Tarixdə Makedoniyalı İsgəndər qədər heybətli hökmdar çox azdır, lakin bununla belə, onun harada dəfn olunduğu, məzarının harada yerləşdiyi bilinmir. Bu barədə qısa məlumatı sizlərə təqdim edirik.
Araşdırmaçı Robert Biançi hökmdarın məzarı ilə bağlı 1993 və 1995-ci illərdə iki məqalə yayımlayıb. Orada yazılıb ki, Makedoniyalı İsgəndər öldüyü zaman cəsədinin Fərat çayına atılmasını vəsiyyət edib. Bununla da meyit itəcək və hamı onun Amonla birlikdə cənnətə çəkildiyini düşünəcəkdi. Lakin ordu komandirləri onun cəsədini çaya atmaqdansa, basdırmağı seçiblər. Ehtimallara görə, hökmdarın məzarı üç dəfə yer dəyişib.
İsgəndər ilk dəfə Memfis şəhərində dəfn edilib. Daha sonra, eradan əvvəl III, yaxud IV əsrdə məzar İsgəndəriyyəyə aparılıb, oradan isə həmin şəhərdə başqa bir yerə köçürülüb. Axırıncı dəfə, 215-ci ildə Qədim Roma imperatorlarından biri onun qəbirini ziyarət edib və mövzu ilə bağlı tarixdə olan sonuncu fakt da budur.
Makedoniyalı İsgəndərin məzarının keçmiş əsrlərdə məhv edildiyi bildirilir. 1993-cü ildə Misir Qədim Əsərlər Yüksək Şurası İsgəndərin qəbirinin tapılması üçün 140 adda müxtəlif araşdırmalar aparıb, lakin onların heç biri nəticə verməyib.