Ermənistan ordusu dağılır, Sarkisyan isə müharibənin başlanmaması üçün Moskvaya yalvarır - TƏHLİL

30 Noyabr 2010 22:40 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, dünya mətbuatı başıpozuq Ermənistanın dağılıb-itən ordusu haqqında dəfələrlə məqalələr dərc edib. Yazılan məqalələrdə deyilirdi ki, erməni gənclər hər vəchlə orduda xidmət etməkdən boyun qaçırır, müxtəlif bəhanələrlə aradan çıxmağa çalışırlar. Ermənistan ordusunda baş verən hadisələr - "dedovşina", yüksək rütbəli zabitlərin özbaşınalıqları, intihar hallarının getdikcə artması, orduda nizam-intizamın olmaması, əsgərlərin öz yoldaşlarını qətlə yetiməsi gənclərin ordudan yayınmasına səbəb olur. Eyni zamanda, daxili siyasətdə antidemokratik rejim, korrupsiya, yoxsulluq, sosial ədalətsizlik, xarici siyasətdə isə qonşularla illər boyu davam edən gərgin münasibətlər artıq bu ölkənin əsas vizit kartına çevrilib. Ümumiyyətlə, Ermənistan heç zaman tam müstəqil olmayıb, daima böyük dövlətlərin əlində alətə çevrilib. Müasir dövrümüzdə onun tarix səhnəsindəki yerini və statusunu məhz bu cür müəyyən etmək olar: XX əsrin əvvəllərində "Vilson Ermənistanı", əsrin ortalarında "sovet Ermənistanı", əsrin sonlarında və yeni əsrin ilk onilliyində isə "forpost Ermənistan".

Ümumiyyətlə, Cənubi Qafqazda forpost dövlət statusundan uzağa gedə bilməyən Ermənistan bütün sahələrdə, o cümlədən hərbi sahədə həyata keçirdiyi yarıtmaz, səriştəsiz siyasət nəticəsində həm daxili problemlər məngənəsində sıxılaraq yoxsul əhalisinin narazılığı zəminində sosial partlayış həddinə çatıb, həm də yerləşdiyi bölgədə militarist-avantürist siyasət yeritməsi nəticəsində əksər yaxın qonşularının və böyük dövlətlərin etibarını itirib. Ermənistanın adı daima beynəlxalq təşkilatların, dünyanın aparıcı ölkələrinin hesabatlarında korrupsiyanın geniş vüsət aldığı, iqtisadi inkişaf tempinin ildən-ilə azaldığı, yoxsulluq həddinin sürətlə artdığı ölkələr sırasında hallanır. Bu ölkə öz siyasi iradəsinin, suverenliyinin və müstəqilliyinin güzəştə gedilməsi bahasına diaspordan və xarici dövlətlərdən aldığı ianələri demokratiyanın inkişafına, iqtisadi islahatların aparılmasına sərf etmək əvəzinə işğalçı ordusunun güclənməsinə və silah alınmasına sərf edir. Bu vəsaitin hamısı orduya sərf edilsə idi, yəqin ki, 43.000 nəfərlik erməni ordusu bölgədə ən güclü silahlı qüvvələrdən biri olmalı idi. Lakin məsələn, bu yaxınlarda dünya mətbuatı tarixdə görünməmiş biabırçı hadisə - ER müdafiə naziri Seyran Ohanyanın Yerevanda striptiz klub açması barədə geniş məqalələr dərc etdi. Görünür, Qarabağ müharibəsinin "qəhrəmanı" olması ilə öyünən çolaq nazirin zəkası və əxlaqı da onun fiziki qüsuru ilə vəhdət təşkil edir və bu, haram yollarla əldə etdiyi pulları başqa bir biznes sahəsinə yatırmağa imkan verməyib...

