“2018/2019-cu tədris ili üzrə III ixtisas qrupu imtahanından 200-dən yüksək bal toplayan abituriyentlər “Jurnalistika” fakültəsinə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.
“Qabiliyyət imtahanı üçün qeydiyyat iyul ayının 29-dan başlayacaq”
O bildirib ki, “Jurnalistika” fakültəsinə qabiliyyət imtahanı üçün qeydiyyat iyul ayının 29-dan başlayaraq avqust ayının 1-dək davam edəcək: “Jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. Sözügedən fakültəyə qabiliyyət imtahanı avqustun 6-da keçiriləcək”.
“İmtahan komissiyasının tərkibi Dövlət İmtahan Mərkəzi və Mətbuat Şurası ilə birgə tərtib olunur”
İmtahana müəllim və jurnalistlərin dəvət olunduğunu deyən mətbuat xidmətinin rəhbəri söyləyib ki, qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazısının biri müəllim, biri jurnalistlər tərəfindən yoxlanılır: “Abituriyentlər tərəfindən yazılan iş həm mətbuat nümayəndəsi, həm də filoloq tərəfindən yoxlanılır. Komissiyanın tərkibi Dövlət İmtahan Mərkəzi və Mətbuat Şurası ilə birgə tərtib olunur. Belə ki, DİM imtahanla bağlı əvvəlcədən Mətbuat Şurasına müraciət edir və şura da öz növbəsində imtahan komissiyasında təmsil olunacaq jurnalistlərin adlarını bizə göndərir. İmtahanlarda filoloqların iştirakı mütləqdir. Çünki, imtahanın elə qaydaları var ki, ona dil-ədəbiyyat müəllimi qiymət verməlidir”.
2014-cü ildən tətbiq edilən qabiliyyət imtahanı bu sahəyə hansı dəyişiklikləri gətirib? Nəticələr qaneedicidirmi?
“İmtahanının ölkənin tanınan jurnalistləri tərəfindən aparılması daha məqbuldur”
İmtahanlarda komissiya üzvü kimi iştirak edən “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, “Jurnalistika” fakültəsinə qabiliyyət imtahanının ölkənin tanınan jurnalistləri tərəfindən aparılması daha məqbuldur: “Çünki, bu imtahanlarda iştirak edən abituriyentlərlə şifahi söhbətdə əsasən “Jurnalistika” sahəsinin praktik tərəfləri sual obyektinə çevrilir. Bir neçə il ardıcıl olaraq “Jurnalistika” fakültəsinə qabiliyyət imtahanlarında iştirak etmişəm. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu imtahanın əsasən jurnalistlər tərəfindən aparılması daha düzgündür. Bununla mən imtahanların birmənalı şəkildə jurnalistlərin monopoliyasına daxil edilməsini demək istəmirəm. Lakin imtahan komissiyasında üstünlük filoloqlara deyil, peşəkar jurnalistlərə verilsə, daha yaxşı olar”.
“İmtahanlarla məqbul nəticələr əldə edə bilərik”
İştirak etdiyi imtahanları diqqətlə izlədiyini deyən baş redaktor söyləyib ki, “Jurnalistika” ixtisasına qabiliyyət imtahanları texnologiya cəhətdən tələbatlara tam cavab verir: “Həm yazılı mətnlərin seçilməsi, həm abituriyentlərə dövlətimizin, cəmiyyətimizin həyatına aid olan maraqlı məsələlərlə əlaqədar sualların qoyulması əhatəli olmaqla yanaşı, tələblərə cavab verir. Bu baxımdan düşünürəm ki, hazırkı formada qabiliyyət imtahanlarının aparılması ilə məqbul nəticələr əldə edə bilərik”.
“Hazırda keçirilən qabiliyyət imtahanları qaneedici deyil”
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli isə deyib ki, hazırda keçirilən qabiliyyət imtahanları qaneedici deyil : “Çünki, aşağı bal toplayan abituriyentlər müsabiqə balını üstünə gələrək fakültəyə daxil olduqları üçün, “Jurnalistika” fakültəsinə daxil olanların əksəriyyəti savadsız olur. Bu baxımdan qabiliyyət imtahanının hazırkı formatı məni qane etmir. Aşağı bal yığan abituriyentlər jurnalistikaya gəldiyi üçün onların ümumi dünyagörüşü, bilik səviyyəsi bizi təmin etmir. Bu hal narahatlıq yaradır. Jurnalistika fakültəsində dərs deyən bir müəllim kimi bunun şahidiyəm. İstərdim ki, qaydaların üzərində yenidən işlənsin, yeni qaydalar müəyyənləşdirilsin”.
“Qabiliyyət imtahanı qəbul imtahanlarından əvvələ keçirilsin”
Kafedra müdiri qeyd edib ki, “Jurnalistika” fakültəsinə qabiliyyət imtahanı qəbul imtahanlarından əvvələ keçirilsə daha yaxşı olar: “Yadınızdadırsa, 6-7 il bundan öncə “Jurnalistika” fakültəsinə qəbul balı “Hüquq” fakültəsini də ötüb keçirdi. Lakin hazırda demək olar ki, ən aşağı bal yığan abituriyentlər “Jurnalistika” fakültəsinə gəlir”.
“İmtahanların şərtlərində dəyişiklik etməyə ehtiyac var”
Ötən il BDU-nun “Jurnalistika” fakültəsinə 90 abituriyentin qəbul olunduğunu deyən C.Məmmədli söyləyib ki, onların içərisində yalnız 10-15 nəfəri savadlıdır: “Qabiliyyət imtahanlarının təkmilləşdirilməsinə ehtiyac var. Çünki, imtahanlar zamanı yazılan esse hər şeyi həll etmir. Abituriyentlərin dünya görüşünü ətraflı şəkildə yoxlamaq üçün qabiliyyət imtahanlarının şərtlərində də dəyişiklik etməyə ehtiyac var. Bunun Mətbuat Şurası ilə BDU-nun birgə müzakirə etməsi mümkündür”.
Kafedra müdiri əlavə edib ki, hazırkı qabiliyyət imtahanları ilə peşəkar jurnalistlərin yetişdirilməsi mümkün deyil: “Xammal çox zəif olduğundan, peşəkarlar yetişdirmək çətindir”.
Məlumat üçün nəzərinizə çatdıraq ki, “Jurnalistika” fakültəsinə qabiliyyət imtahanı zamanı abituriyentlər təqdim olunmuş mövzu üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir. İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. İnşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir.
Yazı işi bır sıra meyarlar nəzərə alınmaqla "məqbul" və ya "qeyri-məqbul" ilə qiymətləndiriləcək. "Qeyri-məqbul" qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, 6 və daha çox dil və nitq səhvi olan yazılara verilir.
Yazı işi qiymətləndirilən zaman aşağıdakı meyarlar nəzərə alınır:
• verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə materialı, əsas fakt və hadisələri bilmə;
• abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;
• çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;
• yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;
• yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına tam riayət etməklə tərtib olunması.
Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri "sıfır" balla qiymətləndiriləcək. İnşa yazı (esse) 2-4 səhifə (ən azı 400 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (200 sözdən) az həcmdə yazılmış inşalar da "0" balla qiymətləndirilir.