Köçəryana qarşı siyasi təqib iddiaları artır ANALİZ-ŞƏRH

7 Avqust 2018 12:56 (UTC+04:00)

Paşinyan hökuməti avtoritarçılıqda ittiham olunur

Robert Köçəryanın həbsi ətrafında baş verən hadisələr get-gedə şişməkdə və siyasi partlayışa çevrilməkdədir. Belə ki, artıq onun həbsi ətrafında bir sıra siyasi təşkilatlar, fərdi siyasətlə məşğul olan şəxslər tərəfindən bəyanatlar səsləndirlib və səsləndirilməkdə davam edir. Görünən isə budur ki, Nikol Paşinyan hökumətinə qarşı avtoritarizm idarəçiliyi ittihamı irəli sürülür. Hər halda, Ermənistanda fəaliyyət göstərən bir sıra media resursları da bu barədə yazmağa başlayıblar.

“Bəlli olub ki, Robert Köçəryanın həbs qərarının dəyişdirilməsi üçün 3-ü Daşnaksyutun fraksiyasından olmaqla, 46 deputat, o cümlədən, Sarukyan blokundan 1 nəfər, yerdə qalanlar isə Respublika partiyasını təmsil etməklə, xahiş sənədi imzalayıblar”. SİA xəbər verir ki, bu barədə lragir.am saytının siyasi şərhlər bölümündə yazılıb. Qeyd olunur ki, Daşnaksyutun fraksiyasını təmsil edən deputatların yarısı faktiki olatraq, Köçəryanın həbs qərarının dəyişdirilməsi üçün sözügedən sənədə imza atıblar.

Daşnaksyutun Köçəryanın həbsi ilə bağlı iki dəfə bəyanat yayıb

Məlumatda həmçinin qeyd edilir ki, hazırkı vaxta qədər Daşnaksyutun Köçəryanın həbsi ilə bağlı iki dəfə bəyanat yayıb və həmin bəyanatda ona qarşı siyasi təqibin və təhdidin olduğuna eyham vurulub. “Robert Köçəryanın və bu sıradan olan digər yüksək rütbəli şəxslərin ünvanına irəli sürülmüş ittihamlar qanunvericiliyin pozulması və təqib təəssüratını yaradır”-deyə ikinci bəyanatda bildirilib.

Məhz bu bəyanat üzərində yazılan şərhdə qeyd olunur ki, Daşnaksyutun hər şeyə rəğmən, hökumət tərkibində qalmaqda davam edir və s.

“Lakin Köçəryana qarşı irəli sürülmüş ittiham və onun həbsi yavaş-yavaş siyasi müstəviyə daxil olur və 1 mart hadisələrinin atmosferi baxımından belə də olmalı idi”-şərhdə bildirilir.

Köhnə sistem Köçəryan ətrafında mobilizə olunur

Eyni zamanda o da qeyd olunur ki, artıq politoloqlar da öz analizlərində köhnə sistemin Köçəryan ətrafında mobilizə olduğunu deyirlər. Belə ki, bəzi məlumatlara görə, onun ətrafı informasiya resurslarını hüquqi müdafiə üzərində deyil, məhz siyasiləşdirmək üzərindən istifadə edirlər.

“Yeri gəlmişkən, Köçəryan həbsinə qədər siyasətə geri dönməsi ilə bağlı fikirləri istisna etmirdi, bəyan edirdi ki, ona qarşı aparılan kampaniya da bunun qarşısını almağa yönəlib”-şərhdə bildirilir.

Daşnaksyutunun şbaqatı

Son olaraq oda qeyd olunur ki, belə bir vəziyyətdə Respublika partiyası öz seçimini edib və onun başqa çıxış yolu da yoxdur. Daşnaksyutun isə bir ayağı ilə köhnə, digər ayağı iləsə yeni Ermənistanda qalmağa çalşır: “Yalnız açılmış şbaqat get-gedə daha da genişlənir və nə zamansa, Daşnaksyutunun ayaqlarının uzunluğu şbaqatın genişliyinə tab gətirməyə də bilər”.

Beləliklə, şərhdən də göründüyü kimi, Köçəryanın həbsi siyasiləşdirilir və Ermənistanın yeni kökumətinin “qanunpərəstlik” adı altında təqiblərlə məşğul olması reallığı ortaya çıxır. Hər iki halda – təqib olunanlar da, təqib edən Paşinyan hökuməti də çıxılmaz siyasi böhranda olduqlarını nümayiş etdirməkdədirlər.

Rövşən NURƏDDİNOĞLU