Futbol üzrə Topaz Premyer Liqasında 2018/19 mövsümünün “Neftçi” ilə “Sumqayıt” arasındakı açılış oyunundan sonra keçiriln mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq matç haqda danışıb: “Qalib gəlsək də, istədiyimiz oyunu göstərə bilmədik. Oyunda üstün olmağımıza baxmayaraq, istədiyimizi edə bilmədik”.
- Anton Krivotsyuku mərkəz müdafiəçisi kimi oynatdınız. Ondan istədiyinizi ala bildiniz?
- Anton millidə mərkəz müdafiəçisi kimi oynayır. Hər iki mövqedə oynamağa layiq futbolçudu. Onun oyunundan razıyam, lakin sarı vərəqə almamalı idi.
- Oyun ərzində bir neçə dəfə Səlahət Ağayevə iradınızı bildirdiniz. Bu, nə ilə bağlı idi?
- Bütün oyunçulara etiraz edirəm. Çünki oyuna tez başlamalı idik. Xüsusən də rəqib azlıqda qalandan sonra etiraz edirdim. Səlahət son dəqiqələrdə oyunu ləngidirdi, biz isə üçüncü qolu vurmaq istəyirdik. Ümumilikdə, onun oyunundan razıyam.
- Müdafiədəki boşluqları necə doldurmağı planlaşdırırsınız?
- Bu məsələnin üzərində işləyirik. Düzdü, Ruslan Abışov bizim üçün ciddi itkidi. Ancaq onsuz oynamağa məcburuq.
- Çox qol vurmaq istədiyinizi desəniz də, ikinci hissənin əvvəlində müdafiəyə meyilli futbolçuları meydana buraxdınız. Hesabı qorumaq üçün belə addım atdınız?
- Zədəli oyunçumuz var idi. O dəyişiklik heç bir taktiki xarakter daşımırdı. Məcbur qaldıq və dəyişdik.