Teymur Rzayev: “Azərbaycanda doğulmağımla, azərbaycanlı olmağımla qürur duyuram”
Bu gün dünya ölkələrində 15 milyondan çox azərbaycanlı yaşayır. Onların bir hissəsi Cənubi Azərbaycandan və bir hissəsi də Şimali Azərbaycandan köçən həmvətələrimizdir. Bu həmvətənlərimizin çoxu diaspor təşkilatlarının ətrafında birləşərək Müstəqil Azərbaycan Respublikasında gedən uğurlu işlərə sevinir və burada baş verən problemlərdən qəmlənirlər. Cəmi 27 ildir ki, ikinci dəfə müstəqillik qazanan Azərbaycanda işlər doğrudan da yaxşı gedir. Məmləkətimiz yaxşı inkişaf edir. Bu ölkə özünün inkişafına görə keçmiş Sovetlər Birliyi ölkələri arasında ön sırada gedən respublikalardan biridir. Bu da çox təqdirəlayiqdir. Bu il Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyi təkcə doğma Vətəndə yox bir sıra xarici ölkələrdə də çox yaxşı qarşılandı. Həm də bu ilin Azərbaycanda "Cümhuriyyət ili" elan olunması ölkədən kənarda yaşayan azərbaycanlıları da çox sevindirdi. Biz, Türkiyədə yaşayan azərbaycanlılar da bundan fəxarət duyuruq. Onu da vurğulayım ki, təkcə Türkiyədə 3 milyondan çox azərbaycanlı yaşayır. Mən belə qərara gəlmişəm ki, həmin azərbaycanlılar, hansılar ki, canı-qanı ilə Vətənə bağlıdır, onlar haqqında portret yazıları yazıb, bu insanlarla Vətənimizdə olan həmvətənlərimizi də yaxından tanış edim. Həmin insanlardan biri də məşhur rəssam Teymur Rəsul oğlu Rzayevdir. O, bu gün Türkiyədə ən tanınan və sevilən soydaşlarımızdan biridir. Teymur müəllim həm də canı və qanı ilə Vətənə bağlı insandır. Onunla həmsöhbət oldum. İlk öncə onu vurğulayım ki, Teymur müəllim çox yüksək təfəkkürə, savada və böyük mədəniyyətə malik insandır. O, Türkiyədə Azərbaycanı yüksək səviyyədə təbliğ edir.
- Teymur müəllim, ilk öncə yaxşı olar ki, Azərbaycan oxuyucularına özünüz haqqında qısa məlumat verəsiz.
- Əvvəla, oxuculara atəşin salamımı yetirirəm. 15 iyul 1959-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşam. İlk təshilimi Xırdalan şəhər orta məktəbində almışam. Ondan sonra 1975-1979-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışam. 1979-81-ci illərdə ordu sıralarında xidmətdə olmuşam. 1982-ci ildə Azərbaycan Rəssamlıq Akademiyasının ilk fakültəsi həmin vaxtı Azərbaycan Dövlət İncəsənət İnstitutunda açıldı. Mən də rəssamlıq üzrə ali təhsil almaq üçün o vaxtı Lelinqrada, indiki Sankt-Peterburqa getməyi fikirləşirdim. Həm də Azərbaycan dövləti tərəfindən göndərişilə gedib orada oxumağı planlaşdırmışdım. Həmin vaxtı Azərbaycan Dövlət İncəsənət İnstitutunda kafedra müdiri olan, dəyərli ziyalı, yüksək bilikli insan, sənətşünaslıq namizədi, professor Məmmədağa Tərlanova müraciət etdim. O, mənə dedi ki, “Siz ora niyə gedirsiniz, burada biz Azərbaycan Rəssamlıq Akademiyası qururuq. Rəssamlıq Akademiyasının burada bütün fakültələrini açırıq”. Beləliklə, Azərbaycan Rəssamlıq Akademiyasının ilk təməli 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdində quruldu. Çünkü həmin vaxtı Azərbaycan Rəssamlıq Akademiyası yeni yarandığı üçün binası və yeri yox idi. Ona görə də ilk olaraq Dövlət İncəsənət