Mətbəx üçün vacib əşya olan soyuducu qidaların uzun müddət təzə qalmasını təmin edir. Soyuducu qidaların ömrünü uzadır, xəstəlik riskini azaldır. Ancaq hər qidanı soyuducuya qoymaq da doğru deyil. Bəzi qidaları soyuducuya qoymaq bu qidaların dadının qaçmasına səbəb ola bilər. Sizə soyuducuya qoymadan da saxlayabiləcəyiniz qidaları təqdim edirik:
Bal
Balın turşu bazalı quruluşa malik olması və sıx şəkər tərkibi xarab olmasına səbəb olan mikroorqanizmlərin törəməsinə mane olur. Bu səbəbdən də bal quru və qaranlıq bir yerdə otaq temperaturunda saxlanıla bilər. Balı soyuducuya qoymaq isə kristallaşmasına səbəb olur.
Qəhvə
Qəhvə süngər kimi soyuducuda olan bütün pis qoxunu üzərinə çəkər. Bu halda isə dadı və ətri itər. Üyüdülmüş qəhvə və qəhvə dənələri hava keçirməyən şüşə qabda, sərin, quru, işıq düşməyən yerlərdə saxlanmalıdır. Beləcə, təzəliyini və ətrini qoruyar. Qəhvənin üyüdülməmiş tam qəhvə dənəsini isə dərhal istifadə edəcəksinizsə, buzxanaya qoya bilərsiniz. Hava almayan qablarda 1 ay müddətində buzxanada saxlaya bilərsiniz.
Zeytun yağı
Soyuducuya qoyulan zeytun yağı kərə yağı kimi daha sərt bir quruluş alar. Bu zaman isə istifadəsi çətinləşər. Zeytun yağı sərin və qaranlıq yerdə saxlanmalı, soyuducuya qoyulmamalıdır.
Soğan
Soğan sərin, quru və yaxşı hava olan yerdə saxlanılmalıdır. Uzun müddət saxlanması üçün havayla təmas etməlidir. Buna görə plastik paketlərdən mütləq çıxarmalısınız. Qabığını soyduğunuz, kəsdiyiniz soğan qurumağa və nəmini itirməyə başlayır. Kəsilmiş, soyulmuş soğanları soyuducuda saxlamalısınız.
Kartof
Kartofu soyuducuda saxlamaq nişasta quruluşunun pozulmasına səbəb olar. Bu zaman isə ləzzəti itər. Aldığınız kartofları sellofandan çıxarıb karton və ya kağız paketdə havalı yerdə saxlaya bilərsiniz. Kartof sərin, quru və qaranlıq yerlərdə saxlanmalıdır. Kartofları yuyaraq saxlasanız, daha asan xarab olar.
Sarımsaq
Sarımsağı soyuducuda saxlamayın. Sarımsaq quru və qaranlıq yerlərdə saxlanmalıdır.
Pomidor
Kəsilməmiş pomidor soyuducunun soyuq atmosferində təzəliyini itirərək yumşalır. Uzun müddət qaldıqda isə pomidor da kəpəklənməyə başlayır. Bu səbəbdən də pomidorları az-az alın və alan kimi yeyin.
Qarpız-yemiş
Kəsilməmiş yemiş və qarpızı otaq istiliyində saxlayaraq, tərkibindəki likopen və beta-karoten maddələrini daha yaxşı mühafizə etmiş olarsınız. Ancaq dilimlənmiş yemiş və qarpızı mütləq bükərək, soyuducuda saxlamaq lazımdır.
Ərik, banan, kivi, şaftalı, qara gavalı, manqo və avokado
Bu meyvələr yetişənə qədər otaq temperaturunda saxlanmalıdır. Beləcə, qida dəyərlərini qorumuş olarlar. Yetişməmiş meyvələrin soyuducuya qoyulması yetişmə müddətini uzadacaq. Yetişmiş bananı soyuducuya qoymaq isə bananın daha tez qaralmasına səbəb olacaq.
Kahı
Kahı soyuducuda daha sürətli şəkildə solar. Eyni zamanda, digər qoxuları özünə çəkər. Ən yaxşı saxlama forması bir stəkan suyun içində otaq istiliyində saxlamaqdır. Əgər kahını uzun müddət saxlamaq istəyirsinizsə, quruda bilərsiniz.
Şokolad
Şokolad soyuducuda saxlansa, içərisindəki yağ donaraq şokoladın üzərini örtər, xarici görünüşü və dadı itər. Şokoladın ideal saxlanma temperaturu 20° C, yəni otaq istiliyidir. Sərin və rütubətsiz mühitlərdə saxlanmalıdır.