“WikiLeaks”ın saxta sənədləri nəyə hesablanıb?

2 Dekabr 2010 04:39 (UTC+04:00)

"WikiLeaks" saytında yerləşdirilmiş məlumatların məzmunu geniş müzakirə mövzusuna çevrilib, lakin bu məlumatların necə əldə edilməsi və ya meydana çıxması məsələsi diqqətdən kənarda qalıb. ABŞ rəsmiləri bu məsələnin tədqiq olunacağı haqqında bəyanatlar verib, bu ölkənin Ədliyyə Nazirliyi isə təhqiqata başlayıb.

Ekspertlər hesab edir ki, ABŞ diplomatik missiyasının gizli diplomatik teleqramlarının nəşri diplomatik qalmaqal yaratmaq məqsədi güdür. "WikiLeaks"-ın İraq müharibəsi ilə bağlı açıqladığı ilk informasiyaların ABŞ ordusunun analitik bölməsinin əməkdaşı Bredli Meninq tərəfindən sayta ötürüldüyü iddia edilir. Lakin sonrakı hadisələr bu məsələdə daha önəmli məqamların olduğunu üzə çıxarır.

Diplomatik sənədlərin hansı yolla əldə edilməsi, "WikiLeaks"a necə ötürülməsi, bu saytın əsl sahiblərinin kimliyi qaranlıq olaraq qalır. Dünyada baş verən mühüm ictimai-siyasi, iqtisadi və hərbi proseslər fonunda bu hadisənin analizi belə deməyə əsas verir ki, "WikiLeaks"-ın məlumatları, əslində "idarə olunan psevdo-xəbər" xarakteri daşıyır və nüfuzlu qüvvələr arasında informasiya müharibəsinin bir hissəsidir.

Məlumdur ki, İosif Stalin Sovetlər Birliyi Teleqraf Agentliyinin tərəfindən yayılan rəqiblərinin çıxışlarına müxtəlif ifşaedici əlavələr edirdi. Eyni zamanda, Sovet kəşfiyyatçısı Rudolf Abel ABŞ-ın "Nyu-York Tayms" və "Sayntifik Ameriken" qəzetlərində dərc olunmuş materiallarından topladığı və casus məlumatları ilə tamamladığı radioqramları xatırlamaq yerinə düşərdi. Şüurlu, məqsədyönlü şəkildə belə məlumatların ictimailəşdirilməsi, sonrakı mərhələdə isə bu hadisənin "məxfi diplomatik məlumatların qanunsuz yolla əldə edilməsi və ötürülməsi" adı ilə pərdələnməsi və bu təəssüratı möhkəmlətmək üçün geniş piar-kampaniya təşkil edilməsi, "şokedici təfsilatlar" fonu yaratmaq ssenarisi heç də istisna edilmir.

Təəccüb doğuran "WikiLeaks"-ın mənbə izlərinin və informasiya təmin edicilərinin aşkar edilməməsidir. İndiyə qədər bir dənə də olsun inandırıcı versiya irəli sürülməyib ki, bu saytın əsl sahibi kimdir və onda bu qədər informasiya haradandır. Dərc olunmuş məlumatların məxfilik dərəcəsi nəzərə alındıqda, mənbənin aşkar edilməsi o qədər də çətin olmamalıdır.

2005-ci ildə Corc Buş Administrasiyasının yüksək vəzifəli əməkdaşı tərəfindən agent Valeri Pleym haqqında məlumat "Nyu-York Tayms"ın jurnalisti Cudit Millerə ötürüləndən sonra bütün ədliyyə sistemi hərəkətə keçdi, C.Miller həbs olundu və Buş Administrasiyasının əməkdaşı Luis Libbi öz adını açıqlamaq məcburiyyətində qaldı. 2010-cu ildə ABŞ-da Rusiyanın 10-dan artıq agenti ifşa edildi. Bu ifşaedici prosesləri davam etmək olar.

Bütün bunlardan sonra artıq bir neçə ildir ki, ABŞ kimi fövqəldövlətin "WikiLeaks"-ın əlində "aciz qalması" inandırıcı görünmür və bu prosesin məqsədyönlü şəkildə idarə edildiyi ehtimalına inamı artırır. Digər mühüm məsələlərlə yanaşı, ATƏT-in Astana sammiti ərəfəsində bu qalmaqala start verilməsi maraq doğurmaya bilməz. Xüsusilə sammit çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar keçiriləcək görüşdə dövlət başçıları arasında etimadsızlıq mühitinin formalaşdırılmasına xidmət edən məlumatlar diqqəti cəlb edir.

"WikiLeaks"-ın açıqladığı sənədlər arasında Azərbaycana aid məqamlarda ABŞ diplomatik missiyası əməkdaşlarının ölkəmizdəki proseslərə dair sitatları daha çox yerli dövri mətbuatdakı dedi-qoduları xatırladır. ABŞ Dövlət katibi Hillari Klintonun məlumatların etibarlılığı ilə bağlı etirafı əhəmiyyətli diplomatik sənədlərin hazırlanmasında iştirak edən bir sıra insanların həqiqi adekvat qavramasını və peşəkarlığını şübhə altına qoyur.

Yazışmaların müəllifləri faktları əks etdirməkdən daha çox onları şərh edir, həqiqəti təhrif edir və regional aktorları bir-birinə qarşı qoymağa çalışırlar. Dedi-qodulardan və əsaslandırılmamış məlumatlardan bəzi məqsədlər üçün istifadə regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə, ikitərəfli münasibətlərə, dövlət başçıları arasında səmimi əlaqələrə böyük zərbə vura bilər. Bu məlumatlar hissə-hissə ötürülərək, önəmli sülh prosesləri ərəfəsində regional münasibətlərin formatını dəyişməyə və ayrı-ayrı önəmli şəxslər haqqında yalan və böhtan xarakterli informasiyaların yayılmasına xidmət edir. Şübhə yoxdur ki, "WikiLeaks" tərəfindən ötürülmüş məlumatların obyekti olan dövlətlərin ABŞ-la münasibətlərdə əvvəlki inamı bərpa etməsi zaman tələb edəcək.

Azərbaycan Prezidentinin fikirlərini yalan və böhtan xarakterli sözlərlə bəzəyərək həqiqət kimi təqdim edilməsi, bununla da Azərbaycanı bir sıra mühüm regional aktorlarla qarşı-qarşıya qoymaq cəhdi bəzi qüvvələrin kifayət qədər həssas regionumuzda sabitliyi pozmaq məqsədindən irəli gəlir. Azərbaycan həmişə region dövlətləri ilə mehriban qonşuluq siyasəti yürüdüb, açıq və şəffaf siyasi kurs nümayiş etdirib. Söz yox ki, Azərbaycan Prezidentinə aid edilən bütün bəyanatlar təhrikedicidir və həqiqəti əks etdirmir. Qonşu dövlətlərin daxili siyasət məsələlərini müzakirə etmək Azərbaycan hakimiyyətinin gündəmində olmayıb və bundan sonra da olmayacaq. Azərbaycan Prezidenti həmişə milli maraqlardan irəli gələn fikirlər açıq-aydın ifadə edib. Azərbaycanın xarici siyasəti ardıcıl, davamlı, məntiqli və səmimidir. O üzdən də bu cür saxta sənədlərlə bəzi qüvvələr əsl məqsədlərinə nail ola bilməyəcəklər.

Son məlumata görə, saytın yaradıcısı haqda beynəlxalq axtarış elan olunub. Yəqin ki, yaxın vaxtda bu qlobal quldur dəstəsinin əsl mahiyyəti ortaya çıxacaq.