"Etibarlıq müddəti bitməmiş şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi zəruri deyil" RƏSMİ AÇIQLAMA - SƏS TV

1 Sentyabr 2018 11:36 (UTC+04:00)

"Bu gündən etibarən Azərbaycanda vətəndaşlara yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb. Etibarlılıq müddəti bitməyən şəxsiyyət vəsiqələrinin dəyişdirilməsinə ehtiyac yoxdur". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

O bildirib ki, şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, sənəd itirildikdə, vəsiqə korlandıqda, ad, soyad, ata adı dəyişdirildikdə yeni şəxsiyyət vəsiqələrinin alınması zəruridir:" Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün "ASAN" xidmət mərkəzlərində və Sumqayıt regional "ASAN" xidmət mərkəzlərində həyata keçirilir. Növbəti günlərdə regional "ASAN xidmət" mərkəzlərində yeni nümunəli şəxsiyyət vəsiqələrin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanacaq. Hazırda vətəndaşlar etibarlıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər. Bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil".

E.Niftəliyevin sözlərinə görə, 15 yaşı tamam olmuş vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur: "Belə ki, 10 gün müddətinə 5 manat, 3 gün müddətində 25 manat, bir gün müddətinə isə 35 manat təşkil edir. 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunur. Belə ki, 10 gün ərzində 4 manat, 3 iş günü müddətində 20 manat, 1 iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib".

Şöbə müdiri qeyd edib ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olacaq:"Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı - çip yerləşdiriləcək. Bütün parametrlərə cavab verən, saxtalaşdırılmanın qarşısının alındığı, məlumatların elektronlaşdırıldığı şəxsiyyət vəsiqələrinin çapı Daxili İşlər Nazirliyinin 10 regional mərkəzində və iki "ASAN xidmət" mərkəzində həyata keçiriləcək".

Qeyd edək ki, Azərbaycan vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli elektron şəxsiyyət vəsiqəsi avqustun 31-də Prezident İlham Əliyevə təqdim olunub.