İnstitutunun tərkibində açıldı. Təbii ki, həmin vaxtı elə Azərbaycan Dövlət İncəsənət İnstitutunun da imkanları məhdud idi. Belə qərara gəldilər ki, Dövlət İncəsənət İnstitutunun Bakının Yasamal qəsəbəsində, “Sevil” kinoteatrının yanındakı yataqxanasının üç mərtəbəsinin içərisindəki divarları söküb orada emalatxanalar qurdular. Beləliklə, Azərbaycan Rəssamlıq Akademiyasının proqramıyla qəbul olan tələbələr 1982-ci ilin oktyabr ayının 1-dən orada ilk dərsə başladılar. Azərbaycanın sənət tarixində əbədi yer almış əvəzolunmaz sənətkarlardan SSRİ Xalq rəssamı, akademik Mikayıl Abdullayev, Azərbaycanın Xalq rəssamı, professor Nadir Əbdurrəhmanov, Azərbaycanın Xalq rəssamı Böyükağa Mirzəzadə, Azərbaycanın Əməkdar rəssamı Fikrət Haşımov, Azərbaycanın Əməkdar rəssamı Faiq Ağayev, Azərbaycanın Əməkdar rəssamı Rəsul Hüseynov kimi tanınmış isimlər mənim müəllimlərim oldular. Bütün bu illərdə əldə etdiyim uğurlara görə onlara bir daha öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Onlar Akademiyada rəngkarlıq, heykəltəraşlıq, qrafika və sənətşünaslıq fakültələrində tələbələrə təhsil verməyə başladılar. Bu fakültələrdə yuxarıda adını çəkdiyim insanlardan başqa Azərbaycanın tanınmış böyük şəxsiyətləri də dərs deyirdi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Azərbaycanın Xalq rəssamı, heykəltaraş, akademik Ömər Eldarov, Azərbaycanın Xalq rəssamı, heykəltaraş Toqay Memmədov kimi çox böyük dəyərlərimizin bizlərin yetişməsində böyük zəhmətləri olub. Onlara da ayrıca minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdində yeni qurulmuş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fakültələri böyük uğurla fəaliyyətə başladı. Mən 6 illik rəngkarlıq fakültəsini 1988-ci ildə qırmızı diplomla (fərqlənmə) bitirdim. Məzun olduqdan sonra professor Mikayıl Abdullayevin bir daha adını minnətdarlıqla anıram. O, mənə fakültədə qalıb dərs deməyi və aspiranturada təhsilimi davam etdirməyimi təklif etdi. Əlbəttə, gəncliyin mənə verdiyi enerji ilə yaradıcılıqla daha çox məşqul olmaq istəyirdim. Fikirləşirdim ki, dərs demək hələ çox tezdir. Və təbii ki, bununla da həyatım, gələcək yaradıcılığım barəsində düşünmədən bir çox şeylərə laqeydlik göstərdim. Amma rəhmətlik Mikayıl Abdullayev hər dəfə məni görəndə deyirdi: “Oğlum sən gələcəyini yaxşı düşün və düzgün qurmağa çalış. Həyat bir andır. Bir də görəcəksən ki, hər şey keçib gedib, amma sən istədiklərinin çoxunu əldə eləyə bilməyibsən”. Əlbəttə, mən cavan olduğumdan bu sözlərə o qədər də diqqət vermirdim. İndi başa düşürəm ki, sevimli müəllimimin həmin sözlərinə fikir verməməkdə çox səhv etmişəm. Zaman keçdikcə bunu daha yaxşı dərk edirəm...
Sonra elə oldu ki, mən Amerika Birləşmiş Ştatlarına- Nyu -Yorka dəvət aldım. Orada Birləşmiş Millətlərin binasında sərgi açdım. Beləliklə, 1993-cü ilin may ayının 28-də ilk dəfə Azərbaycanın Birləşmiş Millətlərdəki təmsilcisi, çox maraqlı şəxsiyyət, dəyərli ziyalı Həsən Həsənovun başçılığı ilə Azərbaycanın üç rəssamının sərgisi açıldı və mən də həmin rəssamlardan biri oldum. Bununla da fəxarət duyuram.
