Hulusi Kılıç:“ “Wikileaks-də dərc olunan məlumatlar Azərbaycan-Türkiyə münasibətlərinə heç bir təsir göstərə bilməz”-MÖVQE

3 Dekabr 2010 00:04 (UTC+04:00)

" Wikileaks saytında dərc olunan məlumatlar Azərbaycan-Türkiyə münasibətlərinə heç bir təsir göstərə bilməz". SİA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç jurnalistlərə verdiyi açıqlamasında bildirib. O, qeyd edib ki, hazırda iki dövlət arasında tam sağlam münasibətlər mövcuddur: "Biz hansısa dedi-qodu, həmçinin mətbuat yolu ilə münasibətlərimizi qurmuruq. İki ölkə arasında tarixi qan bağlantıları var. Eyni zamanda Azərbaycan Türkiyəni hər zaman yanında görüb. 1918-də, 1991-də, bu gündə Türkiyə Azərbaycanın yanındadır. Bu cür sözlər təbii ki, münasibətlərə heç bir zərər verməyəcək".

 

Turqut Ərin yazdığı kitaba münasibət bildirən səfir kitab barədə məlumatları Azərbaycan mətbuatında gördüyünü deyib: "Ulu öndər Heydər Əliyev dünyanın qəbul etdiyi liderdir, dahidir. Ulu öndər barədə belə şeylər yazmaq heç kimin xeyrinə deyil. O baxımdan yazdıqları Turqut Ərin özünə aiddir. Türkiyədə 73 milyon insan var, o da həmin insanlardan biridir. Onun yazdıqları Türkiyənin rəsmi baxışları deyil. Türkiyədə hər kəs ulu öndərin etdiklərini təqdir edir, sovet dövründəki yüksəlişlərini bilir. Türkiyədə söz azadlığı var. Türk xalqı hər şeyin fərqindədir. Bu cür yazıların qarşısını almaq olarmı, bilmirəm. Mənə görə, bu çətindir. Türkiyədə mətbuat azaddır, baş naziri və prezidenti də tənqid edirlər".