"Azərbaycan nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırdığımız layihələr bu gün bizə Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir. Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizi – bunlar iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir". Bunu Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlərin mətbuata bəyanatla çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Prezident bildirib ki, bu il İranla Rusiya arasında Şimal-Cənub dəhlizi üzrə yükdaşımaları 100 dəfədən çox artıb: "Azərbaycan ərazisində bu istiqamətdə bütün işlər başa çatıb və biz yük axınının artmasını gözləyirik. Eynilə, Azərbaycan Avropa və Asiya dəmir yollarını birləşdirən layihəni həyata keçirib və bu dəhlizlə də yük axınının xeyli artmasını gözləyirik. Bütün bunlar ölkələrimiz üçün əlavə imkanlardır. Bu, iqtisadi rifahdır, bu, ölkələrimizin dünya miqyaslı mühüm tranzit qovşağa çevrilməsidir.
Əlbəttə, bugünkü imzalanma mərasimi qarşımızda yeni perspektivlər açır. Biz əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir. Bütün Azərbaycan xalqı adından gələcəkdə ölkələrimizin hamısının uğurlu inkişafında böyük rol oynayacaq bu mühüm sənədi, nəhayət, imzaladığımız üçün böyük məmnunluğumu ifadə etmək istərdim".