- Artıq sizin işləriniz Amerikada çox maraqlı qurulurdu və həmin sərgidən sonra da orada sizin yaradıcılığınıza böyük maraq vardı. Bəs necə oldu ki, Teymur müəllim Türkiyəyə işləməyə gəldi?
-1992- 1993- cü illərdə Bakıda çox sıxıntılı zamanlar idi, komendant saatı elan edilmişdi. Biz üç rəssam Amerikaya getməyə hazırlaşırdıq. Həmin vaxtı mənə Bakıda yaşlı bir qadının portretini sifariş etdilər. Mən də o portreti çəkib sifarişçiyə təqdim etdim və sonra Amerikaya getdim. Mən Nyu-Yorkdan Bakıya portreti sifariş edənə zəng etdim və soruşdum nə var nə yox. Həmin adam da mənə dedi ki, ”Yaşlı qadın portreti” çəkmişdin o portretin çəkilməsini sifariş edən insan Bədrətdin Dalan səni İstanbula dəvət edir. Mən sonra öyrəndim ki, Bədrətdin Dalan İstanbulun Bələdiyyə Sədridir. Mən də Nyu- Yorkdakı təmaslarımı, sərgilərimi, işlərimi bitirdikdən sonra 1993-cü ilin avqust ayında Bakıya qayıtdım və oradan da bir həftə sonra İstanbula gəldim. İstanbula gəlib Bədrətdin Dalanla görüşəndən sonra mənim və ailəmin sonraki həyatı İstanbulla bağlandı...
- Hal-hazırda Türkiyədə harada işləyirsiniz?
- İstanbula gəlməyimin ardından hörmətli Bədrətdin Dalan öndərliyində qurulan İstək məktəblərində rəsm müəllimi kimi çalışmağa başladım. O vaxtı Yedditəpə Universiteti yox idi. 13 il orada rəsm müəllimi kimi çalışdım. Əlimdən gələni elədim ki, işimdən razı qalsınlar. 1996-cı ildə Yedditəpə Universiteti quruldu. 2006-cı ilindənYedditəpə Universitesinin Gözəl Sənətlər Fakültəsinə ketçim və bu günə qədər də orada çalışmağımı davam etdirirəm. Bu 12 ildə çoxlu tələbələr yetişdirmişəm. Uğurlarım çox olub.
- Türkiyədə yaşayan azərbaycanlılara münasibət necədir?
- Əlbəttə ki, ulu öndərimiz Heydər Əliyevin çox gözəl bir sözü var “Bir millət, iki dövlət”. Doğurdan da siyasi vəziyyət necə olursa olsun, hər hansı bir iqtidar hakimiyyətə gəlib və deyişə bilər, bu gün birisi olar, sabah başqası, heç önəmli deyil. Amma bir millət iki ayrı dövlətin içində olsa da tarixini, keçmişimi bilən və sahib çıxan biz bir Xalqıq. Onunçün də iqtidar kim olursa olsun bu qardaşlıq, sonsuza qədər davam edəcək. Əlbəttə ki, şəxsi vəziyyətlərdə dəyişikliklər ola bilər. Amma unutmaq olmaz ki, hər iki dövlət ayrıca bir hüquqi dövlətdir və hər dövlətin öz qanunları var. Ən sevindirici hal budur ki, indi Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin çox yaxşı münasibətləri var. Hər iki dövlətin də rəhbəri dünya ölklərinin sammitində hər iki ölkəni müdafiə edirlər. Bütün ökləri də bu ölkələri sevməyə, onun qanunlarına hörmətlə yanaşmağa təhrik edirlər. Bir də ki, hansı ölkədən gəlirsənsə gəl, yaşadığın ölkənin qanunlarına riayət etməlisən. Onun üçün o qanuna uyğun davranan vətəndaşlar heç bir çətinlik yaşamırlar. Qanunlara uyğun davranmayan insanlar üçün həmin ölkədə yaşamaq çətin olur. Qanunlara uyğun davranan hər kəs o ölkəyə hörmət göstərmiş sayılır və eyni zamanda da bu qardaşlıq birliyinin gözəl bir şəklini ortaya qoymuş olur. Yəni münasibət əslində belədir.
