Azərbaycan Dövlət Neft Şirkəti ilə BP-Azərbaycan arasında memorandum imzalanib

4 Dekabr 2010 20:52 (UTC+04:00)

ARDNŞ-nin Baş Ofisində Dövlət Neft Şirkətinin Geologiya və Geofizika İdarəsi və BP Exploration (Azərbaycan) şirkəti arasında "Texniki xidmətlərin göstərilməsinə dair Anlaşma Memorandumu" imzalanıb. SİA-nın Dövlət Neft Şirkətinin internet saytına istinadən verdiyi xəbərə görə, sənədi Dövlət Neft Şirkətinin Geologiya və Geofizika İdarəsinin rəisi Vaqif Abdullayev və BP Exploration (Azərbaycan) şirkətinin kəşfiyyat işləri üzrə vitse-prezidenti Qreq Rayli imzalayıblar. Memorandumda tərəflərin gələcəkdə kəşfiyyat, seysmik məlumatların emalı, geoloji-geofiziki xəritələrin hazırlanması və digər texniki xidmətlərin göstərilməsi məqsədi ilə ümumi müqavilə imzalamaq niyyəti əks olunur.

 

Mərasimdə çıxış edən ARDNŞ-nin I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, BP şirkəti Azərbaycanda fəaliyyətə başladığı gündən böyük layihələrdə əsas iştirakçılardan biridir. BP-nin sifarişləri əsasında geoloqlar Xəzər dənizinin Azərbaycan sektorundakı bir sıra yataq və strukturlarda geoloji və geofiziki kəşfiyyat aparıb, layihələr hazırlayıb və yekun nəticələr əldə edilib. X.Yusifzadə gələcəkdə də BP ilə qarşılıqlı işbirliyinin davam edəcəyinə və əməkdaşlığın müsbət nəticələr verəcəyinə əminliyini bildirib.

 

BP Exploration (Azərbaycan) şirkətinin kəşfiyyat işləri üzrə vitse-prezidenti Qreq Rayli bir necə gün əvvəl Azərbaycanın neft-qaz tarixində mühüm hadisələrdən biri - Xəzər dənizində "Ümid" qaz yatağının açılması münasibətilə X.Yusifzadəni və ARDNŞ kollektivini təbrik edib və bunu Azərbaycan geoloqlarının gərgin əməyinin nəticəsi kimi qiymətləndirib.

 

Daha sonra BP-nin sifarişi əsasında hazırlanmış 4 layihənin təqdimat mərasimi kecirilib. Bildirilib ki, layihələr ARDNŞ-nin Geologiya və Geofizika İdarəsi, "Neftqazelmitədqiqatlayihə" İnstitutu, AMEA-nın Geologiya İnstitutunun əməkdaşları tərəfindən hazırlanıb. Layihələrdə Cənubi Xəzər çökəkliyində quyu məlumatlarının üzvi-kompleks tədqiqi, "Şahdəniz" və digər yataqlar arasındakı sahələr öyrənilib.