Sankt-Peterburqda “Rusiya Kuboku – 2018”in mərhələ yarışı - II Viktor Korçnoy Memorialı keçirilir. SİA-nın məlumatına görə, bu şahmat yarışı ənənəvi olaraq rəngarəng və dolğun proqram təqdim edən “Peterburq yayı” festivalı çərçivəsində təşkil edilir.
V.Korçnoy Memorialında starta 21 ölkədən 268 şahmatçı, o cümlədən 25 qrossmeyster çıxıb. Azərbaycan idmanının şərəfini qrossmeyster Ülvi Bacarani, habelə müvafiq olaraq beynəlxalq dərəcəli usta və FIDE ustası olan Atilla və Altay Eynullayev qardaşları qoruyurlar.
Artıq birinci tur geridə qalıb. Reytinq cədvəlindəki favoritlərin, demək olar, hamısı (119 şahmatçı), o cümlədən Ülvi Bacarani və Atilla Eynullayev bu turda qalib gəliblər, 30 şahmatçının, o cümlədən Altay Eynullayevin aktivində yarım xal var.
Turnirin ikinci turunun püşkatma mərasimi keçirilib. Bu turda Altay ağ fiqurlarla Rusiya təmsilçisi Saveli Qolubov, Ülvi qara fiqurlarla ukraynalı İqor Volkov, Atilla isə digər Rusiya təmsilçisi Vadim Çuqunovla qarşılaşacaqlar.