Məzahir Pənahov: “İnanıram ki, yeni seçilən deputatlar Azərbaycanın hüquqi dövlət kimi inkişafına töhfələr verəcəklər”
7 Dekabr 2010 21:46 (UTC+04:00)
"Builki parlament seçkilərində Yeni Azərbaycan Partiyası ilə birgə 10 siyasi partiya müstəqil şəkildə, 13 partiya isə 5 blok şəklində birləşməklə iştirak ediblər". SİA-nın verdiyi xəbərə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, parlament seçkilərində Milli Məclisin 125 yerinə 700-ə yaxın namizəd qeydə alınmışdı ki, həmin namizədlərə də bütün dairələr üzrə bərabər şərait yaradılmışdı.
"Bizim ən az namizədi olan dairələrdə 4, ən çox namizədi olan dairələrdə 12-14 namizəd qeydə alınmışdı. Bütün iddiaçı namizədlərə öz seçiciləri ilə görüşməsi, seçki qabağı platformasını həyata keçirməsi üçün geniş imkanlar yaradılmışdı. Bunun üçün lazımı addımlar atılmışdı. Seçki qabağı mühit demokratik idi. Beynəlxalq müşahidəçilərin seçkiyə olan marağı Azərbaycanda seçkilərin beynəlxalq standartlara nə qədər uyğun olduğunu nümayiş etdirdi. Seşkilərdə 1000-dən artıq beynəlxalq müşahidəçi var idi ki, buraya bütün Avropa qurumlarının nümayəndələri daxil idi. Parlament seçkilərinə Prezident İlham Əliyevin 3 sentyabr tarixli Sərəncamı ilə start verildi. Əvvəldə olduğu kimi bu dəfə də seçkilərin demokratik, ədalətli keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Ölkədə mükəmməl seçki məcəlləsi mövcuddur. Parlament seçkilərinin ədalətli keçirilməsi ölkə başçısının siyasi iradəsini nümayiş etdirdi. Bu fakt çox mühüm rol oynayır. Bütün sadalanan şəraitə, siyasi iradəyə görə, seçki prosesinin demokratik keçirilməsi üçün yaradılan şəraitə görə ölkə prezidentinə təşəkkür edirəm",- deyə o qeyd edib.
Çıxışı zamanı deputatları təbrik edən MSK sədri hazırki deputatların Azərbaycanın hüquqi dövlət kimi inkişafına töhfələr verəcəyinə inandığını dilə gətirib.