- Sizcə Türkiyə və Azərbaycan dostluğu hər iki millətə nə verir?
- Əlbəttə, əminəm ki, keçmiş əsrlərdən, tarix boyu eyni millət olaraq davam etmişik və bundan sonra da bu tarixi qardaşlıq davam edəcək. Bu əlbəttə ki, həm qardaşlıq mənasında həm də mədəni və inkişaf mənada çox böyük rol oynayır. Eyni zamanda sənətin inkişafında hər iki millətin bir-birlərinə dəstəkləri çox vacibdir. Həqiqətən də bu gələcək nəslin bir-birindən öyrənməyə çox ehtiyacı var. Bu gün də bunun təməlini atmaqçün həm Türkiyə tərəfi və həm də Azərbaycan tərəfi olaraq əlimizdən gələni etməyə çalışırıq. Şükür ki, həm Türkiyədə və həm də Azərbaycanda hamı bunu yaxşı başa düşür. Tez-tez Azərbaycan alimləri, ədəbiyyat, incəsənət və idman işçiləri Türkiyəyə gəlir və Türkiyənin də həm alimləri, ədəbiyyat, incəsənət, idman sahəsində çalışan insanları Azərbaycanda olub, görüşlər, konsertlər, yarışlar keçirirlər. Bütün bunlar da dostluğun körpüsünü bir az da möhkəmlədir. Öklə başçılarımız bir-birinə qardaş deyirlər. Bundan da böyük sevinc ola bilərmi?
- Türkiyədəki hansı sənət adamları ilə işbirliyi qurulur?
-Türkiyənin Mimar Sinan Universiteti ilə Azərbaycan Rəssamlıq Akademiyası böyük əməkdaşlıq aparırlar. Bunların eyni zamanda bir-birilə təshil sahəsində də əməkdaşlıq müqavilələri dəvam edir. Bir də fərdi olaraq, Azərbaycandan çox rəssam, heykəltaraş Türkiyədə sərgi açırlar. Türkiyədə çox böyük heykəllər qoyurlar, çox böyük işlər görürlər. Həqiqətən də Azərbaycan sənətçiləri saymaqla bitməyən şəkildə inanılmaz dərəcədə böyük işlərə imza atırlar. Hətta Türkiyədən də Azərbaycan Rəssamlıq Akademiyasında təhsil alan tələbələr var. Türkiyədən gedən rəssamların Azərbaycanın çeşidli qalereyalarında bu günə qədər bir çox gözəl sərgilər açılıb. Əlbəttə, bunu daha da geniş platformda daha da genişlətmək lazımdır. Hətta 3-4 ay bundan qabaq Azərbaycan Rəssamlıq Akademiyasında Türk rəssamlarının bir sərgisi açılmışdı. Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasınun 100 illiyilə əlaqədar Azərbaycanda Rəssamlıq Akademiyasının qalereyasında Türk rəssamlarının əsərləri də bu sərgidə nümayiş etdirilirdi. Əlbəttə ki,Türkiyədə də bununla bağlı silsilə sərgilər açıldı. Onu da vurğulayım ki, İstanbulda və Türkiyənin başqa şəhərlərində azərbaycanlı rəssamların sərgilərini böyük rəğbətlə qarşılayırlar.
- Türkiyədə və Azərbaycanda sərgiləriniz təşkil olunubmu və ya hansısa sərgilərdə iştirak edirsinizmi?