Xatırladaq ki, ötən gün Ermənistan İnsan Hüquqları və Demokratiya İnstitutunun (İHDİ) ofisində "Sardarabat" hərəkatının təşəbbüsü ilə Ermənistan parlamentinin milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komissiyasının "Son vaxtlarda Ermənistan silahlı qüvvələrində baş vermiş insidentlər" mövzusuna həsr edilmiş iclası olub. "Armenia Today" saytı xəbər verir ki, iclasda çıxış edən "Sardarabat" hərəkatının üzvü Tiqran Xzmalyan diqqəti noyabrın 19-da Ermənistan silahlı qüvvələrində hərbi qulluqçuların həlak olması ilə nəticələnmiş fövqəladə insidentə cəlb edib. Tiqran Xzmalyanın sözlərinə görə, bu cür insidentlər ölkənin hakim rejiminin idarəetmə sisteminə əsaslanan orduda hökm sürən şəxsiyyətlərarası münasibətlərin nəticəsidir.

O bildirib ki, Ermənistan ordusu imkansız ailələrdən olan uşaqlar hesabına genişlənir və cəmiyyətdə mövcud olan psixoloji, ictimai və sinfi prosesləri əks etdirir.

İclas iştirakçıları orduda yaranmış vəziyyəti qiymətləndirərək qeyd ediblər ki, ordu rəhbərliyinin vəziyyəti yaxşılaşdırmaq üçün lazımi iradəsi yoxdur, zabit heyətinin peşəkar vərdişlərinin səviyyəsi aşağı, insani keyfiyyətləri qeyri-qənaətbəxşdir.

Onların sözlərinə görə, ordu sistemi indiyə qədər Ermənistan cəmiyyəti üçün qapalı sistemdir, burada real ictimai kömək və nəzarət yoxdur, ordunun ali komandanlığı korrupsiyaya qurşanıb, kiçik zabit heyəti ilə ordunun rəhbər heyəti arasında münasibətlərdə sosial ədalətsizlik hökm sürür. Orduda kriminal aləmə xas olan anlayışlar hökm sürür, hərbi qulluqçular arasında münasibətlərin əsasını da bu anlayışlar təşkil edir. Ermənistan ordusu lap əvvəldən düzgün olmayan dəyərlər və idarəetmə sistemi əsasında yaradılıb.

Bütün bu faktlar isə onu göstərir ki, bu gün Ermənistan çıxılmaz vəziyyətdədir. Görünür WikiLeaks-in məlumatı da müəyyən mənada həqiqətə uyğun gəlir. Qeyd edək ki, bu günlərdə qalmaqallı materiallar dərc etmiş WikiLeaks saytında Ermənistanla bağlı maraqlı məqamlara rast gəlinir. Rusiya mətbuatı yazır ki, sayt Ermənistan prezidenti Serj Sarkisyanın rusiyalı həmkarı Dmitri Medvedevlə oktyabrın 27-də keçirdiyi görüşün təfərrüatlarını açıqlayıb. Məlumata görə, o, Ermənistan ordusunun pis vəziyyətdə olmasından Medvedevə şikayət edib. Sarkisyan ordudakı bu acınacaqlı durumu yenidən silahlanma üçün vəsaitin çatışmaması ilə izah edib. Sarkisyanın sözlərinə görə, sərəncamında olduğu şəxslər oğurluqla məşğuldur.

Prezident erməni gənclərin ordudan yayınmaq üçün əlindən gələni etdiyini, ölkədən qaçmağa çalışdığını da söyləyib. O, etiraf edib ki, Ermənistan son vaxtlar orduda yüzdən artıq insanını itirib, onların əksəriyyəti cəbhə xəttində deyil, hərbçilər arasındakı toqquşmalar və intiharlar nəticəsində ölüblər.
Sarkisyan Medvedevdən Dağlıq Qarabağda müharibənin bərpasına mane olmaq üçün əlindən gələni etməsini istəyib.

Bir sözlə, bu gün Ermənistan ordusu dağılır, Sarkisyan isə müharibənin başlamaması üçün Moskvaya yalvarır...