Cənub bölgəsində HİV-ə yoluxanların 60 faizi narkomanlardır

2 Dekabr 2010 00:56 (UTC+04:00)

Son 11 il ərzində cənub bölgəsində QİÇS xəstələrinin sayı 432-yə çatıb. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 362 olub. Bu barədə məlumatı SİA-nın cənub bürosuna Lənkəran regional HİV diaqonostika laboratoriyasının müdiri Rəmiəli İbişov bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxanların əksəriyyətini Lənkəran sakinləri təşkil edir. Belə ki, indiyə kimi Lənkəranda 214, Astara rayonunda 98, Masallı rayonunda 80, Cəlilabad rayonunda 30, Lerik rayonunda 6 və Yardımlı rayonunda 4 yoluxma qeydə alınıb. Yoluxanların 19 faizə yaxınını qadınlar təşkil edir. Bu qorxunc xəstəliyə yoluxanların 80 faizi şəhər əhalisidir.

R. İbişov onu da bildirib ki, indiyə kimi bölgə üzrə laboratoriyaya müayinə üçün 10 mindən çox qan nümunəsi verilib. 70 nümunədə HİV daşıyıcısı aşkar edilib. Yeni yoluxanların 27-i Lənkəran, 20-i Astara, 14-ü Masallı, 8-i Cəlilabad 1-i isə Yardımlı sakini olub. Bu il ərzində Lerik sakinlərində virus daşıyıcısı aşkar edilməyib.

Yoluxanlar arasında bu il Lənkəran rayonunda 6 ölüm hadsəsi qeydə alınıb. Ümumilikdə isə, indiyə kimi Lənkəran rayonunda QİÇS-ə yoluxanların 43 nəfəri dünyasını dəyişib. HİV laboratoriyası rəsmisinin sözlərinə görə, bu xəstəlik ən çox inyekson narkomanlar arasında geniş yayılıb.Bu tip xəstələr 60 faiz təşkil edir.Yoluxanların əksəriyyəti 30-50 yaş arasında olanlardır. R.İbişov risk qruplu əhalinin vaxtaşırı müayinəsinin zəruriliyini bildirib.Həmçinin o qeyd edib ki, nigaha girməmişdən qabaq təzə evlənənlərin müayinədən keçməsi məqsədəuyğun olardı.