- 1993-cü ildən bu yana çox sərgilərdə iştirak etmişəm. Ən son sərgimiz də Türkiyədə yaşayan azərbaycanlı rəssamların sərgisi oldu. Hətta bu il 28 may Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirləri İstanbul Maltəpə Bələdiyəsi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə keçirmişik. Həmin tədbirin bir hissəsi də azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi idi. Əlbəttə, bu sərginin içində heykəl və rəsm əsərləri sərgilənirdi. Bir az daha geriyə getsək Azərbaycanın Xalq Cumhuriyyətinin qurulmasında böyük xidmətləri olmuş və bugünkü üçrəngli Azərbaycan Dövlət Bayrağının layihəsini ortaya qoyan professor Əlibəy Hüseynzadənin oğlu, Türkiyənin məşhur rəssamı Səlim Turan və qızı Feyzavər Turanın da əsərləri bu sərgidə yer almaqdaydı. Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiylə əlaqədar olan bu sərgidə əlbəttə, keçmişdən bu günümüzə qədər bugünkü gənc ressamlarımız da daxil olmaqla 85 əsər orada sərgilənmişdi. Bu sərginin açılışında Azərbaycan Dövlətinin Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin birinci muavinin Valeh Hacıyev və millət vəkilləri də bu sərginin açılışında iştirak etdilər. Bu tədbirdə Azərbaycan Xalq Cumhuriyyəti qurucularının Türkiyədə yaşayan varisləri də iştirak edirdilər. Onlara bu tədbirdə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Fəxri Fərmanlar təqdim edildi. Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi və ulu öndər Heydər Əliyevin doğum gününün 95-ci ili ilə əlaqədar gözəl bir konfrans da keçirildi. Bir də çox gözəl konsert planlaşdırılmışdı. Amma o gün Filistindəki qətliyamla əlaqədar Türkiyədə 3 günlük yas elan edildiyi üçün o konserti keçirməmək məcburiyyətində qaldıq. Azərbaycan Xalq Cumhuriyyətinin 100 ili ərəfəsində Türkiyənin bu məsələyə böyük dəstəyini bir daha bu tədbirdə geniş formada görmüş olduq.
- Türkiyədə və Azərbaycandakı gənclərin sənətə, təhsilə və dünyaya baxışında hansı fərqlər var?
- Türkiyədə və Azərbaycandakı gənclərin sənətə, təhsilə və dünyaya baxışındaki fərq əslində yetişmə tərzinə görə dəyişir. Əlbəttə ki, dünyaya baxış yetişmə tərziylə bağlıdır. Yəni hansı mühitdə yetişiriksə dünyaya baxışımızda o yetişmə tərzindən yola çıxırıq. Bu o deməkdir ki, yetişmə ilk öncə ailə mühitiylə əlaqəlidi, eyni zamanda da ölkə mühiti və təhsili ilə də əlaqəlidir. Bunların hamısı bir yerə toplandığı vaxt bir fərdin yetişməsini ortaya qoyur. Bu fərdin yetişməsi eyni zamanda o mühit və dünyaya baxışdan, dünyayla inteqrasiya olmasıyla bağlıdır. Əlbəttə ki, son zamanlarda Azərbaycanda bu Cumhuriyyətin, müstəqilliyin yenidən təzahür edib həyatda, bugünkü gündə gənclərimizin dünyaya inteqrasiya olmasını təmin etməsi və azərbaycanlı gənclərin bir çox qisminin də gedib xarici ölkələrdə təhsil almaları bu işdə böyük rol oynayır. Bunun üçün onların dünyaya baxışları, görüşləri geniş olur. Bizim yetişdiyimiz zaman içində əlbəttə ki, Sovetler vaxtında aldığımız təhsil, onun üstünə yeni bir dünya baxışı əlavə elədiyimiz vaxt idi. İndi gələcək nəsillərin çoxu daha sağlam olacağına, üfüqlərinin daha da genişlənəcəyinə inanıram. Türkiyədə keçmişdən günümüzə gələn bir adət- ənənənin davamını davam etdirən bir gənclik, eyni zamanda da bu gəncliyin Avropayla, dünyanın çoxlu ölkələriylə inteqrasiya olaraq sənət, elm sahəsində də inkişaf edirlər. İnteqrasiya olmaq gələcək nəslin daha qlobal olacağına böyük inam deməkdir. İnanıram ki, hər iki ölkə əslində eyni xətt üstündə həmin addımlarla irəliləyəcədir. Məhz gənclərimiz dünyayla inteqrasiya olmaq üçün bu meyarları diqqətə alaraq hərəkət edəcəklər.
- Bu gün dünyada rəssamlıq sənəti necə inkişaf edir və bu sənət yolunda azərbaycanlıların hansı uğurları var?
