“Deyilən söz yadigardır” V Respublika bədii qiraət müsabiqəsi sabah başlayır - FOTO

1 Dekabr 2010 03:42 (UTC+04:00)
Rəsul Rzanın 100 illiyinə həsr olunan "Deyilən söz yadigardır" V Respublika bədii qiraət müsabiqəsi sabahdan öz işinə başlayır. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva məlumat verilib.

Müsabiqənin seçim və final turları dekabrın 1-dən 3-nə kimi Göyçay rayonunun Heydər Əliyev Mərkəzində keçiriləcək. Müsabiqə Azərbaycan söz xəzinəsinin nadir incilərindən olan şeir, mənsur şeir, nəsr yaradıcılığının geniş təbliği, bədii qiraət ifaçılarının yeni, gənc nəslinin üzə çıxarılması, mədəniyyət ocaqlarında bu işin daha da canlandırılması, aydın tələffüzü olan, səlis danışıq tərzinə malik gənclərin aşkarlanması və yetişdirilməsi məqsədilə həyata keçiriləcək.

Müsabiqədə 18 yaşından 30 yaşına qədər hər bir şəxs (dövlət teatrlarında çalışan aktyorlar, şəhər və rayon mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları və dram dərnəkləri kollektivlərinin üzvləri) iştirak edə bilər.

Fərdi şəkildə iştirak etmək istəyənlər yaşadıqları ərazidə, rayon (şəhər) mədəniyyət müəssisələrinin rəhbərlərinə müraciət etməlidir. Ümumrespublika müsabiqəsi iki tur üzrə – I tur, seçim turu (2 gün) və final (1 gün) keçirilir. Qalibləri müəyyən etmək üçün münsiflər heyəti yaradılıb.

Münsiflər heyəti mükafatları təntənəli mərasimdə təqdim ediləcək. Müsabiqə qalibləri I mükafat – 500 manat, I dərəcəli diplom və laureat adı, II mükafat – 300 manat, II dərəcəli diplom və laureat adı, III mükafat – 250 manat, III dərəcəli diplom və laureat adı, eyni zamanda hər biri 100 manat məbləğində olan 3 həvəsləndirici mükafatla təltif olunacaqlar.