“Azərxalça”nın filiallarında əlillər də işlə təmin edilib

9 Avqust 2018 16:39 (UTC+04:00)

Sağlamlıq imkanları məhdud insanları cəmiyyətin aktiv üzvlərinə çevirmək Azərbaycan kimi sosialyönümlü siyasət yürüdən, insan amilinə yüksək dəyər verən ölkələrdə qarşıya qoyulan əsas vəzifələrdəndir. Azərbaycanda sağlamlıq imkanları məhdud insanların problemlərinə həssaslıqla yanaşılır, onların qarşılaşdıqları çətinliklər dərhal aradan qaldırılır. Bu kateqoriyadan olan insanların işlə təmin edilməsinə də xüsusi fikir verilir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) də dövlətin bu sahədəki siyasətinə uyğun olaraq, sağlamlığı xalça toxumağa imkan verən belə insanları işlə təmin edib.

“Azərxalça” ASC-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, hazırda qurumun filiallarında 10 nəfər sağlamlıq imkanları məhdud toxucu çalışır. Sağlamlıq imkanlarının məhdudluğu onların gözəl xalçalar toxumasına mane olmur. Bu kateqoriyadan olan elə qadınlar var ki, sağlam insanlardan da yaxşı xalça toxuyurlar.

Onlardan biri də “Azərxalça”nın Tovuz filialında çalışan Sadəgül Məmmədovadır. Eşitmə qüsuru olan və danışa bilməyən Tovuzun Aşağı Quşçu kənd sakini, 24 yaşlı Sadəgül Məmmədova xalça toxumağı anasından öyrənib, sonra “Azərxalça” tərəfindən təşkil olunan kursda iştirak edərək toxuculuğun sirlərinə daha dərindən yiyələnib. Artıq 8 aydır ki, Tovuz filialında çalışan gənc toxucu bu müddət ərzində 5 xalça toxuyub.

İstedadlı toxucunun əl işləri indiyədək bir neçə dəfə sərgilərdə nümayiş etdirilib. O, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi ilə birgə təşkil etdiyi “Duyğularımın rəngi” adlı sərgidə, “İstedadlı əlillər” İctimai Birliyinin keçirdiyi sərgilərdə diplom və mükafatlara layiq görülüb.

Sadəgül Məmmədova Tovuzda fəaliyyət göstərən xalça istehsalı emalatxanasındakı işindən çox razıdır və buna görə dövlətimizə minnətdardır.

O, danışa bilmir, eşitmir, hislərini, demək istədiklərini xalçalara köçürür. Onun toxuduğu xalçalar sanki dil açıb danışır. Sağlamlıq imkanları məhdud olsa da, Ulu Tanrı ona istedad verib, tariximizi, mədəniyyətimizi yaşatmaq xoşbəxtliyi bəxş edib.

Azərbaycan dövlətinin qayğısı ilə özünə iş yeri tapan Sadəgül Məmmədova və onun kimi sağlamlıq imkanları məhdud minlərlə insan cəmiyyətimizin aktiv üzvünə çevrilir.