“Türkiyədə baş verənləri narahatçılıqla izləyirik" RƏY-ÖZƏL

16 Avqust 2018 16:43 (UTC+04:00)

“Türk lirəsinin Amerika dollarına qarşı ucuzlaşması son günlərin hadisəsi deyil. Bunun kökləri, nəticələri bir neçə il öncəyə dayanır”. Bu fikirlərə SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə dövlətinin müstəqil siyasət aparması (istər Suriya, istərsə də İraqda məsələsində) dünyada, regionda nüfuzunun artması, iqtisadi gücünün artması, dünyada bir çox dövlətlərə haqlı olaraq dəstək verməsi, region dövlətləri ilə sıx əməkdaşlıq etməsinə qısqanclıqla yanaşılırdı: “Eləcə də Rusiya ilə münasibətlərin Türkiyə ilə yaxınlaşmasına qısqanclıqla yanaşılırdı. ABŞ düşünür ki, o Rusiyaya, İrana sanksiya tətbiq edirsə, Türkiyəyə, başqa dövlətlərə də sanksiya tətbiq edilməlidir. Amma Türkiyəyə çətin anlarında heç bir dəstək olmadı, əksinə daxilində çevrilişlərə cəhd oldu. Suriyadan gələn qaçqınları Türkiyə öz ölkəsinə yerləşdirdi və ona heç bir dəstək olmadı. Avropa Birliyində illərlə problemlər yaradıldı".

Hərbi ekspert bildirib ki, dünyada bu cür halların olması xüsusən müsəlman ölkələri içərisində Türkiyənin öndə olması, öncül mövqedən birini tutması və dünyanın ən əsas dövlətlərindən birinə çevrilməsi, dünyanın iyirmiliyinə, Avropanın altıncı dövləti olması Qərbi xüsusən Amerikanı narahat edirdi: "ABŞ Türkiyədə olan çevrilişə cəhddən sonra çevrilişi təşkil edən şəxsləri Türkiyəyə təhvil vermədi. Əslində hər şey gün kimi açıq-aydın ortadadır. Türkiyəyə ən birinci dəstək qardaş Azərbaycandan daha sonra Çindən, Qətərdən, Hollandiyadan gəldi.

Ümummilli Lider Heydər Əliyev həmişə bizi bir millət, iki dövlət adlandırıb. Siyasi diplomatik təzyiqlər, ardınca ölkədə cürbəcür çevrilişlərə cəhdin olunması, ölkə hakimiyyətini nüfuzdan salmaq, 15 iyul hadisələri və s. hamısı onu göstərir ki, Türkiyəyə müxtəlif vasitələrlə təzyiq etmək istədilər. Amma bunların heç biri baş tutmadı. Onlar indidə bu cür iqtisadi təzyiqə əl atıblar. Hətta Türkiyədə keçirilən prezident, parlament seçkilərinə belə müdaxilələr etdilər. Türkiyə artıq 80-cı illərin Türkiyəsi deyil".

Türkiyənin dünya güclərindən birinə çevrilməyə başladığını deyən E. Həsənli qeyd edib ki, qardaş ölkə bir çox dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətləirinə malikdir: "Türkiyə bizim strateji müttəfiqimizdir. Biz də bu məsələləri narahatçılıqla izləyirik. Onlar Çanaqqalanı unutmamalıdırlar. Başa düşməlidirlər ki, Türkiyə güclü dövlətdir. Belə oxşar təzyiqlər ayrı-ayrı zamanlarda Azərbaycana qarşı da olub. Bu yaxınlarda 5 dövlətin iştirakı ilə Xəzərin hüquqi statusuna dair Konvensiya imzalandı. Bu bizi çox sevindirir. Dağlıq Qarabağ məsələsinin həlli üçün ümidlər yaranıb. Yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq. Azərbaycan və Türkiyə ilə təzyiq dilində danışmaq olmaz”.