- Əlbəttə, dünyada sənət anlayışı çox dəyişik istiqamətdə inkişaf edir. Keçmişdən günümüzə gələn ənənəvi dediyimiz daha dərin keçmişə sahib olan, rəssamlıq sənətinin davamı olan, günümüzdə bunu davam etdirən bir axın var. XVIII əsrin axırında XIX əsrin əvvəlində cərəyan edən yenilikçi zehniyyət bu gün daha dəyişik konseptual sənətlə irəliləməkdə davam edir. Əslində klassiklər və yenilikçilər bir-biriylə paralel irəlləyir və hər ikisi də bu günümüz üçün çox lazımlıdır. Çünkü bir-birlərini yüksəklərə çıxartmaq üçün bu rəqabətin olması sənətin inkişafında böyük bir rol oynayır.
- Teymur müəllim Azərbaycan üçün darıxırmı və doğma yurda qayıtmaq istəyirmi?
- Belə bir deyim var: “Qərib quşun Vətəni olmaz”. Mən inanmıram ki, elə bir azərbaycanlı olsun ki, başqa ölkədə yaşasın və həmin ölkə nə qədər doğma olsa da mütləq doğulduğu və bir vaxtlar yaxadığı ölkəni xatırlamasın. Eyni zamanda mən də belə düşünürəm. Abşeronun sahilində yaşamış, böyümüşəm. Abşeronun Novxanı ənciri var, üzümü var. Bunları dadan, bu mühitdə yetişmiş insan dünyanın harasına gedirsə getsin əlbəttə ki, Abşeronun o qızıl toprağını, havası unuda bilməz. Azərbaycanın bu günlərə tərəqqisi həqiqətən də iç dünyamın acısıdır. Mən qürur duyuram nə yaxşı ki, azərbaycanlıyam, nə yaxşı ki, Azərbaycanda doğulub böyümüşəm. Əlbəttə ki, məmləkətimizə xidmət yalnız Azerbaycanda olmaqla olmur. Azərbaycana ən böyük xidmət, xarici ölkələrdə yaşayan azərbaycanlıların vətənlərinin adını ucaltmalarıdır. Çünki Azərbaycan sadəcə içində özü -özünü təmsil etməklə, özü- özünü anlatmaqla deyil, xüsusilə Azərbaycanın müvəffəqiyyətlərini, Odlar diyarının bugünkü istiqbalının və hətta Azərbaycandaki sıxıntıların xaricdə daha çox anlatılır şəkilində olması üçün xaricdə yaşayan azərbaycanlıların böyük rolu var. Onun üçün xaricdə yaşamanın ən böyük şərəfli tərəfi Azərbaycanı o ölkədə layiqincə təmsil edə bilməkdir. Atalarımız da deyib ki, “ Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”. Amma ölməyə yox, yaşamağa da həqiqətən Vətən gözəldir.
- Yaradıcılıqla bağlı gələcək planlarınız necədir?
- Yaradıcılıq elə bir şeydi ki, onu planlamaq, planlaşdırmaq imkansızdı. Heç bir vaxt da planlaşdırdığın kimi yaradıcılıq olmur. Əslində yaradıcılıq nədir? Sənin içində yaşadığın duyğuları cəmiyyətlə birləşdirdiyin vaxt sən yaradıcılığını ifa etmiş olursan. Onunçün hər an insanın duyğuları deyişə bilər, hər an insan yeni bir düşüncə ilə yaratmaq istəyə bilər. Yaradıcılıq da gələcəyə planlı deyil, hər vaxt açıq olmaq lazımdır. Yaradıcılıqla məşğul olduğun müddətdə bu elə gələcəyi görmək deməkdi. Atdığın hər addım geləcəkdə bir addım daha çox irəliləmək deməkdir. Yaradıcılıq sifariş deyil, sənətçinin öz içindəki duyğularını tamamilə cəmiyyətlə paylaşması deməkdir. Belə olduqda yaradıcılıq daha gözəl və bütöv olur. Yaratdığın həmin əsər də tarixlər boyu yaşayır və onu yaradana böyük şöhrət gətirir.
Qərib QƏRİBLİ