alsaq həmin adətlərə, ayinlərə meyillilər nə qədər günah işlətdiklərinin fərqindədirlərmi? Heçmi çəkinmirlər və heçmi qorxmurlar belə ziddiyətə görə? Axı, Həşr surəsinin 7-ci ayəsində buyrulur ki, “Allah sizə nəyi gətirdisə onu alın. Sizi də nədən çəkindirirsə ondan çəkinin və ondan qorxun”.

İmanımızda həddini aşmaq belə yoxdur. Hüzn üçün olsa da həddi aşmaq bəyənilən deyil. Bir halda ki, həddi aşmaq olmaz, o halda əzalara xətər yetirmək, saç yonmaq, qan çıxarmaq necə məqbul hesab edilə bilər və bunun İslam əxlaqı ilə əlaqəsi ola bilərmi? Dahi Nizami Gəncəvinin dediyi kimi də ifadə etsək, “bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Bir çoxlarının İranın ideologiyasına qulluq etməkdənsə ən azından Nizami, Fizuli kimi dahilərə istinad etmələri daha xeyirlidir. Niyə biz mərsiyə yolu ilə getməliyik öz yolumuz, öz təfəkkürümüz ola-ola? Biz tariximizi, ədəbiyyatımızı tanımalı, bilməliyik. Bilməliyik ki, Fizuli də, Nizami də dini məqamlara daha dolğun, daha düz və daha qədid yanaşma ilə bizə daha yaxındır, nəinki İran ideologiyası. Bilməliyik ki, İran öz ideologiyasını məhərrəmliklə yerinə yetirmək niyyətindədir və bu ideologiya bizə yaxşı heç nə vəd etmir.

İbadətlə ayinlər və adətlər eyni deyil

Məhərrəm ayında, Aşura günündə İran ideologiyasını yeridən adətlərə, ayinlərə meyilli insanlar birmənalı şəkildə dərk etməlidirlər ki, ibadətlə ayinlər və adətlər eyni deyil. Ayinlərin icra edilməsi, adətlərə riayət olunması heç də ibadət deyil. İbadət Allahın əmrlərinə uyğun edilirsə, adət-ənənələri, ayinləri insanlar sonradan yaratdığı təqdirdə bunlar ibadətlərə aid ola bilməz. İmam Hüseyn üçün saxlanılan hüzn, deyilən mərsiyə, qan çıxarma ibadət deyil ayinlərdir. Bunlar İranın özündə belə eyni şəkildə keçirilmir. Türkiyədə də bir başqa cür keçirilir. Azərbaycanın daxilində belə bunlar tamamilə fərqlidir. Məhərrəmlik hadisələri Gəncədə, Lənkəranda, Bakıda necə yaşanır? Məsələn, Gəncədə şərbət verilirsə, Lənkəranda həmin gün evdən çıxılmaz. Bəzi yerlərdə yuyunmaq belə qadağa hesab olunur. Sual olunur, ibadət Quranda əmr olunur və hər ərazi üçün müxtəlif deyilsə, bu halda ərazi üzrə biri-digərindən fərqlənən həmin ayinlərə ibadət demək olarmı? Əgər bu ibadət deyilsə, onda həmin ayinlərin keçirilməsi nə dərəcədə vacibdir və buna nə kimi lüzum var?

Həmin mərasimlərə kimlərin gəldiyi də sirr deyil. Adətən darda qalan, sıxıntı içərisində olan, ehtiyaclı insanların bu mərasimdə olduğunun şahidiyik. Daha çox niyyətli insanların nəzir-niyaz etdiyini də müşahidə edirik. Həmin gün məscidə gedənlər bir sözlə nəzir-niyaz niyyətlidir. Halbuki, ibadət əhli məscidə ibadət niyyəti ilə ildə bir dəfə, 12 ayın cəmi bir ayı ərzində deyil, hər gün, ən azından hər cümə günü gedir. Bu da öz növbəsində təsdiq edir ki, Məhərrəmlik ayının, Aşura gününün mərasimləri ibadət hesab oluna bilməz və bunlar adətlər sırasındadır.

Əzalarına xəsarətlər yetirib qan çıxarılan xoşagəlməz mənzərə cəmiyyət tərəfindən müsbət qarşılanmır və normal hesab olunmur

Cəmiyyətin bu Məhərrəmlik və Aşura adətlərinə, keçirdiyi ayinlərə münasibəti də müsbət deyil. Küçə və meydanlarda, yaxud məscid qarşısında insanların öz əzalarına xəsarətlər yetirib qan çıxarması heç də xoşagələn mənzərə ola bilməz. Hamıya məlumdur ki, insanlardan peyğəmbərlər çox zülümlər görüblər. Qətlə yetirilən, zəhərləndirilən, müxtəlif yollarla cəza verilən peyğəmbərlərimiz haqqında bilgilər var. Amma peyğəmbərlər üçün nəzərdə tutulan ayinlər, Aşura misalında mərasimlər varmı? Yoxdur. Əcəba peyğəmbərlərin 3-cü və yaxud 4-cü nəsil nümayəndələri onların özlərindən daha çox anıla bilərmi? Bu düşüncə tərzi, bu əqidə İslam əqidəsi ola bilərmi? Yaxud cəmiyyət bu düşüncəni normal hesab edə bilməz.
Digər tərəfdən radikalizmə meyilli insanların bu müqəddəs ayda vəziyyətdən sui istifadə cəhdləri nəinki İslami baxımdan, ümumiyyətlə insanlıq, vətəndaşlıq normaları çərçivəsində də qəbuledilməzdir. Dövlət daxilində radikal əməllərə imza atan, yaxud belə bir niyyəti olan insan İslam məfkurəsinə sahib ola bilməz. Radikalizm meyilli insanların vətəndaşlıq məsuliyyəti sual altındadır. Ölkə daxilində radikal meyilli insanlar bir şeyi dərk etmək məcburiyyətindədirlər ki, dövlət olduğu zaman onlar vətəndaşdırlar, vətəni olmayanın vətəndaşlığı da ola bilməz.

Mühərrəm ayında dini ocaqlarda məclis keçirməklə məhdudlaşmaqdansa, elm və təhsil ocaqlarında – mədəniyyət sarayları, kitabxanalar, ali təhsil müəssisələri, muzeylər və sairə obyektlərdə də elmi-nəzəri konfranslar təşkil etmək, din xadimləri ilə görüş keçirmək yerinə düşərdi. Kütləvi informasiya vasitələrinin, televiziya və radionun, qəzet və jurnalların, internet saytlarının öhdəsinə daha böyük məsuliyyət düşür. Fanatizmin, radikalizmin qarşısının alınması üçün ziyalılar dini maarifçiliyi gücləndirməli, dinin təməl əsasları haqqında məlumatlar verilməlidir. Bildirilməlidir ki, din tarixində baş verən onlarla hadisə var və bunları dinin əsası kimi göstərənlər onun əsas yolundan uzaqlaşdırmaq niyyəti güdənlərdir.

Uca Allahın, bizlәri bu gözәl gündәn faydalanan bәndәlәrindәn etmәsini dilәyәrәk bol-bol dua etmәk isə, әn başlıca etmәli olduğumuz әmәllәr sırasındadır.