Rəşid Behbudovun doğum günü qeyri-adi şəkildə qeyd olunacaq
7 Dekabr 2010 08:15 (UTC+04:00)
Azərbaycanda ilk dəfə görkəmli müğənni, SSRİ xalq artisti Rəşid Behbudovun doğum günü qeyri-adi şəkildə qeyd olunacaq. Belə ki, xalq artistinin 95 illik yubileyi ilə əlaqədar Bakıda fleşmob təşkil olunacaq.
"FLASHMOB Azerbaijan [OFFICIAL]"dan SİA-ya verilən məlumata görə, tədbir dekabrın 14-ü baş tutacaq. Fleşmobda Rəşid Behbudovun sənətini sevən hər kəs iştirak edə bilər. Belə ki, paytaxtın mərkəzi məkanlarından birində eyni anda onlarla gənc Rəşid Behbudovun ən yaddaqalan mahnılarını ifa edəcək. Tədbirdə iştirak etmək üçün "FLASHMOB Azerbaijan [OFFICIAL]"-a müraciət etmək kifayətdir.
Məlumat üçün bildirək ki, görkəmli mədəniyyət xadimi Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Onu bütün SSRİ məkanında və dünyada tanıdan 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rol - Əsgər bəy rolunu ifa etməsi olub.